Toyuq qıtlığı deyilir, amma…
Son vaxtlar ərzaq məhsullarının qiymətində artımın olması ilə bağlı əhali arasında narazılıqlar səslənir. Xüsusilə ətin qiymətinin bahalaşdığı, bunun fonunda toyuq ətinə tələbatın artdığı və bəzi satış məntəqələrində toyuq məhsullarında qıtlıq yarandığı bildirilir.
Bəs qiymət artımı nə dərəcədə realdır? Hansı ərzaq məhsullarının qiyməti son həftələrdə yüksəlib, hansılar isə əvvəlki qiymətini qoruyub?
Musavat.com əməkdaşı ənənəvi “10 manatlıq səbət” rubrikamız çərçivəsində böyük marketlərdən birində monitorinq apararaq, avqustun 24-də qeydə aldığımız qiymətlərlə oktyabrın 1-dəki qiymətləri müqayisə edib.
Qeyd edək ki, əhali mal ətini əsasən marketlərdən deyil, qəssablardan alır. Buna görə də marketlərdəki qiymətlərlə qəssabxanalarda satılan məhsulların qiymətləri arasında fərq ola bilər. Xüsusilə ət məhsullarında son dövrdə hiss olunan bahalaşmanın daha çox qəssabların satışında özünü göstərdiyi bildirilir. Bizim monitorinqimiz isə konkret olaraq market rəflərindəki qiymətləri əhatə edir.
Beləliklə, avqustun 24-dən oktyabrın 1-dək hansı məhsulların qiymətində dəyişiklik baş verdiyinə nəzər salaq. (Avqustun 24 –də olan qiymətləri buradan izləyə bilərsiniz: https://musavat.com/news/erzaqlarin-bugunku-qiymeti-10-manatliq-sebet-de-yeni-rubrika-fotolar_1284213.html)
Onu da qeyd edək ki, bəzi məhsullar bu gün market rəfində olmadığı üçün onların yeni qiyməti qeyd edilməyib.
Kərə yağında nəzərəçarpan bahalaşma
Müşahidələrimiz göstərir ki, ən ciddi qiymət dəyişiklikləri kərə yağlarında müşahidə olunur. Avqustun 24-də 1 kiloqramı 20,99 manata satılan “New Zealand” kərə yağının qiyməti oktyabrın 1-də 24,55 manata yüksəlib. Beləliklə, məhsulun qiyməti 3 manat 56 qəpik artıb.
“Anchor” kərə yağının 1 kiloqramı avqustun 24-də 22,95 manat olduğu halda, hazırda 25,90 manata satılır. Burada da 2 manat 95 qəpiklik artım qeydə alınıb.
“Best Cow” kərə yağının qiyməti də yüksəlib. Avqustun 24-də 21,99 manat olan 1 kiloqram məhsulun hazırkı qiyməti 24,99 manatdır. Fərq 3 manat təşkil edir.
Bununla yanaşı, bütün kərə yağlarında bahalaşma qeydə alınmayıb.
“Azərsüd”ün 1 kiloqramlıq kərə yağı avqustun 24-də də 23,55 manat, oktyabrın 1-də də 23,55 manatdır.
“Slavyanskoye maslo”nun qiyməti də dəyişməyib – hər iki monitorinqdə 19,80 manat olub. “Pınar” kərə yağının 1 kiloqramı da 42,85 manat səviyyəsində qalıb.
Yumurta qiymətlərində ciddi dəyişiklik yoxdur
Yumurta qiymətlərində isə əsasən sabitlik müşahidə olunur. Ağ yumurtanın 10 ədədi avqustun 24-də 2,55 manat olduğu kimi, oktyabrın 1-də də 2,55 manatdır. Kənd yumurtasının 10 ədədinin qiyməti də dəyişməyib – 3,35 manat. 15 ədədlik kənd yumurtasının qiymətində isə cüzi artım var. Avqustun 24-də 5 manata satılan məhsul hazırda 5,20 manatdır. 15 ədədlik ağ yumurtada isə hazırda müxtəlif qiymətlərə rast gəlinir.

Marketdə Hacıqabul məhsulunun endirimli qiyməti 2,55 manat, “Fermer” məhsulunun qiyməti isə 4,30 manatdır. Buna görə bu məhsul üzrə müqayisə apararkən endirim və marka fərqini də nəzərə almaq lazımdır.

Çörəkdə qiymət dəyişməyib
Ənənəvi səbətimizdə yer alan çörək məhsullarının qiymətində isə avqustun 24-dən oktyabrın 1-dək dəyişiklik qeydə alınmayıb.
“Çörəkçi” baton kəpəkli, 400 qramlıq məhsul əvvəl də 1,15 manat, hazırda da 1,15 manatdır. “Çörəkçi” kömbə çovdarın 700 qramlıq qablaşdırması da hər iki monitorinqdə 1,25 manata satılıb.

