Son günlər Türkiyənin sosial media məkanında Azərbaycana və Prezident İlham Əliyevə qarşı başladılan kampaniya müəyyən çevrələrin arzuladığı nəticəni vermədi. Əksinə, bu kampaniya Türkiyədəki həqiqi dostlarımızın, türk milliyyətçilərinin, ülkücü camiənin, dövlətçi və vətənpərvər kəsimlərin mövqeyini daha aydın şəkildə ortaya çıxardı.
Bəli, səs-küy salanlar var. Azərbaycanı tanımadan, onun keçdiyi yolu bilmədən, Qarabağ uğrunda verdiyimiz şəhidlərdən, 30 illik işğaldan, 44 günlük Vətən müharibəsindən xəbərsiz halda bizə ağıl verməyə çalışanlar var.
Bunlar daha çox ultra radikal dinçi platformalar, təriqətlər, sektalardır.
Ancaq onlar Türkiyə deyil!
Onlar nə türk dövlətinin mövqeyini ifadə edir, nə də böyük türk millətinin iradəsini təmsil edirlər.
Bu gün Türkiyədə uzun illər dövlət və siyasət səhnəsində olmuş, Türkiyə siyasətinin dərinliklərini bilən, ülkücü camiənin əfsanəvi simalarından sayılan çox dəyərli bir dostum mənə bu mesajı göndərdi:
“Kim ne derse desin; özellikle son dönemde siyasal islamcılar, müslüman görünümlü TÜRK düşmanları İsrail-Filistin çekişmesi üzerinden canımız Azerbaycan’a ve onun Karabağ Fatihi İlham Aliyev Başkan’a havlamaya başladı. Biz Türk milliyetçilerinin ne Filistin ne de İsrail gibi bir gündemi yoktur. YAŞASIN AZERBAYCAN, YAŞASIN TÜRKİYE! NE MUTLU TÜRKÜM DİYENE!”

Bu sözlərin müəllifi sıradan biri deyil. Həyatını Türkiyə dövlətinə və türk millətinə xidmətə həsr etmiş, siyasətin həm görünən, həm də görünməyən tərəflərini bilən, Azərbaycan sevgisini heç vaxt gizlətməyən çox tanınmış bir isimdir. Bur zamanlar isə Türkiyə hökumətinin başında dayanan şəxslərin “özel kalem” müdiri vəzifəsini daşımışdır. (Birbaşa rəhbərə bağlı Xüsusi katibliyin rəisi)
Adını yazmıram. Çünki özündən icazə almamışam. Özü uyğun bilərsə, adını da açıqlayaram.
Amma onun mesajı təkcə bir nəfərin mövqeyi deyil. Bu, Türkiyədəki böyük milliyyətçi, ülkücü və dövlətçi cameənin, əslində GERÇƏK TÜRKİYƏNİN düşüncəsidir.
Türkiyə Azərbaycana qarşı deyil
Son günlər mən Türkiyədəki çox qədim dostlarımla əlaqə saxlamışam. Onların arasında AK Partiyaya, MHP-yə, İYİ Partiyaya yaxın olanlar da, sol düşüncəni bölüşənlər də, siyasətçilər, jurnalistlər, dövlət adamları və ülkücü dava yoldaşlarımız da var.
Demək olar ki, hamısının ortaq mövqeyi belədir:
Azərbaycana qarşı aparılan kampaniya yanlışdır. Dinçi platformalarda İlham Əliyevə hücumlar ədalətsizdir. Azərbaycan Türkiyənin ən yaxın müttəfiqi və qardaşıdır.
Türkiyənin sosial mediasında bir neçə radikal platformanın qaldırdığı səs-küyü bütöv Türkiyə cəmiyyətinin mövqeyi kimi təqdim etmək böyük səhv olardı.
Əksinə, Türkiyənin milliyyətçi və dövlətçi çevrələrində İlham Əliyevə çox böyük hörmət var. Onu Qarabağ fatehi, Şuşanı, Xankəndini və işğal altındakı türk torpaqlarını azad edən Ali Baş Komandan kimi qəbul edirlər. Əksər ülkücü dostlarımız ona “Başkanım”, hətta türk siyasi ənənəsində xüsusi mənası olan “Başbuğ” xitabı ilə müraciət edirlər.

