1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsi oldu. Xalq böyük səs çoxluğu ilə Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçməklə ölkənin gələcək inkişaf istiqamətini müəyyənləşdirdi. Bu tarixi seçim siyasi və iqtisadi böhran, idarəetmədə ciddi çətinliklər və dövlət müstəqilliyinin təhlükə altında olduğu bir şəraitdə Azərbaycanın sabit və dayanıqlı dövlətçilik yoluna çıxmasına imkan yaratdı.
Müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi qeyri-sabitlik, özbaşınalıq, idarəetmə böhranı və iqtisadi çətinliklər dövlətçiliyin gələcəyini ciddi təhlükə qarşısında qoymuşdu. Belə mürəkkəb şəraitdə xalq çıxış yolunu böyük dövlətçilik təcrübəsinə malik Heydər Əliyevin siyasi rəhbərliyində görürdü. 1993-cü ilin iyununda Bakıya qayıdan Ulu Öndər ölkənin parçalanmasının və vətəndaş qarşıdurmasının qarşısının alınması, dövlət idarəçiliyinin bərpası və ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində mühüm addımlar atdı.
Heydər Əliyevin rəhbərliyi ilə dövlət hakimiyyəti möhkəmləndirildi, qanunsuz silahlı dəstələrin fəaliyyəti məhdudlaşdırıldı, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı və vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı. Ölkədə sabitliyin bərqərar olması sosial-iqtisadi inkişaf, dövlət institutlarının möhkəmləndirilməsi və uzunmüddətli inkişaf strategiyasının həyata keçirilməsi üçün əsas zəminə çevrildi.
Ulu Öndərin dövlət quruculuğu siyasətinin əsas istiqamətlərini müstəqil dövlət institutlarının formalaşdırılması, hüquqi bazanın yaradılması, milli ideologiyanın müəyyənləşdirilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi təşkil edirdi. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını daha da möhkəmləndirdi.
Heydər Əliyevin dövlətçilik fəlsəfəsində insan hüquq və azadlıqlarının qorunması, qanunun aliliyi və vətəndaşların hüquq bərabərliyi mühüm yer tuturdu. Məhkəmə-hüquq islahatlarının aparılması, Konstitusiya Məhkəməsi və Ombudsman təsisatlarının yaradılması, ölüm hökmünün ləğvi, kütləvi informasiya vasitələri üzərində senzuranın aradan qaldırılması kimi mühüm addımlar hüquqi dövlət quruculuğunun inkişafına xidmət etdi.
Ulu Öndər Azərbaycan dövlətçiliyinin ideoloji əsasını azərbaycançılıq məfkurəsində görürdü. Milli-mənəvi dəyərləri, dövlətçilik ənənələrini və ümumbəşəri prinsipləri özündə birləşdirən azərbaycançılıq ideologiyası xalqın milli həmrəyliyinin möhkəmləndirilməsində mühüm rol oynadı. Bu məfkurə Azərbaycanda yaşayan və dünyanın müxtəlif ölkələrində məskunlaşan azərbaycanlıları vahid milli ideya ətrafında birləşdirən mühüm amilə çevrildi.
Siyasi sabitliyin təmin edilməsindən sonra iqtisadiyyatın dirçəldilməsi və yeni iqtisadi inkişaf modelinin formalaşdırılması dövlət siyasətinin başlıca istiqamətlərindən biri oldu. Bazar iqtisadiyyatına keçid, sahibkarlığın inkişafı, iqtisadiyyatın liberallaşdırılması və xarici investisiyaların ölkəyə cəlb olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi və enerji potensialının reallaşdırılması baxımından mühüm tarixi hadisəyə çevrildi.
Ulu Öndərin neft strategiyası Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirdi. Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərlərinin istifadəyə verilməsi, sonrakı mərhələdə Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallaşdırılması Azərbaycanın enerji təhlükəsizliyinin və beynəlxalq iqtisadi mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verdi.
Heydər Əliyevin xarici siyasət kursunun əsasını Azərbaycanın dövlət müstəqilliyinin və milli maraqlarının qorunması, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və dünya birliyinə inteqrasiyanın genişləndirilməsi təşkil edirdi. Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığını inkişaf etdirdi, müxtəlif dövlətlərlə qarşılıqlı münasibətlərini genişləndirdi və beynəlxalq münasibətlər sistemində müstəqil dövlət kimi mövqeyini möhkəmləndirdi.
Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktının beynəlxalq ictimaiyyətə çatdırılması və ölkəmizin ərazi bütövlüyünün beynəlxalq hüquq əsasında bərpası Ulu Öndərin xarici siyasətinin əsas prioritetlərindən biri idi. Heydər Əliyev beynəlxalq tədbirlərdə və müxtəlif dövlətlərlə görüşlərində Azərbaycanın haqlı mövqeyini ardıcıl şəkildə müdafiə edərək problemin beynəlxalq gündəmdə saxlanılmasına mühüm töhfə verdi.
Ulu Öndər Heydər Əliyevin siyasi idarəçilik üslubu hadisələrin mahiyyətini düzgün qiymətləndirmək, səbəb-nəticə əlaqələrini müəyyənləşdirmək, milli maraqları əsas götürmək və qarşıya qoyulan məqsədlərə ardıcıl şəkildə nail olmaq xüsusiyyətləri ilə seçilirdi. Onun dövlət idarəçiliyi təcrübəsi siyasi uzaqgörənlik, qətiyyət, prinsipiallıq və strateji düşüncə ilə səciyyələnirdi;
Heydər Əliyevin dövlətçilik konsepsiyasının əsasını güclü, müstəqil, hüquqi və inkişaf edən Azərbaycan dövlətinin qurulması təşkil edirdi. Onun “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, yenilməzdir, sarsılmazdır” fikri müstəqilliyin qorunmasının və möhkəmləndirilməsinin dövlət siyasətinin əsas məqsədlərindən biri olduğunu aydın ifadə edirdi.
Ulu Öndərin siyasi irsində dövlətçilik yalnız dövlət institutlarının fəaliyyəti ilə məhdudlaşmır, hər bir vətəndaşın dövlətə, Vətənə və milli dəyərlərə münasibətini də əhatə edirdi. Onun “Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır” fikri dövlət müstəqilliyinin qorunmasında cəmiyyətin hər bir üzvünün məsuliyyətini ifadə edirdi;
1993-cü il 3 oktyabr seçkiləri ilə başlayan yeni siyasi mərhələ Azərbaycanın müstəqil dövlətçilik tarixində mühüm dəyişikliklərə yol açdı. Heydər Əliyevin rəhbərliyi ilə ölkədə siyasi sabitlik təmin edildi, dövlət idarəçiliyinin əsasları möhkəmləndirildi, iqtisadi inkişafın təməli qoyuldu, hüquqi dövlət quruculuğu istiqamətində mühüm islahatlar həyata keçirildi və Azərbaycanın beynəlxalq nüfuzu yüksəldi.
Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin əsas qayəsi müstəqil Azərbaycanın əbədi yaşamasını, suverenliyinin və milli maraqlarının qorunmasını, dövlətin siyasi və iqtisadi gücünün artırılmasını təmin etmək idi. Onun dövlətçilik irsində xüsusi yer tutan müstəqillik, azərbaycançılıq, milli birlik, qanunun aliliyi və inkişaf prinsipləri müasir Azərbaycan dövlətçiliyinin əsas dəyərləri kimi əhəmiyyətini qoruyur.

