Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğaldan əvvəl rayon 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət olub, 1050 kvadratkilometr ərazini əhatə edib və burada 52 minə yaxın əhali yaşayıb.
İşğala qədər Cəbrayıl zəngin iqtisadi potensiala və inkişaf etmiş sosial infrastruktura malik rayonlardan biri olub. Əhali əsasən üzümçülük, taxılçılıq, heyvandarlıq və baramaçılıqla məşğul olub, rayonda məktəblər, xəstəxanalar, mədəniyyət müəssisələri, kitabxanalar, muzey, sənaye və kənd təsərrüfatı müəssisələri fəaliyyət göstərib.
İşğal nəticəsində Cəbrayılın yaşayış məntəqələri, sosial-iqtisadi infrastrukturu və tarixi-mədəni irsi ciddi dağıntılara məruz qalıb. Xudafərin körpüləri, Çələbilər kəndindəki məscid kompleksi, Şıxlar kəndindəki Dairəvi Türbə, Xubyarlıdakı türbələr, “Qız qalası”, “Divlər Sarayı” mağarası və digər tarix-mədəniyyət nümunələri zədələnib və ya dağıdılıb. Birinci Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid olub, 191 nəfər əlil olub, 6 rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
İşğal nəticəsində doğma yurdlarından didərgin düşən Cəbrayıl sakinləri Azərbaycanın müxtəlif rayonlarında məskunlaşıblar. Onların doğma torpaqlarına qayıtmaq arzusu uzun illər dövlət siyasətinin əsas istiqamətlərindən biri olub. Cəbrayılın azadlığı istiqamətində ilk mühüm addımlardan biri 1994-cü il yanvarın 5-də Cocuq Mərcanlı kəndinin azad edilməsi olub. 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin nəzarətə götürülməsi isə kəndə təhlükəsiz qayıdış üçün şərait yaradıb.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Cəbrayılın azadlığı üçün yeni mərhələ açıb. Sentyabrın 27-də Böyük Mərcanlı və Nüzgar, oktyabrın 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, oktyabrın 4-də isə Cəbrayıl şəhəri və rayonun daha 9 kəndi işğaldan azad edilib. Cəbrayıl istiqamətində əldə olunan hərbi uğurlar sonrakı əməliyyatların aparılması üçün mühüm imkanlar yaradıb.
Cəbrayılın azad edilməsində Azərbaycan Ordusunun hərbi qulluqçuları böyük qəhrəmanlıq və fədakarlıq göstəriblər. Düşmənin möhkəmləndirilmiş müdafiə xətlərinin yarılması nəticəsində rayonun işğaldan azad olunması təmin edilib. Cəbrayıl uğrunda döyüşlərdə iştirak edən 22 797 hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Azadlıqdan sonra Xudafərin körpüsündə Azərbaycan Dövlət bayrağının ucaldılması isə tarixi əhəmiyyət daşıyan rəmzi hadisəyə çevrilib.
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə hər il 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyənləşdirilib. Bu tarix şəhərin azad edilməsinin ildönümünü qeyd etməklə yanaşı, Cəbrayılın keçdiyi tarixi yolun, şəhidlərin xatirəsinin və azad edilmiş ərazilərdə aparılan quruculuq prosesinin birgə ifadəsinə çevrilib.
Cəbrayılın azadlığından sonra rayonda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. Yeni yaşayış məntəqələrinin salınması, sosial obyektlərin, enerji və nəqliyyat infrastrukturunun yaradılması, iqtisadi potensialın bərpası və müasir yaşayış mühitinin formalaşdırılması bu prosesin əsas istiqamətlərini təşkil edir. Prezident İlham Əliyevin 2020-ci ildən etibarən Cəbrayıla mütəmadi səfərləri zamanı müxtəlif layihələrin təməlinin qoyulması və obyektlərin istifadəyə verilməsi görülən işlərin ardıcıllığını nümayiş etdirir.
Cəbrayılın iqtisadi inkişafında 200 hektar ərazini əhatə edən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı mühüm yer tutur. Parkda logistika və ticarət infrastrukturu, anbar, istehsal və xidmət obyektləri yaradılır. Hazırda burada 20 rezident və 3 qeyri-rezident sahibkarlıq subyekti fəaliyyət göstərir və 130-dan artıq iş yeri yaradılıb. Enerji sahəsində “Cəbrayıl” yarımstansiyası istifadəyə verilib, günəş elektrik stansiyaları və yeni yarımstansiyaların yaradılması istiqamətində layihələr həyata keçirilir.
Rayonun nəqliyyat imkanlarının genişləndirilməsi məqsədilə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd və Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolları inşa edilir. Bu layihələr Cəbrayılın Qarabağ və Şərqi Zəngəzurla əlaqələrinin gücləndirilməsinə, iqtisadi fəallığın artırılmasına və yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasına xidmət edir.
Cəbrayıl şəhərinin yenidən qurulması “Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” əsasında aparılır. Baş plana uyğun olaraq müasir yaşayış məhəllələrinin, sosial obyektlərin, ictimai məkanların və nəqliyyat infrastrukturunun yaradılması nəzərdə tutulur və 2040-cı ilədək şəhərdə 15 min sakinin yaşaması üçün şəraitin formalaşdırılması planlaşdırılır. Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərində də yaşayış və sosial infrastruktur yaradılır, Horovlu və Şükürbəyli kəndlərində isə yeni yaşayış məhəllələri salınaraq sakinlərin qayıdışı təmin edilir.
Böyük Qayıdış proqramı çərçivəsində Cəbrayıl sakinlərinin doğma torpaqlarına mərhələli qayıdışı davam edir. 2024-cü il sentyabrın 26-da Cəbrayıl şəhərinə ilk köç karvanının yola salınması bu prosesin mühüm mərhələsi olub. 2026-cı il sentyabrın 28-nə olan məlumata görə, Cəbrayıl şəhərində 680 ailə, Horovlu kəndində 321 ailə, Şükürbəyli kəndində 599 ailə olmaqla, ümumilikdə 1 600 ailə, 7 022 nəfər məskunlaşıb.
Qayıdan sakinlərin yaşayış şəraitinin təmin edilməsi üçün Cəbrayılda müasir yaşayış kompleksləri yaradılır. Artıq istifadəyə verilmiş kompleksdə 712 mənzil yerləşir, növbəti mərhələlərdə yeni yaşayış binalarının tikintisi nəzərdə tutulur. Tam təmirli mənzillər və zəruri məişət şəraiti qayıdan ailələrin yeni yaşayış mühitinə uyğunlaşmasına imkan yaradır.
Cəbrayılın bugünkü inkişafı işğaldan azad edilmiş ərazilərdə dövlət siyasətinin əsas istiqamətlərini – bərpa, quruculuq və Böyük Qayıdışı özündə birləşdirir. Vaxtilə məcburi köçkün həyatı yaşayan insanların doğma torpaqlarına qayıtması, yeni şəhər və kəndlərin salınması, sosial-iqtisadi infrastrukturun yaradılması Cəbrayılın yeni inkişaf mərhələsinin əsas göstəriciləridir. 4 Oktyabr – Cəbrayıl şəhəri günü isə bu tarixi yolun, azadlıq uğrunda mübarizənin və doğma torpaqlara qayıdışın rəmzi tarixlərindən biri kimi qeyd olunur.

