“Müəllimlərin pensiya təminatının yaxşılaşdırılması üçün onların əməkhaqlarının artırılması və pensiya kapitalının yüksəldilməsi vacibdir”.
Bunu Milli Məclisin deputatı Elşad Musayev müəllimlərin əməkhaqları və pensiya təminatı ilə bağlı Bakıvaxtı.az-a danışarkən bildirib.
Deputat qeyd edib ki, müəllimlər cəmiyyətin xüsusi təbəqəsidir və o, özü də müəllim ailəsindən olduğu üçün müəllimlərin cəmiyyətdəki rolunu yaxşı bilir:
“Ölkənin gələcəyini indiki yeniyetmələr, uşaqlar və gənclər təşkil edir. Onlara təlim-tərbiyə verən, dərs öyrədən müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Buna görə də ilk növbədə müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılmasına çalışmaq lazımdır. Bunun üçün sosial müdafiə sahəsində imkanlar genişlənməlidir”.
Elşad Musayev müəllimlərin pensiya təminatının yaxşılaşdırılması məsələsinə də toxunub. O bildirib ki, bu sahədə qanunvericilik mövcuddur və hazırda pensiya islahatları ilə bağlı məsələlər Milli Məclisin plenar iclaslarında da müzakirə olunur.
Deputat hesab edir ki, müəllimlərin pensiya təminatını yaxşılaşdırmaq üçün ilk növbədə onların əməkhaqlarının yüksək olmasına çalışmaq lazımdır. Onun sözlərinə görə, müəllimlərin əməkhaqları ildən-ilə artır və bu, müsbət haldır. Gələcəkdə də müəllimlər cəmiyyətin xüsusi təbəqəsi kimi nəzərə alınmalı, onların əməkhaqlarının artırılmasına xüsusi diqqət yetirilməlidir.
“Verilən mesajlar gələn ildən minimum əməkhaqqının və orta aylıq əməkhaqqının artırılmasının gözlənildiyini göstərir. Ölkənin iqtisadi potensialı güclü olduqda və əməkhaqları yüksək səviyyəyə çatdıqda müəllimlərin pensiya kapitalı da artır. Belə olduğu halda, müəllimlərin daha yaxşı pensiya təminatından danışmaq mümkün olur”.
Deputat əlavə edib ki, gələcəkdə müəllimlər üçün hər hansı xüsusi və fərqləndirici mexanizmlərin tətbiqi məsələsi gündəmə gələrsə, bu barədə də müzakirələr aparmaq olar.

