Azərbaycanda 15–29 yaşlı kişilər arasında ölüm göstəricisi qadınlarla müqayisədə xeyli yüksəkdir. Xüsusilə travmalar, zəhərlənmələr və digər xarici səbəblər gənc kişilərin ölüm göstəricilərində böyük paya malikdir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə hər 100 min nəfər 15–29 yaşlı kişi əhaliyə 77,1 ölüm halı düşüb. Eyni yaş qrupunda olan qadınlar arasında bu göstərici 34,6 olub. Beləliklə, gənc kişilərdə ölüm göstəricisi qadınlarla müqayisədə 2,2 dəfədən çoxdur.
Rəsmi məlumatlara görə, 2025-ci ildə kişilər arasında ölüm göstəricisinin ən böyük hissəsi travmalar, zəhərlənmələr və xarici səbəblərin digər nəticələri ilə bağlıdır. Hər 100 min nəfərə düşən göstərici 41,2 olub. Qadınlarda isə bu göstərici 10,4 təşkil edib. Sonrakı yerdə qan dövranı sistemi xəstəlikləri gəlir. 2025-ci ildə bu səbəbdən hər 100 min nəfər gənc kişiyə 9,1, qadına isə 5,3 ölüm halı düşüb. Yenitörəmələr üzrə ölüm göstəricisi kişilərdə hər 100 min nəfər üzrə 3,8, qadınlarda 3,7 olub.
Tənəffüs sistemi xəstəliklərindən ölüm göstəricisi kişilərdə 2,6, qadınlarda 1,8, həzm sistemi xəstəliklərindən isə müvafiq olaraq 1,1 və 0,8 təşkil edib.
Bəs Azərbaycanda 15–29 yaşlı kişilər arasında ölüm göstəricisinin qadınlarla müqayisədə 2,2 dəfədən çox olması nə ilə bağlıdır?
Mövzu ilə bağlı Bakı Ağrı Klinikasının baş həkimi, invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov Musavat.com-a danışıb. Mütəxəssis qeyd edib ki, kişilər arasında ölüm göstəricilərinin qadınlarla müqayisədə daha yüksək olması dünyanın bir çox ölkəsində müşahidə edilən tendensiyadır: “Bu fərqin yaranmasına bir sıra amillər təsir göstərir. Söhbət təkcə xəstəliklərdən deyil, həm də həyat tərzindən, zərərli vərdişlərdən, əmək şəraitindən, travmalardan və sağlamlığa münasibətdən gedir. Azərbaycanda da 15–29 yaşlı kişilər arasında ölüm göstəricilərinin qadınlarla müqayisədə 2,2 dəfədən çox olması bu məsələyə kompleks yanaşmağın vacibliyini göstərir.
Əvvəla, kişilər arasında siqaret istifadəsinin geniş yayılması mühüm risk amillərindən biridir. Son illərdə qadınlar arasında da siqaret çəkənlərin sayında artım müşahidə olunsa da, bu vərdiş kişilər arasında daha geniş yayılıb. Siqaret təkcə ağciyərlərə deyil, bütövlükdə orqanizmə mənfi təsir göstərir. O, ağciyər xərçəngi, xroniki tənəffüs yolları xəstəlikləri və ürək-damar problemləri riskini artırır, eyni zamanda mövcud xəstəliklərin gedişini ağırlaşdıra bilər. Xüsusilə gənc yaşlarda formalaşan bu vərdiş uzunmüddətli perspektivdə ciddi sağlamlıq problemlərinə gətirib çıxara bilər”.
Mütəxəssidin fikrincə, ikinci mühüm amil alkoqol istifadəsidir: “Alkoqolun həddindən artıq qəbulu qaraciyər və mədə-bağırsaq sistemi xəstəliklərinə, ürək-damar problemlərinə və bəzi xərçəng növlərinin yaranma riskinin artmasına səbəb ola bilər. Bununla yanaşı, alkoqol insanın diqqətini və reaksiya sürətini zəiflədərək yol-nəqliyyat hadisələri, yıxılmalar, məişət və istehsalat qəzaları riskini də yüksəldir. Bu baxımdan alkoqol istifadəsi yalnız xroniki xəstəliklər deyil, həm də xarici səbəblərdən baş verən ölüm halları ilə əlaqəli risk amili kimi qiymətləndirilməlidir”.
Zülfüqar Yusifovun sözlərinə görə, digər mühüm məsələ kişilərin əmək fəaliyyəti ilə bağlıdır: “Fiziki cəhətdən ağır, təhlükəli və yüksək riskli işlərdə çalışan kişilərin sayı çox olduqda istehsalat qəzaları, müxtəlif travmalar və peşə xəstəlikləri riski də artır. Tikinti, sənaye, nəqliyyat və digər təhlükəli sahələrdə əməyin mühafizəsi qaydalarına əməl edilməməsi ağır nəticələrə səbəb ola bilər. Eyni zamanda, yüksək iş yükü, uzun iş saatları və davamlı stress ürək-damar sisteminə mənfi təsir göstərə, yuxu pozuntularına və digər sağlamlıq problemlərinə yol aça bilər”.
Bununla belə, mütəxəssis bildirib ki, kişilər arasında ölüm hallarının yüksək olmasını yalnız fiziki əmək və stresslə əlaqələndirmək düzgün deyil: “Burada riskli davranışlar, yol hərəkəti qaydalarına əməl edilməməsi, sürət həddinin aşılması, təhlükəsizlik kəmərindən istifadə olunmaması, eləcə də bəzi hallarda zorakılıq və digər xarici amillər də rol oynaya bilər. Xüsusilə 15–29 yaş qrupu üçün travmalar və xarici səbəblərdən ölüm hallarının yüksək olması bu risklərin ayrıca araşdırılmasını zəruri edir.
Başqa yandan, kişilərin sağlamlıqlarına münasibəti də mühüm əhəmiyyət daşıyır. Bəzi kişilər xəstəlik əlamətlərini vaxtında ciddiyə almır, həkimə müraciəti gecikdirir və profilaktik müayinələrdən yayınırlar. Nəticədə, vaxtında aşkarlanması və müalicəsi mümkün olan xəstəliklər ağırlaşa bilər. Halbuki arterial təzyiqin, qanda şəkərin və xolesterinin mütəmadi yoxlanılması, sağlam qidalanma, fiziki aktivlik, zərərli vərdişlərdən uzaq durmaq və xəstəlik əlamətləri yarandıqda vaxtında tibbi yardım almaq bir çox riskin azaldılmasına kömək edə bilər”.
Xalidə Gəray,
Musavat.com