Bitki yağlarında da artım var
Bitki yağlarında isə bəzi məhsulların qiymətinin yüksəldiyi görünür. “Zolotoe Solnışko” günəbaxan yağının 1 litri avqustun 24-də 4,19 manat olduğu halda, oktyabrın 1-də 5,06 manata yüksəlib. Bu, 87 qəpiklik artım deməkdir.
“Final” günəbaxan yağının 2 litrlik qablaşdırmasının qiyməti də artıb. Avqustun 24-də 10,29 manat olan məhsul hazırda 11,62 manata satılır. Beləliklə, qiymət 1 manat 33 qəpik yüksəlib.
“Final” qarğıdalı yağında isə dəyişiklik yoxdur. 2 litrlik məhsul həm avqustun 24-də, həm də oktyabrın 1-də 13,18 manat olub.

Zeytun yağında isə daha böyük fərq diqqət çəkir. “Zeytun Bağları Riviera”nın 750 millilitrlik məhsulu avqustun 24-də 10,97 manata satılırdı. Hazırda həmin məhsulun qiyməti 17,20 manatdır. Beləliklə, qiymət 6 manat 23 qəpik artıb.

Ət və toyuq məhsullarında vəziyyət
Ət məhsullarına gəlincə, marketlərdə bütün məhsullar üzrə eyni istiqamətdə dəyişiklik müşahidə olunmur. Məsələn, quzu qol-budun 1 kiloqramının qiyməti avqustun 24-də də 22,50 manat, oktyabrın 1-də də 22,50 manatdır. Toyuq məhsullarında isə fərqli mənzərə yaranır. “Mərcan” soyudulmuş təzə toyuğun 1 kiloqramı hər iki monitorinqdə 6,87 manat olub.

“Şən” təzə toyuğun qiyməti isə əksinə, aşağı düşüb. Avqustun 24-də 1 kiloqramı 6,20 manat olan məhsul hazırda 5,49 manata satılır. Yəni 71 qəpik ucuzlaşıb.
Bu rəqəmlər onu göstərir ki, marketlərdə toyuq məhsullarının qiymətində ümumi və kəskin bahalaşma mənzərəsi bütün məhsullara şamil olunmur. Bununla belə, əhalinin xüsusilə qəssabxanalarda ət və toyuq məhsullarının bahalaşması ilə bağlı şikayətləri ayrıca qiymət monitorinqinin aparılmasını zəruri edir. Ümumilikdə isə avqustun 24-dən oktyabrın 1-dək apardığımız müqayisə göstərir ki, bəzi əsas ərzaq məhsullarında qiymətlər sabit qalsa da, xüsusilə kərə yağı və bitki yağlarının bir hissəsində nəzərəçarpan bahalaşma baş verib. Eyni zamanda, bəzi toyuq məhsullarında qiymət azalması da qeydə alınıb.
Məhsul 24 avqust – 1 oktyabr FƏRQ
“New Zealand” kərə yağı, 1 kq 20,99 AZN 24,55 AZN +3,56 AZN
“Anchor” kərə yağı, 1 kq 22,95 AZN 25,90 AZN +2,95 AZN
“Best Cow” kərə yağı, 1 kq 21,99 AZN 24,99 AZN +3,00 AZN
“Azərsüd” kərə yağı, 1 kq 23,55 AZN 23,55 AZN dəyişməyib
“Slavyanskoye Maslo”, 1 kq 19,80 AZN 19,80 AZN dəyişməyib
“Pınar” kərə yağı, 1 kq 42,85 AZN 42,85 AZN dəyişməyib
Ağ yumurta, 10 ədəd 2,55 AZN 2,55 AZN dəyişməyib
Kənd yumurtası, 10 ədəd 3,35 AZN 3,35 AZN dəyişməyib
Kənd yumurtası, 15 ədəd 5,00 AZN 5,20 AZN +0,20 AZN
“Çörəkçi” baton kəpəkli, 400 q 1,15 AZN 1,15 AZN dəyişməyib
“Çörəkçi” kömbə çovdar, 700 q 1,25 AZN 1,25 AZN dəyişməyib
“Zolotoe Solnışko”, 1 L 4,19 AZN 5,06 AZN +0,87 AZN
“Final” günəbaxan yağı, 2 L 10,29 AZN 11,62 AZN +1,33 AZN
“Final” qarğıdalı yağı, 2 L 13,18 AZN 13,18 AZN dəyişməyib
“Zeytun Bağları Riviera”, 750 ml 10,97 AZN 17,20 AZN +6,23 AZN
Quzu qol-bud, 1 kq 22,50 AZN 22,50 AZN dəyişməyib
“Mərcan” təzə toyuq, 1 kq 6,87 AZN 6,87 AZN dəyişməyib
“Şən” təzə toyuq, 1 kq 6,20 AZN 5,49 AZN – 0,71 AZN
Afaq MİRAYİQ,
Fotolar müəllifindir,
Musavat.com

