9 yaşlı gəlinlər, qadağan edilən təhsil, susdurulan qadınlar – Bəs Azərbaycan hansı yolu seçib?

9 yaşlı gəlinlər, qadağan edilən təhsil, susdurulan qadınlar – Bəs Azərbaycan hansı yolu seçib?

“Erkən evlilik, yəni 18 yaşına çatmamış şəxsin qeyri-rəsmi nikaha daxil edilməsi XXI əsrdə də ən geniş yayılmış insan hüququ pozuntularından biri olaraq qalır”.

ARANTV.AZ  xəbər verir ki, bunu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova erkən nikah problemi, qadın hüquqları və dünyəvi dövlət modelinin əhəmiyyəti ilə bağlı açıqlamasında bildirib.

ZEYNAL SON.jpg (44 KB)

O qeyd edib ki, erkən nikahın nəticələri yarımçıq qalmış təhsil, vaxtından əvvəl analıq, sağlamlıq problemləri və uşaqların gələcəyinin məhdudlaşdırılması ilə müşayiət olunur:

“Bu rəqəmlərin arxasında yarımçıq qalmış təhsil, vaxtından əvvəl ana olmaq, sağlamlıq itkiləri və bəzən həyatın özü dayanır”.

Mehriban Zeynalova bildirib ki, problemin miqyası ölkələr üzrə fərqlənsə də, qız uşaqlarının hüquqlarının qorunması məsələsi dünyanın müxtəlif cəmiyyətləri üçün aktualdır. Onun sözlərinə görə, Əfqanıstan, İran və İraq nümunələri dini normaların ailə hüququna təsiri, qızların təhsildən uzaqlaşdırılması və erkən nikah təhlükəsi baxımından diqqət çəkir. Türkiyənin bəzi bölgələrində isə qanunvericiliyə baxmayaraq, qeyri-rəsmi dini nikahlar problem olaraq qalır.

nikah.jpg (110 KB)

M. Zeynalova Əfqanıstandakı vəziyyətə toxunaraq yazıb:

“Əfqanıstanda vəziyyət hələ Taliban hakimiyyətindən əvvəl də ağır idi. 2015-ci il Demoqrafik və Sağlamlıq Sorğusuna görə, 20-24 yaşlı qadınların 28 faizi 18 yaşından, 4 faizi isə 15 yaşından əvvəl ərə verilmişdi. 2021-ci ilin avqustunda Taliban hakimiyyəti ələ keçirdikdən sonra bu göstəriciləri yaxşılaşdıra biləcək bütün mexanizmlər dağıdıldı. Qızların orta və ali təhsil alması qadağan edildi, qadınların əksər peşələrdə çalışması məhdudlaşdırıldı, qadın hüquqları üzrə nazirlik ləğv olundu”.

İctimai birlik sədrinin fikrincə, qızların təhsil imkanlarından məhrum edilməsi onların erkən nikaha cəlb olunması riskini artırır. O, ailələrin iqtisadi çətinliklər səbəbindən azyaşlı qızlarını gələcək nikah üçün verməsi hallarına da diqqət çəkib:

“Səbəb sadədir, məktəbdən kənarda qalan qız ailə üçün “iqtisadi yük” kimi görülür və onun ən qısa yolla ərə verilməsi bir növ “çıxış yolu” sayılır. Beləliklə, Əfqanıstan təhsil hüququnun əlindən alınmasının birbaşa erkən nikaha necə yol açdığını göstərən acı nümunəyə çevrilib”.

taliban.jpg (78 KB)

Mehriban Zeynalova İranla bağlı açıqlamasında nikah yaşı və qanunvericilikdəki istisnaları qabardıb:

“İranda erkən nikah dövlətin qanunvericiliyi səviyyəsində tənzimlənir və bu, onu xüsusilə narahatedici edir. İran Mülki Məcəlləsinin 1041-ci maddəsinə əsasən qızlar üçün nikah yaşı 13, oğlanlar üçün 15-dir. Lakin atanın və ya ata tərəfdən babanın razılığı və məhkəmənin icazəsi ilə bu yaşdan da aşağı nikah mümkündür. Bu o deməkdir ki, qanun nəzəri olaraq 9–12 yaşlı qızın ərə verilməsinə qapını açıq saxlayır”.

M. Zeynalova İranın rəsmi statistikasında 10–14 yaşlı qızların nikahlarının qeydə alındığını, bəzi illərdə bu göstəricinin 30 mini keçdiyini bildirib. O, qeydiyyatdan kənar dini nikahların da real vəziyyətin qiymətləndirilməsini çətinləşdirdiyini vurğulayıb.

