Nabranın turizm faciəsi: Xəzər var, amma çimməyə dəniz yoxdur – Videoreportaj

Nabranın turizm faciəsi: Xəzər var, amma çimməyə dəniz yoxdur – Videoreportaj

İnsanlar niyə yayın istisində dənizdə yox, hotellərdəki hovuzlarda sərinləyirlər?

Yay mövsümü başlayan kimi minlərlə insan sərinlik axtarışında üzünü Nabran istiqamətinə tutur. Azərbaycanın şimalında, Xaçmaz rayonunda yerləşən bu turizm bölgəsi sıx meşələri, təmiz havası və ən əsası Xəzər dənizinin sahilində yerləşməsi ilə illərdir ölkənin ən məşhur istirahət məkanlarından biri hesab olunur. Bir tərəfdə meşə, digər tərəfdə dəniz – təbiətin bəxş etdiyi bu üstünlük Nabranı uzun illər yerli turistlərin dəyişməz seçiminə çevirib.

Əslində, Xəzər Nabranın ən böyük sərvətidir. Dünyanın tanınmış kurort şəhərlərində olduğu kimi, burada da əsas cazibə məhz dəniz olmalıdır. Çünki hovuzu istənilən yerdə tikmək mümkündür, amma Xəzəri yaratmaq mümkün deyil.

Lakin Musavat.com əməkdaşının Nabran çimərliklərində apardığı müşahidələr tam fərqli mənzərə ortaya qoyur. Dənizin düz sahilində yerləşən hotellərin hovuzları insanla doludur, Xəzər isə demək olar ki, boş qalıb. Bəs turistlər niyə dənizdən üz çeviriblər? Bu sualın cavabını yerində araşdırdıq. İlk diqqətimizi çəkən hotellərin həyətlərindəki hovuzlar oldu. Demək olar ki, hər istirahət mərkəzi qonaqlarını məhz hovuzlarla cəlb etməyə çalışır.

Hovuzlarda uşaqlar oynayır, böyüklər günəşlənir, insanlar saatlarla vaxt keçirirlər.

Halbuki bu hotellərin əksəriyyəti Xəzərin düz sahilində yerləşir. Təəccüb doğuran da elə budur. Dəniz bir addımlıqdadır, amma ora enən yoxdur. Bir neçə saat ərzində müşahidə aparırıq. İnsanlar sahilə tərəf baxır, şəkil çəkdirir, amma suya girmirlər. Hətta yerli sakinlər də dənizdən istifadə etmir. Bu mənzərə bizi sahilə endirir. İlk baxışdan hər şey aydın olur. Sahildə demək olar ki, tək-tük insan var. Onlar da çimmirlər, sadəcə Xəzərə baxırlar. Dəniz kənarında düzülmüş şezlonqların əksəriyyəti boş qalıb. Əvəzində bir neçə metr aralıdakı hotellərin hovuzlarından uşaq səsləri eşidilir. Bir tərəfdə hovuzun səs-küyü, digər tərəfdə isə boş qalan sahilin səssizliyi… Nabranın bugünkü mənzərəsini bundan dəqiq təsvir etmək çətindir.

Sahilə yaxınlaşdıqca mənzərə daha da ağırlaşır. Bu artıq öyrəşdiyimiz Bakı çimərlikləri deyil. Su bulanıqdır. Elə qaradır ki, dibini görmək mümkün deyil. Dalğalar sahilə plastik butulkalar, sellofan parçaları və müxtəlif məişət tullantıları çıxarır. Bəzi yerlərdə isə kanalizasiya sularının dənizə axıdıldığı açıq-aşkar görünür. Həmin axıntılar ağac və kolluqların arxasında gizlədilsə də, sahilə yaxınlaşdıqca hər şey bütün çılpaqlığı ilə üzə çıxır. Axıntının yaxınlığında isə xoşagəlməz qoxu hiss olunurdu… Bu vəziyyəti gördükcə istər-istəməz adamın ürəyindən “bağışla bizi… səni qoruya bilmədik”, demək keçir.

Sahil boyu rastlaşdığımız Nabranın yaşlı sakinlərindən biri gördüklərimizi təsdiqləyir. O, uzun illər hotellərdə işlədiyini deyir. İndi sürücülük etsə də, bölgədə hamının onu tanıdığını bildirir. Dedikləri isə vəziyyətin nə qədər ağır olduğunu göstərir. “Mən özüm də illərlə hotellərdə çalışmışam. İndi sürücü işləyirəm deyə baxmayın, hamı məni yaxşı tanıyır. Bir nəfər də Xaçmazdan bura çimməyə gəlmir. Niyə? Çünki dəniz çirkabla doludur. Bax bu yol boyu dənizlə üzbəüz gördüyün hotellər var ha… hamısının kanalizasiya suyu bura axır. Bu işin içində olmuşam, çox yaxşı bilirəm. Xəstəlik mənbəyidir. Rayon camaatı hamısı Niyazoba kəndinə gedir. Suyu göz yaşı kimi təmizdir. Hamı orada çimir”.

Bu sözlərdən sonra sahildəki mənzərə daha mənalı görünür. Hovuzların dolu, dənizin isə boş qalmasının səbəbi tam aydın olur. İnsanlar dənizi yox, hovuzu seçirlər. Çünki dənizə güvənmirlər.

Maraqlıdır ki, Musavat.com-un Nabran sahillərində müşahidə etdiyi mənzərə son illərin rəsmi monitorinq nəticələri ilə də üst-üstə düşür. Səhiyyə Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2019, 2023 və 2024-cü illərdə keçirdiyi laborator analizlərdə Nabran çimərliklərində dəniz suyunun mikrobioloji göstəricilərinin normativlərə cavab vermədiyi, çirkab suları ilə çirklənmənin davam etdiyi bildirilib və çimərlikdən istifadənin məqsədəuyğun olmadığı barədə xəbərdarlıq edilib. Maraqlı məqamlardan biri də çimərlikdə qarşılaşdığımız vəziyyət oldu. Qaldığımız “El Faro” hotelinin qarşısındakı sahildə hotelin adı yazılmış lövhələr yerləşdirilmişdi. İlk baxışda belə təəssürat yaranır ki, çimərlikdəki oturacaqlar və şezlonqlar hotel qonaqları üçün nəzərdə tutulub. Dünyanın əksər dəniz kurortlarında da məhz belədir – hotelin öz çimərliyi və qonaqların istifadə edə bildiyi avadanlıqlar olur.

Lakin burada mənzərə tam fərqli idi. Məlum oldu ki, hotelin qarşısında yerləşməsinə baxmayaraq, həm oturacaqlardan, həm də şezlonqlardan istifadə üçün ayrıca ödəniş tələb olunur. Yəni, turist əvvəlcə dəniz kənarında yerləşən hotelə pul ödəyir, sonra həmin hotelin qarşısındakı çimərlikdə oturmaq üçün yenidən ödəniş etməli olur.
Ən ironik məqam isə budur ki, bütün bunlar insanların suya girməkdən çəkinərək əsasən hovuza üz tutduğu bir məkanda baş verir. Yəni turist həm dənizdən istifadə edə bilmir, həm də dənizin kənarında rahat oturmaq üçün əlavə xərc çəkməli olur. Əslində dünyanın turizm ölkələrində vəziyyət tam əksinədir. Türkiyənin Antalya, Bodrum, Marmaris, Fethiye kimi kurort şəhərlərində hotelin əsas üstünlüyü hovuzu deyil. Əsas üstünlük dənizdir. Hətta hotellərin memarlığı belə dəniz ətrafında qurulur. Restoranlar, kafelər, istirahət zonaları, günəşlənmə meydançaları hamısı qonağı dənizə yaxınlaşdırmaq üçün layihələndirilir. Çünki turizm biznesi çox yaxşı bilir ki, dəniz satılan məhsuldur. Hovuz isə sadəcə əlavə xidmətdir. Nabranda isə tam əks mənzərə yaranıb. Burada hotellər Xəzərin düz kənarında yerləşsə də, əsas reklam vasitəsi hovuzdur.

Çünki dəniz artıq üstünlük deyil. Əgər turist Xəzərə girə bilmirsə, hotelin dəniz kənarında yerləşməsinin nə üstünlüyü qalır? Bu sualın cavabını nə hotellər verə bilir, nə də aidiyyəti qurumlar.

Amma cavabı hovuzların doluluğu, dənizin isə boşluğu özü verir. Bir vaxtlar minlərlə insanın sərinləmək üçün üz tutduğu Nabran bu gün Xəzərlə deyil, hovuzlarla yaşayır. Ən böyük paradoks da elə budur. Xəzərin sahilində yerləşən turizm bölgəsində insanlar dənizdən qaçırlar…

Afaq MİRAYİQ,
Foto, video müəllifindir,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir