Yaxın Şərqdə İran ətrafında dərinləşən hərbi-siyasi qarşıdurma artıq təkcə region ölkələrinin deyil, bütövlükdə Cənubi Qafqazın təhlükəsizlik gündəminə təsir göstərir. ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları, Tehranın mümkün cavab addımları və münaqişənin coğrafiyasının genişlənməsi Azərbaycan üçün də ciddi strateji risklər yaradır. Xüsusilə Azərbaycanın İranla uzun quru sərhədinin olması, Naxçıvanın coğrafi mövqeyi, enerji və nəqliyyat infrastrukturu, eləcə də regiondakı geosiyasi maraqlar ölkəmizin bu qarşıdurmaya biganə qala bilməyəcəyini göstərir. Digər tərəfdən, müharibənin uzanması qaçqın axını, sərhəd təhlükəsizliyi, iqtisadi itkilər və mümkün təxribatlar kimi əlavə problemləri gündəmə gətirə bilər. Tehranla Bakı arasında münasibətlərin həssas mərhələdən keçdiyi bir vaxtda İran daxilindəki proseslərin Azərbaycana hansı formada təsir göstərə biləcəyi xüsusi diqqət tələb edir.
Müharibənin daha da genişlənməsi halında Azərbaycan hansı təhlükəsizlik ssenarilərinə hazır olmalı və dövlətimiz öz milli maraqlarını qorumaq üçün hansı addımları atmalıdır?

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev mövzu ilə bağlı Musavat.com-a bildirib:
“İran və ABŞ arasında münasibətlərin yenidən intensiv qaynar fazaya keçməsi sözsüz ki, bütün region ölkələrinə, o cümlədən, Azərbaycana təsir edə bilər. Müharibə, yaxud əməliyyatlar əvvəlkilərdən daha güclü olarsa, quru əməliyyatlarına start verilərsə, düşünürəm ki, İran daxilində ən azından humanitar problemlərin qısa müddət böyüməsini görə bilərik. İki ölkə arasında quru sərhədlərinin olması ölkəmizə çox sayda qaçqının, onların arasında isə təxribatçıların gələ biləcəyi ehtimallarını yaradır. Bunu diqqətdən kənarda saxlamaq olmaz. Azərbaycan bu günə qədər İrana qarşı hər hansı fəaliyyətdə olmasa da, İran daxilində güclər mövcuddur ki, bunun əksini deyirlər. Yəni İran rəsmilərinin ad çəkməsələr də, ABŞ-nin yenidən əməliyyatlara başlayacağı halda müharibənin coğrafiyasını genişlətmək təhdidlərinin arxasında nələrin durduğunu hələ bilmirik. O səbəbdən düşünürəm ki, Azərbaycan öncədən ortaya qoyduğu mövqeyini qorumalı, İran rəhbərliyi, xüsusilə prezident Pezeşkianla isti münasibətini davam etdirməli, problemin ABŞ və İran arasında olduğunu, hadisələrin tezliklə sona çatdırılmasını arzuladığımızı bildirməliyik. Eyni zamanda ölkə sərhədlərinin mühafizəsi hər ehtimala qarşı fövqəladə vəziyyətə yaxın rejimdə qorunmalıdır”.
Cavanşir Abbaslı
Musavat.com