İraqla bağlı müqayisədə Mehriban Zeynalova ölkənin ailə qanunvericiliyində baş verən dəyişikliklərə diqqət çəkib:

“İraqda 1959-cu ildə qəbul edilmiş 188 saylı Şəxsi Status Qanunu uzun müddət regionun nisbətən mütərəqqi qanunlarından sayılırdı. Bu qanun nikah yaşını 18 müəyyən edir, yalnız məhkəmə icazəsi ilə 15 yaşa qədər endirilməsinə yol verirdi. Buna baxmayaraq, real vəziyyət qanundan geri qalırdı. UNICEF-in 2018-ci il sorğusuna görə, İraqda 20–24 yaşlı qadınların təxminən 28 faizi 18 yaşından, 7 faizi isə 15 yaşından əvvəl ərə verilib”.

O, məhkəmədən kənar, yalnız din xadimi tərəfindən kəsilən nikahların qadın və uşaqların hüquqi müdafiəsinə təsir etdiyini bildirib. Zeynalovanın sözlərinə görə, 2025-ci ilin yanvarında İraqda Şəxsi Status Qanununa edilən dəyişikliklər də qadın hüquqları müdafiəçilərinin narahatlığına səbəb olub:

“Beləliklə, İraq dünyəvi ailə hüququndan dini hüquqa qayıdışın uşaq hüquqları üçün nə qədər təhlükəli olduğunu nümayiş etdirən yeni nümunəyə çevrilib”.

irannn.jpg (254 KB)

M. Zeynalova Türkiyədəki vəziyyəti qiymətləndirərkən qanunvericiliklə real sosial praktika arasındakı fərqə diqqət çəkib:

“Türkiyədə vəziyyət fərqlidir, çünki burada problem qanunun özündə deyil, qanunun tətbiq olunmadığı sosial mühitdədir. Türkiyə Mülki Məcəlləsinə görə, nikah yaşı 17, məhkəmə qərarı ilə isə 16-dır. Lakin 2018-ci il Türkiyə Əhali və Sağlamlıq Sorğusunun nəticələrinə əsasən, 20–24 yaşlı qadınların təxminən 15 faizi 18 yaşından əvvəl ərə verilib”.

O bildirib ki, xüsusilə Şərqi və Cənub-Şərqi Anadolunun bəzi vilayətlərində qeyri-rəsmi dini nikahlar vasitəsilə azyaşlı qızların ailə həyatına cəlb edilməsi halları ilə rastlaşmaq mümkündür:

“Qeydiyyatdan keçməyən “imam nikahı” ilə yaşı çatmayan qızların ailə həyatına cəlb edilməsi bu bölgələrdə hələ də rast gəlinən haldır”.

Mehriban Zeynalova Türkiyə nümunəsinin qanunvericiliyin mövcudluğunun təkbaşına kifayət etmədiyini göstərdiyini vurğulayıb:

“Türkiyə nümunəsi göstərir ki, dünyəvi qanunvericilik vacib şərtdir”.

tirkiyr.jpg (25 KB)

Azərbaycanla müqayisəyə toxunan M. Zeynalova Konstitusiyada təsbit olunan dünyəvilik prinsipini, nikah yaşını və qadın hüquqlarını qoruyan qanunvericiliyi önə çəkib:

“Bu fonda Azərbaycan Respublikasının seçdiyi yol xüsusi qeyd olunmalıdır. Azərbaycan Konstitusiyasının 7-ci maddəsi dövləti demokratik, hüquqi və dünyəvi respublika kimi müəyyən edir. 18-ci maddə isə dinin dövlətdən ayrı olduğunu təsbit edir. Bu konstitusiya prinsipi ailə hüququnun dini təfsirlərə deyil, vahid dünyəvi qanunvericiliyə əsaslanmasını təmin edir”.

O bildirib ki, Azərbaycanda qadın və kişi üçün nikah yaşının 18 müəyyənləşdirilməsi və qadını nikaha məcbur etməyin cinayət əməli kimi tanınması uşaq hüquqlarının müdafiəsi baxımından əhəmiyyətlidir:

“2011-ci ildə Ailə Məcəlləsinin 10-cu maddəsinə edilən dəyişikliklə qadınlar üçün nikah yaşı 17-dən 18-ə qaldırıldı və kişi ilə qadın üçün vahid 18 yaş həddi müəyyən edildi. Qanun bu yaşın yalnız üzrlü səbəblər olduqda və ən çoxu bir il azaldılmasına icazə verir. Elə həmin il Cinayət Məcəlləsinə 176-1-ci maddə əlavə edildi və qadını nikaha daxil olmağa məcbur etmək cinayət əməli kimi tanındı”.

