Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çinin xarici işlər naziri Van İ Azərbaycana, Xorvatiyaya, Monteneqroya və Bolqarıstana səfər edəcək. “Sinxua” agentliyinin vurğuladığı kimi, bu səfərlər zamanı Van İ Çin Xalq Respublikasının Sədri Si Cinpini təmsil edəcək.
Mətbuatda ən çox şərh doğuran da Van İnin məhz Azərbaycana səfəridir. Azərbaycanı yalnız Moskva və Pekin deyil, Vaşinqton da diqqətlə izləyir. Təsadüfi deyil ki, bu il ABŞ-ın vitse-prezidenti Cey Di Vens Bakıda səfərdə olub. Təbii ki, Pekin Azərbaycanı və ümumilikdə Cənubi Qafqazı Vaşinqtonun təsir dairəsinə buraxmaq istəmir. Çin ixrac məhsullarının daşınması üçün regiondan keçən marşrutlar planlaşdırılır. Çin siyasətinin arxa planında məhz bu amil dayanır.

Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mao Nin Azərbaycanla münasibətlərə toxunaraq deyib ki, Çin xarici işlər naziri rəsmi Bakı ilə qarşılıqlı anlaşmaya nail olmağa ümid edir. Səfər zamanı azərbaycanlı həmkarlarla həm ikitərəfli münasibətlər, həm də aktual beynəlxalq məsələlər müzakirə olunacaq.
Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunun direktoru Aleksey Maslov “Nezavisimaya qazeta”ya müsahibəsində bildirib ki, təxminən bir il əvvəl Çin əvvəllər Rusiya ilə əməkdaşlıq edən regionlarda fəallığını artırmağa başladı. Söhbət Mərkəzi Asiyadan gedir. Mərkəzi Asiya liderlərinin Si Cinpinlə görüşü keçirildi. İndi isə Çin diqqətini Qafqaz və Cənubi Qafqaza yönəldir. Pandemiyanın başa çatmasından sonra Çin Cənubi Qafqaza investisiyalarını kəskin şəkildə artırıb. Azərbaycanda, o cümlədən Bakıda və limanlarda logistika anbarları tikir. Çinlə Azərbaycanın təxminən 1 milyard dollar həcmində investisiya fondu da var.
Siyasi şərhçi Qulamhüseyn Əlibəyli Musavat.com-a bildirdi ki, Azərbaycan artıq enerji diplomatiyası ilə yanaşı olaraq həm Güney Qafqazın və həm də Avrasiyanın nəqliyyat, investisiya və siyasi əlaqələrində də öz mövqeyini gücləndirməyə çalışır: “Çin xarici işlər naziri Van İ-nin Azərbaycanı da əhatə edən turnesini bu baxımdan qiymətləndirmək daha düzgün olardı. Bu turnenin coğrafiyası da maraqlıdır. Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstanı vahid nəqliyyat layihəsinin ardıcıl marşrutu kimi saymaq üçün əsas yoxdur. Bununla belə, səfər coğrafiyasını Çinin Avrasiyanın müxtəlif hissələrində siyasi əlaqələri və iqtisadi iştirakını gücləndirmək cəhdi kimi qiymətləndirmək mümkündür. Azərbaycan bu geniş diplomatik gündəliyin mühüm tərkib hissəsidir. Bir məsələni qeyd etmək lazımdır ki, Van İ Çin Xalq Respublikasının Sədri Si Cinpini təmsilçisi statusu məhz oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VII Zirvə Görüşündə iştirakı ilə bağlıdır. Deməli, Bakı proqramı həm ikitərəfli münasibətləri, həm də Çinin Asiyanın təhlükəsizlik gündəliyində iştirakını birləşdirir.
