Bank köçürmələri ucuzlaşır: Vətəndaş da fürsətdən yararlana biləcək?

Bank köçürmələri ucuzlaşır: Vətəndaş da fürsətdən yararlana biləcək?

Azərbaycanda banklararası ödəniş sistemləri üzrə xidmət haqları azaldılır. Azərbaycan Mərkəzi Bankının təsdiqlədiyi yeni tariflərə əsasən, 2027-ci il aprelin 1-dən AZIPS üzrə xidmət haqlarının yuxarı həddi 2 dəfə, XÖHKS üzrə isə 1,5 dəfə aşağı salınacaq. Ani Ödənişlər Sistemində də daha aşağı tariflər tətbiq ediləcək.

Bu dəyişikliklər bankların əməliyyat xərclərini azalda bilər. Lakin əsas məsələ həmin qənaətin bank müştərilərinə də şamil olunub-olunmayacağıdır. Çünki bankların ödədiyi xidmət haqlarının azalması vətəndaşların kartdan-karta pul köçürərkən ödədikləri komissiyaların da aşağı düşəcəyi demək deyil.

Bəs yeni tariflər bank müştərilərinin xərclərinə necə təsir edəcək? Banklar əməliyyat xərclərinin azalmasını komissiyalara yansıtmağa borcludurlarmı? Vətəndaşlar daha ucuz köçürmələrdən yararlana biləcəklərmi?

Mövzu barədə Musavat.com-a danışan Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) üzvü, “E-qiymet” portalının rəhbəri Hüseyn Talıbov bildirib ki, banklararası ödəniş sistemləri üzrə xidmət haqlarının azaldılması bankların əməliyyat xərclərini optimallaşdırmaqla yanaşı, nağdsız hesablaşmaların genişləndirilməsi üçün də imkanlar yaradır: “Lakin bu dəyişikliklərin vətəndaşların gündəlik xərclərində real əksini tapması bankların tarif siyasətindən və rəqabət mühitindən asılı olacaq. Əsas məsələ bankların daha ucuz hesablaşma imkanları əldə etməsi deyil, bu üstünlüyün müştərilərə nə dərəcədə ötürülməsidir”.

AQP üzvünün sözlərinə görə, Azərbaycan Mərkəzi Bankının qərarı ilə təsdiqlənən yeni tariflər 2027-ci il aprelin 1-dən qüvvəyə minəcək. Dəyişikliklərə əsasən, Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZIPS) üzrə xidmət haqlarının yuxarı həddi iki dəfə, Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) üzrə isə 1,5 dəfə azaldılır. Ani Ödənişlər Sistemi (AÖS) üzrə daha aşağı xidmət haqları müəyyənləşdirilir, Banklararası Kart Mərkəzində (BKM) isə kartdan köçürmə əməliyyatlarının emalı üzrə tariflər yenilənir.

Attachment

Hüseyn Talıbov qeyd edib ki, bankların xərclərinin azalması ilə müştərilərin ödədiyi komissiyaların aşağı düşməsi fərqli məsələlərdir. Birinci göstəricinin azalması banklara tariflərə yenidən baxmaq üçün əsas yaratsa da, komissiyaların avtomatik və eyni nisbətdə azalmasına zəmanət vermir: “Banklar əldə etdikləri qənaəti müştərilər üçün daha sərfəli tariflərə yönəldə, yaxud digər əməliyyat xərclərini qarşılamaq və gəlirliliyini artırmaq üçün istifadə edə bilərlər. Nəticə bankların qiymət siyasətindən və bazardakı rəqabətdən asılı olaraq dəyişəcək”.

Ekspert xüsusilə kartdan-karta köçürmələrdə tariflərin hansı xidmətə aid olduğunu dəqiq müəyyənləşdirməyin vacibliyini vurğulayıb: “Banklararası hesablaşma sisteminə görə ödənilən xidmət haqqı ilə kart əməliyyatının emalı üçün tətbiq olunan tarif eyni anlayış deyil. Buna görə də konkret əməliyyat üzrə xərcin azalmasının müştəri komissiyasına təsirini qiymətləndirərkən bankların yeni tarifləri ilə yanaşı, həmin xərclərin ümumi xərc strukturundakı payı da nəzərə alınmalıdır.