Çünki Türkiyənin dövlət ağlı da, milliyyətçi yaddaşı da yaxşı bilir: İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız öz torpaqlarını azad etmədi. Türk dünyasının onilliklər ərzində üzərində gəzdirdiyi məğlubiyyət sindromunu da dağıtdı. Türk dövlətlərinin inteqrasiya və təşkilatlanmasının əsas memarı da məhz İlham Əliyevdir. Ülküçü-millətçi kəsimin xəyallarındakı əksər hədəfləri həyata keçirən də, Azərbaycanın Turançı siyasətinin müəllifi də odur!
BMT-dəki hadisədən baş örtüyünə qədər…

Azərbaycana qarşı kampaniya BMT Baş Assambleyasında İsrailin baş naziri Benyamin Netanyahunun çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin 7 üzvündən yalnız birinin zalı tərk etməməsindən sonra gücləndi.
Türkiyə və İranın bəzi ultra-dindar platformaları, ayrı-ayrı media qurumları və siyasətçilər bundan istifadə edərək Azərbaycanı İsrailə dəstək verməkdə suçladılar. Halbuki hər bir müstəqil dövlət beynəlxalq siyasətini öz milli maraqlarına uyğun müəyyənləşdirir. Azərbaycan nə Ankaradan, nə Tehrandan, nə Vaşinqtondan, nə də başqa paytaxtdan idarə olunur.
Sonra eyni çevrələr guya Azərbaycanda baş örtüyünün qadağan edilməsi barədə yeni bəhanə tapdılar.
Azərbaycanda baş örtüyünü ölkə miqyasında qadağan edən ayrıca qərar qəbul edilməyib. Söhbət dövlət ümumi təhsil müəssisələrində vahid məktəbli formasının tətbiqindən gedir. Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli qərarında konkret dini geyimin adı çəkilmir; məktəbli formasının vahidliyini pozan və dünyəvi təhsil prinsipinə uyğun olmayan əlavə geyim elementləri ilə bağlı ümumi tələb müəyyənləşdirilir.
Bir neçə məktəbdə yaşanan mübahisəli insidenti bütöv Azərbaycan dövlətinin “dinlə savaşı” kimi təqdim etmək açıq manipulyasiyadır.
Azərbaycan dünyəvi dövlətdir. Eyni zamanda, xalqının böyük əksəriyyəti müsəlmandır. Burada məscidlər də fəaliyyət göstərir, dini mərasimlər də keçirilir, baş örtüyü taxan qadınlar da sərbəst yaşayırlar. Dövlət heç kimin inancına qarışmır. Amma heç bir dini və siyasi qrupun da dövlətə öz həyat modelini diktə etməsinə imkan verilə bilməz.
Öz daxili savaşlarınızı Azərbaycana daşımayın

Baş örtüyü mövzusu həm Türkiyədə, həm də İranda uzun illərdir dövlətlə cəmiyyət, dünyəviliklə dini-mühafizəkar çevrələr arasında mübahisə predmetidir.
Türkiyə cəmiyyətinin böyük və güclü bir hissəsi Atatürk dünyagörüşünə, dünyəvi dövlət modelinə bağlıdır. Eyni zamanda, dindar və mühafizəkar kəsim də Türkiyənin sosial-siyasi həyatının ayrılmaz hissəsidir. Bu, Türkiyənin öz daxilində həll etdiyi və həll edəcəyi məsələdir.
İranda isə məcburi hicab qaydaları ciddi ictimai müqavimətlə üzləşir. Qanun qüvvədə qalsa da, çox sayda iranlı qadın məcburi geyim normalarına açıq etiraz edir və dövlət sərt tətbiqin yenidən böyük küçə hərəkatı doğura biləcəyindən çəkinir.
Hər iki ölkədəki radikal çevrələrdən xahişimiz budur: öz daxili mübahisələrinizi Azərbaycan həyatına daşımayın. Azərbaycanı öz siyasi savaşlarınızın alətinə çevirməyin. Bakı üzərindən Ankara və ya Tehran daxilində hesablaşmağa çalışmayın.
Azərbaycan xalqı necə yaşayacağını, uşaqlarına hansı təhsil modelini verəcəyini, dövlətini hansı prinsiplərlə idarə edəcəyini özü müəyyənləşdirəcək.
İlham Əliyev kimə cavab verdi?

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışında söylədiyi bu sözlər geniş müzakirəyə səbəb oldu:
“Hərə otursun yerində, bizim işlərimizə qarışmasın, bizim həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin. Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın”.
Bu, Azərbaycan Prezidentinin müstəqil dövlət mövqeyidir. Azərbaycan artıq hər gələnin qarşısında hesabat verən, himayədar axtaran, xarici mərkəzlərin göstərişini gözləyən dövlət deyil.
Ancaq bu sözləri xüsusi olaraq Türkiyə dövlətinə ünvanlanmış mesaj kimi təqdim etmək də doğru deyil.
Prezident çıxışında Azərbaycanın təhlükəsizliyindən, ölkəmizə qarşı xaricdə yaradılan fiziki və ideoloji risklərdən, müxtəlif istiqamətlərdən gələn təzyiqlərdən danışırdı. Mesaj hər kəsə idi: Qərbdəki siyasi təsisatlara da, İran istiqamətindən müdaxilə etməyə çalışan çevrələrə də, sosial media üzərindən Azərbaycan cəmiyyətinə həyat tərzi diktə etmək istəyənlərə də.
Türkiyə dövləti və Rəcəb Tayyib Ərdoğan isə Prezident İlham Əliyevin siyasi leksikonunda hər zaman xüsusi yerdə dayanıb. İlham Əliyev dəfələrlə Türkiyəni Azərbaycanın ən yaxın müttəfiqi, Ərdoğanı isə qardaşı adlandırıb.
Azərbaycan–Türkiyə münasibətləri sosial mediada bir neçə radikal hesabın yaratdığı süni fırtınadan asılı olacaq qədər zəif deyil.
Bu münasibət Şuşa Bəyannaməsi, Çanaqqala, Nuru Paşa, Qafqaz İslam Ordusu, Qarabağ Zəfəri, şəhid qanı və ortaq dövlət maraqları üzərində qurulub.
Biz Türkiyəni sevirik

Bu gün bizim efirimizdə də, TV studiyamızda da, redaksiyamızda da Azərbaycan və Türkiyə bayraqları yan-yanadır. Azərbaycan və Türkiyə liderlərinin fotoları ofisimizi bəzəyir.
Biz Türkiyəni sevirik.
Sevgimizlə, minnətdarlığımızla, şükranlığımızla Türkiyə dövlətinin, türk millətinin yanındayıq. Türkiyəyə qarşı yönələn təhdidlərdə, haqsızlıqlarda və hücumlarda mövqeyimiz hər zaman bəllidir.
Əlbəttə, hər bir Azərbaycan vətəndaşı kimi mənim də dəyişməyəcək bir prinsipim var: Allah eləməsin, nə zamansa Azərbaycanla Türkiyə arasında seçim tələb edən bir vəziyyət yaranarsa, mən öz dövlətimin – Azərbaycanın yanında dayanaram. Necə ki, hər bir Türkiyə vətəndaşı da ilk növbədə öz dövlətinin yanında dayanmalıdır.
Amma mən inanıram ki, belə bir gün olmayacaq.
Azərbaycanla Türkiyənin qarşı-qarşıya gəldiyi günü nə dostlarımız görəcək, nə də düşmənlərimiz.
Aramıza girmək istəyənlər də bunu bilməlidir: sosial media təxribatları keçicidir, Azərbaycan–Türkiyə qardaşlığı isə dövlət siyasətidir və tarixi taledir.
Ülkücü dostumun mesajı da məhz buna görə çox qiymətlidir. Türkiyənin həqiqi milliyyətçi-dövlətçi kəsimi Azərbaycanı tək qoymur. Qarabağ fatehi İlham Əliyevin yanında dayanır. Şuşanı azad edən ordunu öz ordusu, Azərbaycan bayrağını öz bayrağı hesab edir.
Bir neçə radikal platformanın səsi nə qədər gur çıxsa da, türk millətinin vicdanının səsi daha güclüdür:
Yaşasın Azərbaycan!
Yaşasın Türkiyə!
Nə mutlu türkəm deyənə!