Dünyanın 2 supergücü sayılan ABŞ və Çinin diqqətinin Azərbaycana yönəlməsi təsadüfi deyil. Zahirən bu Azərbaycanın xəritədəki yeri ilə əlaqələndirilə bilər. Lakin bu yanaşma geosiyasi reallığı qismən əks etdirir. Diqqətin Azərbaycana yönəlməsi ölkəmizin xəritədəki bugünkü yeri ilə yanaşı gələcəyin xəritəsində tutacağı yer ilə əlaqəlidir. Bu gün Azərbaycan hər 2 supergüclə – həm ABŞ, həm də Çin ilə bərabərhüquqlu strateji tərəfdaşdır. Supergüclərin yolunun Azərbaycandan keçməsi təbii və coğrafi üstünlükdür. Həmin yolların əsas şərtlərinin müəyyənləşdirilməsində Azərbaycanın söz sahibi olması isə strateji qazancdır. Yəni Azərbaycan üçün əsas məsələ böyük dövlətlərin diqqətindən necə istifadə etmək bacarığıdır. Coğrafi mövqe Azərbaycana müəyyən avantaj, başlanğıc üstünlük verir. Həmin üstünlüyü davamlı geosiyasi kapitala və siyasi sərbəstliyə çevirmək isə səmərəli diplomatiya, şəffaf müqavilələr, etibarlı infrastruktur və regional sabitlik tələb edir. Ümumiyyətlə, Çin siyasətinin arxa planında daha çox iqtisadi hesab dayanır. Çin ixrac məhsullarının Avropaya çatdırılması üçün alternativ marşrutlara ehtiyac duyur. Şimal dəhlizi geosiyasi risklərlə yüklənib, dəniz yolları isə həm vaxt, həm də təhlükəsizlik baxımından həssasdır. Alternativ yollar yük daşımalarının siyasi böhranlardan, təhlükəsizlik problemlərindən və ayrı-ayrı nəqliyyat xətlərindəki fasilələrdən asılılığını azaltmağa imkan verir. Orta Asiya, Xəzər və Cənubi Qafqazdan keçən Orta Dəhliz bu mənada Pekin üçün strateji əhəmiyyət kəsb edir. Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqaz üzərindən əlaqələr Pekinə əlavə seçim yaradır. Azərbaycan həmin zəncirin ən vacib həlqələrindən biridir. Tranzit imkanları, Xəzər limanları və Avropaya çıxış Bakını Çin üçün tərəfdaşdan daha artıq, açar halqa edir.
Görünən odur ki, Azərbaycanla bağlı Çinin əsas marağı ölkəmiz üzərindən keçən marşrutların və bağlantıların nə dərəcədə etibarlı və əlçatan olacağı ilə bağlıdır. Çin həm də özünün ixrac məhsullarının daşınması üçün regiondan keçən marşrutlar planlaşdırılır. Yəni Azərbaycan həm təhlükəsiz tranzit olkə və həm də etibarlı tərəfdaş kimi Pekinin diqqətini cəlb edir”.

Siyasi şərhçi hesab edir ki, bu səfəri “Pekin Azərbaycanı və ümumilikdə Güney Qafqazı Vaşinqtonun təsir dairəsinə buraxmaq istəmir” yanaşması ilə izah eləmək cəlbedici görünür: “Bu regionda supergüclərin rəqabətinin olduğunu və daha da gücləndiyini göstərir. Lakin bu yanaşma regionun və Azərbaycanın geosiyasi və iqtisadi maraqlarını, bütövlükdə bir dövlət kimi siyasi iradəsini arxa plana keçirir. Bütövlükdə Güney Qafqaz regionu, o cümlədən Azərbaycan supergüclərin birinin digərinə təhvil verə biləcəyi siyasi məkan deyil. Azərbaycan da orta güc kimi regional proseslərə təsir göstərir, özünə tərəfdaş seçir, şərtlər irəli sürür və xarici maraqları öz məqsədlərinə uyğunlaşdırmağa çalışır. Əlbəttə regionda və Azərbaycanda ABŞ və Rusiyanın maraqlarının olduğunu və onlarla Çin arasında rəqabətin getdiyini və bu rəqabətin mahiyyətini nəzərdən qaçırmaq olmaz
Belə ki, Azərbaycandan və regiondan keçən marşrutlar həm Çin mallarının daşınmasına, həm də ABŞ-ın dəstəklədiyi regional bağlantı layihələrinə xidmət edə bilər. Bu mənada maraqların müəyyən nöqtələrdə üst-üstə düşməsi təbii görünür. Lakin maraqların toqquşduğu hallar da çoxdur. Maraqların toqquşması və əsas mübahisələr yolun mövcudluğundan çox, onun maliyyələşdirilməsi, idarə olunması, texnoloji standartları və yaratdığı siyasi təsir ətrafında yaranır. Burada Azərbaycan üçün müxtəlif tərəfdaşların maraqlarını bir-birini tamamlayan layihələrə çevirmək kimi mühüm imkan meydana çıxır. Ancaq bu imkanın qorunması iqtisadi əməkdaşlığın siyasi seçim üzərində inhisar yaratmamasından asılıdır. Bir tərəfdaşla yaxınlaşma digər tərəfdaşla münasibətləri avtomatik məhdudlaşdıran öhdəliyə çevrilərsə, Azərbaycanın manevr sahəsi daralar.
Regionda Rusiyanın maraqlarını və mövqeyini də qeyd etmək lazımdır. Çinin regionda fəallaşması avtomatik olaraq sıxışdırılıb çıxarılması anlamına gəlmir. Rusiya və Çin müəyyən siyasi məsələlərdə yaxın mövqelər tutsalar da, nəqliyyat, loqistika, bağlantı və investisiya sahələrində isə fərqli maraqlara malikdirlər. Buna görə regiondakı dəyişiklikləri yalnız bir gücün geri çəkilməsi və digərinin onun yerini tutması kimi qiymətləndirmək kifayət etmir. Azərbaycan və bütövlükdə Güney Qafqaz bir neçə güc mərkəzinin eyni vaxtda maraq göstərdiyi məkana çevrilir. Həm də bu maraqların diametral fərqli olduğu görünür. Çin Azərbaycanla əlaqələrini dərinləşdirmək istəyir, Vaşinqton regional bağlantılarda daha fəal iştirak edir, Moskva isə öz maraqlarını qorumağa çalışır. Bu geosiyasi rəqabət Azərbaycan üçün həm imkan, həm də çətin bir sınaqdır. Bir tərəfdən Çin, ABŞ, Avropa İttifaqı, Rusiya və Türkiyə kimi güc mərkəzlərinin eyni anda Bakıya maraq göstərməsi ölkənin diplomatik çəkisini artırır. Digər tərəfdən bu maraqların toqquşduğu məkanda tarazlığı qorumaq xüsusi məharət tələb edir. Bakının uğuru bu maraqlar arasında seçim etməyə məcbur qalmaqdan yayınaraq, hər bir əməkdaşlıqdan konkret milli fayda əldə etməsində olacaq. Azərbaycanın uzun illərdir yeritdiyi çoxvektorlu və balanslaşdırılmış xarici siyasət məhz belə anlar üçün yaradılıb. Praktik baxımdan Bakı üçün əsas məsələ Çin sərmayəsinin və tranzit yüklərinin real həcmlərini artırmaqdır. Bunun üçün infrastrukturun, gömrük prosedurlarının və dəhliz boyu ölkələrarası koordinasiyanın təkmilləşdirilməsi vacibdir. Çinin maraqları ilə Azərbaycanın tranzit mərkəzi və orta güc strategiyası üst-üstə düşür, amma bu uyğunluq avtomatik nəticə vermir, işləyən mexanizmlərlə möhkəmləndirilməlidir”.
Q.Əlibəyli sonda onu da diqqətə çatdırdı ki, Van İ-nin Bakı səfəri sıradan bir səfər yox, Pekinin Güney Qafqaz strategiyasının növbəti mərhələsinin siqnalıdır: “Çin burada təsir dairəsi uğrunda gərginlik yaratmaq çox ticarət marşrutlarına və logistika nöqtələrinə sabit çıxış əldə etmək istəyir. Bunun nə dərəcədə uğurlu olacağı həm Bakının mövqeyindən, həm də regionda rəqabət aparan digər güclərin addımlarından asılıdır. Bir şey aydındır. Güney Qafqaz artıq böyük güclərin diqqət mərkəzindədir və Azərbaycanın bu mərkəzdə rolu getdikcə artmaqdadır”.
Cavanşir Abbaslı
Musavat.com