Vətəndaş üçün əsas göstərici bankın nə qədər qənaət etməsi deyil, eyni məbləği köçürmək üçün əvvəlkindən nə qədər az ödəməsidir. Banklararası sistemlərdə yaranan xərc üstünlüyünün müştəriyə hansı həcmdə ötürüləcəyi isə bankların tarif siyasətindən asılıdır”.

Müsahibimiz beynəlxalq təcrübənin də istehlakçılar üçün qiymət əlçatanlığının əhəmiyyətini göstərdiyini bildirib: “Avropa İttifaqının 2024-cü ildə qəbul etdiyi reqlamentə əsasən, avro ilə ani kredit köçürmələri üçün tutulan haqlar eyni xüsusiyyətlərə malik adi kredit köçürmələri üçün tətbiq edilən haqlardan yüksək ola bilməz. Tənzimləmənin məqsədlərindən biri ani ödənişlərin daha geniş istifadəsini təşviq etmək və istehlakçıların daha sürətli xidmətə görə əlavə xərc ödəməsinin qarşısını almaqdır.

Avropa təcrübəsi ödəniş infrastrukturunun inkişafı ilə yanaşı, istehlakçının həmin xidmətdən hansı qiymətə istifadə etməsini də əhəmiyyətli sayır. Bununla belə, Avropa İttifaqındakı qaydanı Azərbaycanda banklararası tariflərin azaldılması ilə eyniləşdirmək olmaz. Orada ani və uyğun adi köçürmələr üçün müştəridən tutulan haqlar arasındakı münasibət tənzimlənir. Azərbaycanda isə əsas məsələ banklararası xərclərin azalmasının son istifadəçinin ödədiyi komissiyalara nə dərəcədə təsir edəcəyidir.

Yeni tariflər banklar arasında rəqabətin güclənməsi üçün də imkan yarada bilər. Banklar xərc üstünlüyündən istifadə edərək komissiyaları azalda, daha əlverişli ödəniş paketləri təklif edə və müştəriləri rəqəmsal xidmətlərə cəlb edə bilərlər. Lakin bu imkanın reallaşması müştərilərin alternativləri müqayisə etmək imkanından, tariflərin şəffaflığından və bankların bazardakı mövqeyindən asılıdır”.

Hüseyn Talıbov Ani Ödənişlər Sisteminin inkişafının da əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, sistemin 24/7 rejimində real vaxt hesablaşmalarını təmin etməsi və sadə identifikatorlar vasitəsilə bank hesabları arasında köçürmələri asanlaşdırması vətəndaşlar və sahibkarlar üçün əməliyyat rahatlığını artırır. Vəsaitlərin daha sürətli əldə edilməsi biznesin pul dövriyyəsinə müsbət təsir göstərə, münasib tariflər isə nağdsız hesablaşmaların genişlənməsinə şərait yarada bilər: “Bununla belə, əməliyyatın sürətli həyata keçirilməsi onun mütləq daha ucuz olması demək deyil. Texniki imkanların real iqtisadi üstünlüyə çevrilməsi üçün bankların müştərilərə tətbiq etdiyi tariflər də əhəmiyyət daşıyır.

Banklararası xidmət haqlarının azaldılması ilə müştəri komissiyalarının aşağı salınması arasında hüquqi fərq də nəzərə alınmalıdır. Müştərilərə tətbiq olunan tariflərin azaldılması ayrıca normativ tələb kimi müəyyənləşdirilməyibsə, banklararası xərclərin aşağı düşməsi bankları bütün komissiyaları azaltmağa avtomatik şəkildə məcbur etmir”.

Ekspert hesab edir ki, yeni tarif siyasətinin nəticələri bankların xərclərindəki dəyişikliklə yanaşı, müştərilərə tətbiq olunan komissiyalar əsasında da qiymətləndirilməlidir. “Əgər banklararası sistemlərdə yaranan xərc üstünlüyü müştərilər üçün daha sərfəli xidmətlərə çevrilərsə, bu, həm əhalinin xərclərinin azalmasına, həm də nağdsız hesablaşmaların genişlənməsinə töhfə verə bilər. Əks halda, bankların qənaəti ilə vətəndaşların real faydası arasında fərq qalacaq”, – deyə Hüseyn Talıbov fikirlərini yekunlaşdırıb.

Afaq Mirayiq,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir