Azərbaycanda ümumi təhsil müəssisələrinin maliyyələşdirilməsi mexanizmində yeni mərhələyə başlanılır. 2026–2027-ci tədris ilindən etibarən seçilmiş 100 məktəbdə adambaşı maliyyələşmə mexanizminin tətbiqi nəzərdə tutulur. Yeni yanaşmada məktəblərə ayrılan vəsait şagirdlərin sayına və onların təhsil ehtiyaclarına uyğun müəyyənləşdiriləcək.
Bu dəyişiklik məktəblərin maliyyə imkanlarına, tədrisin təşkili və təhsilin keyfiyyətinə necə təsir göstərəcək? Şagird sayı az olan məktəblər bu sistemdən necə yararlanacaq, ayrılan vəsaitin səmərəli xərclənməsinə nəzarət necə həyata keçiriləcək? Adambaşı maliyyələşmə təhsil müəssisələri arasında keyfiyyət fərqinin azalmasına səbəb olacaq, yoxsa yeni problemlər yaradacaq?

Təhsil eksperti Məzahir Məmmədli Mövzu ilə bağlı Musavat.com-a danışıb.
O qeyd edib ki, son vaxtlar adambaşına maliyyələşmə ilə bağlı xüsusi sərəncam imzalanıb:
“Elm və təhsil naziri də brifinqlərin birində bu məsələni səsləndirmişdi və davamlı olaraq vurğulayır ki, regionlarda, ucqarlarda azşagirdli məktəblərimizin maliyyə yükü çox böyükdür. Yəni şəhər mərkəzindəki şagirdlə ucqarda təhsil alan şagirdə çəkilən maliyyə xərcində böyük fərqlər var. Şəhərdə hər sinifdə 25-30 nəfərin, regionlarda isə 3-4 nəfərin təhsil alması maliyyə baxımından ciddi fərq yaradır. Məhz buna görə maliyyə məsələsi həmişə diqqət mərkəzində olub.
Artıq məktəblərin optimallaşdırılması ilə bağlı təşəbbüslər bu ildən nəticələrə əsasən bir qədər azalıb. Ötən il 400-dək məktəb optimallaşdırılaraq daha böyük məktəblərə birləşdirildi. Elə yerlər var ki, orada daşınma problemi mövcuddur, tədris olunan fənlərin saatı az olduğuna görə müəllim çatışmazlığı yaşanır. Bunun qarşısını almaq üçün Elm və Təhsil Nazirliyi belə bir təşəbbüs irəli sürdü ki, həmin məktəblərdə sürətli internet təşkil edilsin və təcrübəli müəllimlər onlayn tədris keçsinlər. Bildiyim qədərilə, bu ildən tətbiqinə başlanılıb”.
Adambaşına maliyyələşmənin effektinə gəldikdə isə, ekspert bildirib ki, şagird sayı 3 min, 5 min, hətta 7 min olan və üçnövbəli prinsiplə işləyən böyük məktəblər var. İstər kiçik, istərsə də böyük məktəblərin maddi-texniki bazasının saxlanmasında və idarə olunmasında böyük problemlər yaşanır: “Lakin adambaşına maliyyələşmə böyük məktəblər üçün geniş imkanlar yaradacaq. Onlar öz imkanlarını yaxşılaşdıra, maddi-texniki bazaya dəyən ziyanı vaxtında aradan qaldıra və infrastrukturlarını genişləndirə biləcəklər.
Ümumiyyətlə, adambaşına maliyyələşmə bütün məktəblərdə tətbiq olunarsa, effektiv nəticələr görəcəyik. Artıq valideynin məktəb işində iştirakına, ianələrə, eləcə də əvvəllər adı hallanan “fond pulu”, “süpürgə pulu”, “marker pulu” kimi yığımlara ehtiyac qalmayacaq. Məktəbin öz çəkisinə, yükünə və şagird sayına uyğun olaraq vəsait ayrılacaq”.
Afaq Mirayiq,
Musavat.com

