Deputat Razi Nurullayev Milli Məclisdəki çıxışı zamanı əvvəlcə spiker Sahibə Qafarovaya parlamentdə səsləndirilən fikirlərə və qaldırılan məsələlərə göstərdiyi diqqətə, o cümlədən üzvü olmadığı komitə iclaslarında iştirak üçün yaratdığı şəraitə görə təşəkkürünü bildirib.
Musavat.com-un xəbərinə görə, deputat həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə öz komitəsinin fəaliyyəti çərçivəsində Dövlət Quruculuğu Məcəlləsi ilə bağlı qaldırdığı məsələyə yazılı münasibət bildirdiyinə və təkliflərinin mahiyyətinə diqqət yetirdiyinə görə minnətdarlığımı ifadə edib.
Razi Nurullayev müzakirəyə təqdim olunan yeni Dövlət Qulluğu Məcəlləsinin hazırlanmasını müsbət qiymətləndirsə də, dövlət qulluğu imtahanından uğurla keçmiş şəxslərin sertifikatının qüvvədə olma müddətinin beş ildən iki ilə endirilməsi ilə bağlı narahatlığını çatdırıb:
“Narahatlığım sadəcə müddətin qısaldılmasından deyil, insanların imtahanla təsdiqlədikləri bilik və bacarıqlarını reallaşdırmaq imkanından gedir. Reallıq budur ki, sertifikat alan şəxslərin bir qismi beş il ərzində belə iş tapa bilməyib. Deməli, problem yalnız imtahan verməkdə deyil, imtahandan sonra işə qəbul imkanlarının məhdudluğundadır. Müddətin iki ilə endirilməsi bu problemi həll etmir, əksinə, həmin şəxslərin imkanlarını daha da məhdudlaşdırır. İki il ərzində işlə təmin olunmayan vətəndaş yenidən imtahana hazırlaşmalı, yenidən imtahan verməli və eyni prosesi təkrarlamalı olacaq. Beləliklə, dövlətin qiymətləndirdiyi bilik və bacarıqlardan istifadə etmək əvəzinə, insanı təkrar-təkrar imtahan prosesinə qaytarırıq.

Mənim təklifim budur ki, sertifikat almış şəxslərin ən geci üç-altı ay ərzində ixtisaslarına uyğun vakant dövlət qulluğu vəzifələrinə müraciət etməsi və işə qəbul prosesində real imkan qazanması üçün konkret mexanizm yaradılsın. Bu, avtomatik təyinat demək deyil. Müsahibə və peşəkarlıq tələbləri qüvvədə qala bilər. Əsas məsələ imtahandan uğurla keçmiş şəxsin illərlə qeyri-müəyyənlik içində gözləməməsidir”.
Deputat vurğulayıb ki, yeni məcəllə dövlət qulluğuna qəbul edilən şəxslər üçün müəyyən prosedur yükünü azalda bilər:
“Lakin imtahan verib sertifikat alan şəxslərin konkret işə qəbul imkanlarını asanlaşdıran mexanizmlər də aydın şəkildə müəyyən edilməlidir. Mövqeyimdə qalıram: dövlət vətəndaşın biliyini imtahanla təsdiqləyirsə, həmin bilikdən istifadə etmək üçün də ona real imkan yaratmalıdır. Məqsədimiz yalnız imtahan verənlərin sayını artırmaq deyil, savadlı və bacarıqlı insanların dövlət qulluğuna cəlb olunmasına şərait yaratmaqdır”.
E.Paşasoy,
Musavat.com

