Bundan əvvəl isə Sumqayıt şəhərinin 18-ci mikrorayonunda yerləşən 36 saylı tam orta məktəbdə 21 şagird zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edib. İlkin məlumatlara görə, şagirdlərin Saray qəsəbəsindəki mağazalardan birindən alınmış “Chupa Chups” markalı konfeti yedikdən sonra özlərini pis hiss etdikləri bildirilir.

Ardıcıl baş verən bu hadisələr məktəblərdə və qida məhsullarının satış məntəqələrində təhlükəsizlik qaydalarına nə dərəcədə əməl olunduğu ilə bağlı suallar yaradıb.
Mövzu ilə bağlı Ölkə.az-a danışan qida təhlükəsizliyi üzrə ekspert İlkin Şirinov bildirib ki, distribüter şirkətlər məhsulların son istifadə müddətinin bitməsinə bir neçə gün və ya müəyyən müddət qalmış həmin məhsulları satışdan çıxarmalıdırlar:
“Bu proses distribüter tərəfindən həyata keçirilməsə belə, hər bir mağazada qidaya nəzarət edən məsul şəxs olur və onun vəzifəsi son istifadə tarixi yaxınlaşan məhsulların vitrinlərdən yığışdırılmasını təmin etməkdir.
Həmin məhsullar daha sonra distribüter şirkətinə geri qaytarılmalı və utilizasiya prosesi şirkət tərəfindən həyata keçirilməlidir. Əgər mağaza tərəfindən məhsul satışdan çıxarılmayıbsa, mən bunu mağazanın laqeydliyi və səhlənkarlığı kimi qiymətləndirərdim. Çünki hər bir məhsulun son istifadə müddəti başa çatmamışdan əvvəl, hətta mən deyərdim ki, ən azı bir həftə öncədən satışdan kənarlaşdırılması məqsədəuyğundur. Xüsusilə nəzərə alsaq ki, bu məhsulları əsasən azyaşlılar alır və istifadə edir, burada nəzarət daha da ciddi olmalıdır.

Diqqət yalnız son istifadə müddətinə deyil, məhsulların saxlanma qaydalarına və saxlanma prinsiplərinə də yönəldilməlidir. Bundan əlavə, məhsulun mağazaya nə vaxt daxil olması məsələsi də araşdırılmalıdır. Çünki istisna deyil ki, bəzi hallarda son istifadə müddətinin bitməsinə az qalmış və ya vaxtı keçmiş məhsullar aşağı qiymətlərlə mağazalara təqdim olunur. Əgər belə hal baş veribsə, bu, artıq şirkət tərəfindən ciddi qanun pozuntusu hesab oluna bilər. Ona görə də həm məhsulun mağazaya daxilolma tarixi, həm də satışa çıxarıldığı tarix mütləq şəkildə yoxlanılmalıdır”.
Bundan əlavə ekspert qeyd edib ki, hər bir məktəbdə qida təhlükəsizliyi üzrə səlahiyyətli nümayəndə olmalıdır və o, mütəmadi olaraq məhsulların son istifadə tarixlərinə, məhsulların saxlanma şəraitinə, soyuq qida zəncirinə və FİFO prinsipinə nəzarət etsin:
“Həmçinin söhbət yalnız şirniyyatlardan getmir. Məktəb bufetlərində müxtəlif bişmiş məhsullar, peraşkilər və digər qidalar da hazırlanır. Bu məhsullarla bağlı da mütəmadi nəzarət həyata keçirilməlidir.
Çox təəssüflər olsun ki, bu gün məktəblərin bufetlərində bir özbaşınalıq hökm sürür. Bu özbaşınalığın nəticəsidir ki, uşaqlar hansısa məhsuldan zəhərlənib. Bu gün heç kim zəmanət verə bilməz ki, digər məktəblərin bufetlərində də belə məhsullar yoxdur.
Təhsil ocaqlarının özündə yetərincə işçi var və güclü nəzarət mexanizmi yaradılmalıdır. Məktəblərdə müxtəlif ştatlar var. Bunu məktəb direktorları çox yaxşı bilirlər. Laborant, texniki işçi, müxtəlif dərs saatları üzrə çalışan yarımştat və tamştat işçilər.
Təəssüflər olsun ki, məktəb direktorları da bu məsələdən xəbərdardırlar və nə baş verirsə, onların birbaşa nəzarəti çərçivəsində həyata keçirilir. Bufeti işlədən adamın, həmin səlahiyyətli şəxsin hansı iş prinsipi ilə işlədiyi, necə işlədiyi və məhsulu haradan aldığı da araşdırılmalıdır. Məhsulun saxlanma şəraiti də yoxlanılmalıdır. Ola bilər ki, bufetləri təchiz edən şirkət qida məhsulları ilə təmin edir. Həmin şirkətin özü də araşdırılmalıdır. Görək, bu şirkət hansı tenderi udub, hansı vasitələrlə həmin məhsulların məktəblərə çatdırılmasını təmin edir. Həmin tenderin qalibi, təchizatçı şirkət və onun fəaliyyəti də araşdırılmalıdır”.

“Mən təklif edirəm ki, ən ağır cəza tətbiq olunsun. Burada uşaqların, azyaşlıların taleyi həll olunur. Biz bunu nə vaxta qədər sadəcə cərimə tətbiq etməklə yola verəcəyik? Kütləvi zəhərlənmədən danışırıqsa, bu məsələ nə vaxta qədər kağız üzərində qalacaq?
Bu məsələlər normal şəkildə araşdırılmalıdır. Təchizatçı kimdirsə, həmin şirkətin nümayəndələri çağırılmalı və onlardan soruşulmalıdır: vaxtı keçmiş məhsulun sizin təchiz etdiyiniz məktəb bufetində nə işi var? Həmçinin qida üzrə mütəxəssisin harada olduğu da araşdırılmalıdır. Heç olmasa həftədə bir dəfə məktəblərin bufetlərindəki məhsullara baxış keçirilməli, onların son istifadə müddətinin nə qədər qaldığı yoxlanılmalıdır.
Şirniyyat məhsulları son istifadə müddətinin bitməsinə bir həftə qalmış artıq satışdan çıxarılmalıdır. Amma çox təəssüflər olsun ki, bu gün vəziyyət çox acınacaqlı bir hala gəlib çıxıb”, – deyə ekspert sonda qeyd edib.
Həmidə İbrahimova
