İtkinlərin taleyi siyasi alət deyil, beynəlxalq öhdəlikdir

İtkinlərin taleyi siyasi alət deyil, beynəlxalq öhdəlikdir

“Bir ailə üçün itkin düşmüş şəxs heç vaxt sadəcə reyestrdəki bir qeyd deyil. İllərlə davam edən qeyri-müəyyənlik gündəlik qərarlara təsir göstərir: axtarışları davam etdirib-etdirməmək, uşağa valideyni barədə necə danışmaq və nə vaxtsa ziyarət edib gül qoymaq üçün bir məzarın olub-olmayacağı kimi suallar ailələri daim düşündürür. O cümlədən məhkəmə-tibbi prosedurları və informasiya sistemlərini müzakirə edərkən həmin ailələri fəaliyyətimizin mərkəzində saxlamağa davam etməliyik”.

Bu fikirləri xarici işlər nazirinin müavini Fariz Rzayev Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransda çıxış edərkən deyib.

Azərbaycanın iki müharibədən sonra 4 mindən çox vətəndaşının itkin düşdüyünü xatırladan nazir müavini əlavə edib: “Minlərlə ailə üçün qeyri-müəyyənlik illər, hətta onilliklərdir davam edir. Azərbaycanın əraziləri işğaldan azad edildikdən sonra insan qalıqlarının aşkarlandığı bir sıra kütləvi məzarlıqlar müəyyən edilib. Qalıqlar ekspertizadan keçirilib, şəxslərin kimliyi müəyyənləşdirilib və onlar layiqli şəkildə dəfn olunublar. Bu nəticələr aidiyyəti ailələr üçün böyük əhəmiyyət daşıyır. Bununla belə, itkin düşmüş şəxslərin böyük əksəriyyətinin taleyi hələ də məlum deyil. Minalar və müharibənin partlayıcı qalıqları ərazilərdə aparılan işləri hələ də təhlükəli edir. Beynəlxalq humanitar hüquq bu istiqamətdə səylərimiz üçün hüquqi əsas yaradır. Silahlı münaqişə tərəfləri itkin düşdüyü bildirilən şəxslərin qeydiyyata alınması, müvafiq məlumatların toplanması və paylaşılması, həlak olanların axtarılması, eləcə də insan qalıqlarına hörmətlə yanaşılması üçün mümkün tədbirləri görməlidirlər. Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ xoşməramlılıq çərçivəsində göstərilən könüllü bir jest deyil. Araşdırma aparmaq və cavablar təqdim etmək öhdəliyi hərbi əməliyyatlar başa çatdıqdan uzun müddət sonra da qüvvədə qalır. Etimad məlumatdan başlayır”.

WhatsApp Image 2026-10-07 at 17.20.31.jpeg (484 KB)

F.Rzayev qeyd edib ki, əsirlik, köçürülmə və ölüm halları ilə bağlı qeydlər, şahid ifadələri, habelə ayrı-ayrı və ya kütləvi məzarlıqların yerləşdiyi ərazilər barədə məlumatların hər biri araşdırma üçün mühüm ipucu verə bilər: “Hətta natamam məlumatlar belə digər sübutlarla birlikdə araşdırıldıqda əhəmiyyətli ola bilər. Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır. Biz bir daha Ermənistanı minlərlə itkin azərbaycanlının taleyinin və harada olduğunun müəyyənləşdirilməsinə kömək edə biləcək, o cümlədən məzarlıqlar barədə malik olduğu bütün məlumatları paylaşmağa çağırırıq”. (Azərtac)

WhatsApp Image 2026-10-07 at 17.20.31 (1).jpeg (75 KB)

Hüquqşünas Polad Mehdiyev Musavat.com-a açıqlamasında bildirib ki, beynəlxalq humanitar hüquq baxımından itkin düşmüş şəxslər məsələsi həm humanitar əməkdaşlıq məsələsidir, həm də davam edən beynəlxalq hüquqi öhdəlikdir:

“1949-cu il Cenevrə konvensiyaları və 1977-ci il I Əlavə Protokolunun 32–34-cü maddələri ailələrin yaxınlarının taleyini bilmək hüququnu tanıyır. Xüsusilə 33-cü maddə münaqişə tərəflərindən itkin düşmüş şəxslərin axtarılması və bu prosesi asanlaşdıran məlumatların ötürülməsi üçün tədbirlər görülməsini tələb edir. Bu normalar bizim mövqeyimizə ciddi hüquqi əsas verir. Məzarlıqların koordinatları, dəfn siyahıları, hərbi arxivlər, əsirlik və ölüm qeydləri, eləcə də natamam olsa belə itkinlərin taleyinin müəyyənləşdirilməsinə kömək edə biləcək məlumatların təqdim edilməsi siyasi güzəşt deyil, beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəlik kimi qiymətləndirilməlidir. BQXK-nın mövqeyinə görə də münaqişə tərəfləri itkinlərin taleyini müəyyən etmək və ailələrə məlumat vermək üçün mümkün tədbirləri görməlidirlər. Bundan əlavə, məsələ BMT mexanizmləri və tətbiq edilə bilən beynəlxalq insan hüquqları prosedurları çərçivəsində qaldırıla bilər. Əgər konkret hallarda şəxsin zorla yoxa çıxarılması, qanunsuz öldürülməsi və ya digər ağır pozuntular barədə əsaslı şübhələr yaranırsa, məsələ artıq effektiv araşdırma və fərdi məsuliyyət müstəvisinə keçir. BQXK da beynəlxalq humanitar və insan hüquqları hüququnun itkinlərin taleyinin müəyyənləşdirilməsi, ailələrin məlumatlandırılması və ağır pozuntuların araşdırılması üzrə dövlət öhdəliklərini vurğulayır. Cənab Prezident İlham Əliyev tərəfindən bu məsələ ardıcıl şəkildə beynəlxalq gündəmdə saxlanılaraq Ermənistanın itkin azərbaycanlıların taleyi və kütləvi məzarlıqların yerləri barədə məlumat təqdim etməli olduğunu müxtəlif beynəlxalq platformalarda qaldırılıb. Azərbaycan, həmçinin 2002-ci ildən BMT Baş Assambleyasında itkin düşmüş şəxslər üzrə qətnamə təşəbbüsləri ilə çıxış edib. Azərbaycan tərəfindən 2025-ci ildə itkinlər məsələsinin sülh sazişində ayrıca müddəa kimi əks etdirilməsini də Azərbaycanın bu məsələyə verdiyi önəmin göstəricisi kimi vurğulanıb. Əsas məsələ odur ki, ailələrin həqiqəti bilmək hüququ müharibənin bitməsi ilə bitmir. Buna görə Azərbaycanın tələbi həm humanitar baxımdan əsaslıdır, həm də beynəlxalq humanitar hüququn konkret normalarına söykənir. Bu istiqamətdə BQXK, BMT və digər beynəlxalq mexanizmlərin imkanlarından istifadə etməklə məlumatların əldə edilməsinə yönəlmiş hüquqi və diplomatik təzyiq davam etdirilə bilər”.

Nigar Həsənli
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir