Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kambocanın Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda iki ölkə arasında siyasi, iqtisadi və humanitar əlaqələrin inkişaf perspektivlərinə, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa və qlobal təhlükəsizlik məsələlərinə toxunub.
Dövlət başçısı bildirib ki, Azərbaycan və Kamboca BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində fəal əməkdaşlıq edir, bir-birini dəstəkləyir. İkitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi və qarşılıqlı təmasların intensivləşdirilməsi barədə razılıq əldə olunub.
Prezident İlham Əliyev iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayaraq, ticarət və investisiya əməkdaşlığının praktiki məsələləri ilə məşğul olacaq birgə işçi qrupunun yaradıldığını diqqətə çatdırıb. Dövlət başçısı əminliyini ifadə edib ki, keçirilən biznes forumu iki ölkənin şirkətləri arasında əlaqələrin genişlənməsinə, yeni investisiya imkanlarının müəyyənləşdirilməsinə və ticarət dövriyyəsinin artırılmasına mühüm töhfə verəcək. Sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılması, turizm və təhsil sahələrində əməkdaşlığın inkişafı da müzakirə olunan əsas məsələlər sırasındadır.
Bəyanatda təhsil əlaqələrinin genişləndirilməsinə də xüsusi diqqət yetirilib. Prezident İlham Əliyev Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil aldığını xatırladaraq, bu ənənənin bərpasının və qarşılıqlı təhsil imkanlarının yaradılmasının xalqlar arasında əlaqələrin inkişafına xidmət edəcəyini bildirib. Nəqliyyat və rəqəmsal transformasiya da əməkdaşlığın prioritet istiqamətləri kimi qeyd olunub.
Dövlət başçısı Azərbaycanın uğurlu dövlət idarəçiliyi təcrübəsinin beynəlxalq miqyasda maraq doğurmasını müsbət qiymətləndirib. O, Azərbaycan cəmiyyətində yüksək qiymətləndirilən “ASAN xidmət” modelinin Kambocada da maraq doğurduğunu vurğulayaraq, bu təcrübənin ikitərəfli münasibətlərin inkişafına töhfə verə biləcəyini bildirib.
Parlamentlərarası əlaqələrə toxunan Prezident İlham Əliyev hər iki ölkədə parlamentlərarası dostluq qruplarının fəaliyyət göstərdiyini qeyd edib. Kambocanın dəstəyi ilə Azərbaycan parlamentinin ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etməsi Cənub-Şərqi Asiya regionu ilə əlaqələrin ölkəmizin xarici siyasətində mühüm yer tutduğunu bir daha nümayiş etdirir.
Bəyanatda mina təhlükəsi məsələsi də xüsusi vurğulanıb. Prezident İlham Əliyev hər iki ölkənin mina probleminin ağır nəticələrindən əziyyət çəkdiyini bildirərək, bu sahədə təcrübə, bilik və praktiki bacarıqların mübadiləsinin, eləcə də təlimlərin keçirilməsinin vacibliyini qeyd edib. Dövlət başçısının diqqətə çatdırdığı kimi, Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Ermənistanın işğal dövründə basdırdığı minaların partlaması nəticəsində 400-dən çox insan həlak olub və ya xəsarət alıb.
Prezident İlham Əliyev sülh və təhlükəsizliyin beynəlxalq hüquq normalarına, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalı olduğunu xüsusi vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycan 30 illik işğaldan sonra öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, hazırda ölkəmizin bütün ərazisi dövlətimizin nəzarəti altındadır.
İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığını bildirən Prezident İlham Əliyev “Böyük Qayıdış” Proqramının uğurla davam etdirildiyini, artıq həmin ərazilərdə 100 minə yaxın insanın yaşadığını və çalışdığını diqqətə çatdırıb.
Dövlət başçısının bəyanatı bir daha göstərir ki, Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, qarşılıqlı faydalı tərəfdaşlığın inkişafına, sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin təmin olunmasına xüsusi əhəmiyyət verir.