Bununla belə, o, Azərbaycanda da problemin tam aradan qalxmadığını qeyd edib:

“Əlbəttə, rəsmi qeydiyyatdan kənar dini nikahlar və bəzi bölgələrdə hələ də mövcud olan sosial stereotiplər problemin tam aradan qalxmadığını göstərir. Lakin hüquqi baza aydındır və onun ardıcıl tətbiqi, maarifləndirmə ilə gücləndirilməsi bu problemin həllinin ən etibarlı yoludur”.

Mehriban Zeynalova beş ölkədəki vəziyyəti müqayisə edərək dünyəvi dövlət modelinin uşaqların hüquqlarının qorunmasındakı rolunu xüsusi vurğulayıb:

“Müqayisə göz qabağındadır. Əfqanıstanda, İranda və getdikcə daha çox İraqda dövlət ailə hüququnu dini təsirlərə tabe etdiyi üçün 9–13 yaşlı qızların nikahı ya qanunla icazəli, ya da qanunun gözü qarşısında cəzasız qalır. Azərbaycanda isə dünyəvi dövlət modeli uşağı ailə başçısının və ya din xadiminin qərarından üstün tutur və onu qanunla qoruyur. Bu, dünyəvi dövlətin dinə qarşı olması demək deyil. Dünyəvi dövlət hər vətəndaşın vicdan azadlığına hörmət edir, lakin heç bir dini təsirin uşağın hüquqlarından üstün tutulmasına yol vermir”.

şagird.jpg (48 KB)

Zeynalova qadınların geyimi, təhsili və ailə həyatı ilə bağlı seçimlərinə məcburi müdaxiləni də qəbuledilməz hesab etdiyini bildirib:

“Biz hər bir qadının öz inancına uyğun geyinmək hüququna hörmət edirik. Lakin uşaq yaşında olan qızlara hicabın və ya digər dini normaların təzyiqlə qəbul etdirilməsini, qadının ictimai həyatdan təcrid edilməsinə xidmət edən ideoloji təbliğatı dünyəvi cəmiyyətimiz üçün təhlükə hesab edirik”.

O, qadın hüquqlarının müdafiəsinin yalnız bir sahə ilə məhdudlaşmadığını, təhsil, şəxsi seçim və ailə həyatı məsələlərini də əhatə etdiyini vurğulayıb:

“Çünki tarix və statistika göstərir ki, qadının seçim azadlığının bir sahədə məhdudlaşdırılması tezliklə digər sahələrə də yayılır. Əvvəl geyim, sonra təhsil, daha sonra isə nikah yaşı və həyat yolu başqaları tərəfindən müəyyən edilir”.

Mehriban Zeynalova Azərbaycanın dünyəvi dövlətçilik ənənələrinin, qadınların təhsil və hüquq bərabərliyi uğrunda əldə etdiyi nailiyyətlərin qorunmasının vacibliyini qeyd edib:

“Azərbaycan qadınının tarixi inkişaf yolu təhsil, maarifçilik, ictimai fəallıq və hüquqi bərabərlik uğrunda mübarizə ilə bağlıdır. Bu nailiyyətlərin qorunması təkcə qadınların deyil, bütövlükdə cəmiyyətin məsuliyyətidir. Dünyəvi dövlətçilik bizim üçün yalnız konstitusion norma deyil, həm də qadının şəxsiyyət kimi tanınmasının, uşağın hüquqlarının qorunmasının və gələcək nəsillərin azad inkişafının mühüm təminatıdır”.

qizlar.jpg (40 KB)

M. Zeynalova bildirib ki, qız uşaqlarının təhsildən uzaqlaşdırılmadığı, erkən nikaha yönləndirilmədiyi və hüquqlarının qorunduğu cəmiyyətin formalaşması hamının məsuliyyətidir:

“Biz qadının geyiminə görə deyil, hüquqlarına, təhsilinə, intellektinə, şəxsiyyətinə və cəmiyyətə verdiyi töhfəyə görə qiymətləndirildiyi Azərbaycanı müdafiə edirik. Azərbaycanın dünyəvi dövlət modeli, qadın hüquqlarına əsaslanan qanunvericiliyi və erkən evliliyə qarşı qəbul etdiyi qanunlar bizim ortaq dəyərimizdir. Bu dəyəri qorumaq, maarifləndirmə ilə gücləndirmək və gələcək nəsillərə ötürmək hər birimizin vətəndaşlıq borcudur”.

Şahanə Rəhimli
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir