Bu ilin səkkiz ayında Azərbaycanda Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələrində 26 min 485 nikaha daxilolma və 13 min 278 boşanma halı qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) son statistik hesabatında bildirilir. Ötən ilin eyni dövründə boşanma sayı 13 min 869, nikah sayı isə 31 min 403 olmuşdu.
Rəqəmlərin müqayisəsi göstərir ki, boşanma sayında (4.3 faiz) azalma olsa da, onun nikah sayına olan faiz göstəricisi artıb. Çünki nikah saylarında daha kəskin (15.7 faiz) azalma qeydə alınıb. Ekspertlər Azərbaycanda ilk dəfə boşanma sayının nikah sayının 50 faizini keçməsini ən müxtəlif səbəblərlə izah edirlər. Onların vurğulamasına görə, bütünlükdə dünyada boşanmalar artır. Üstəlik, ekspertlərin fikrincə, Azərbaycanda sosial amillər, işsizlik və yoxsulluq da boşanma faizini yüksəldir.
Bu ailə institutuna təhlükə deyilmi? Həyəcan təbili çalınmalıdırmı? Dövlət hansı preventiv tədbirlər görə bilər?

Mövzu ilə bağlı millət vəkili Azər Allahverənov Musavat.com-a danışıb: “Azərbaycanda ilk dəfə olaraq boşanmaların sayının nikahların sayının 50 faizini keçməsi, şübhəsiz ki, narahatlıq doğuran məsələdir. İstər-istəməz, aidiyyəti qurumlar bu məsələ ilə bağlı çox ciddi araşdırmalara başlamalıdırlar. Burada bir tərəfdən sosial amillər, işsizlik, yoxsulluq və iqtisadi problemlərlə bağlı səbəblər var. Bunlar ümumilikdə boşanmalara təsir göstərən faktorlardır. Digər tərəfdən də məsələyə fərqli kontekstdən yanaşmaq vacibdir. İlk növbədə ənənəvi təsir amilləri hərtərəfli öyrənilməli və bunun əsasında preventiv tədbirlər həyata keçirilməlidir. Eyni zamanda, ailə institutunu boşanmalara səbəb ola biləcək hallardan qorumağa imkan verən yanaşmalar formalaşdırılmalıdır.
Məsələnin digər mühüm tərəfi isə dərinləşdirilmiş sorğuların və tədqiqatların aparılmasıdır. Hesab edirəm ki, aidiyyəti qurumlar bu istiqamətdə mütləq hərəkətə keçməli, problemin səbəblərini bütün təfərrüatları ilə üzə çıxarmalıdırlar. Çünki boşanmaların xarakterinə diqqət yetirsək, bir neçə ay əvvəl nikahların pozulması ilə bağlı başqa bir statistik göstərici də geniş müzakirələrə səbəb olmuşdu. Söhbət nikah müddəti 20 ildən çox olan ailələrin dağılmasından gedir.
Təsəvvür edin ki, 20 ildən artıq mövcud olmuş bir ailə hansısa səbəblərdən dağılır. Belə ailələrdə nikahların pozulmasının statistik göstəricilərində də nəzərəçarpacaq artımın müşahidə olunması əlavə suallar yaradır. Əvvəllər əsasən nisbətən gənc ailələrin dağılmasından danışırdıqsa, indi qarşımızda tamamilə fərqli mənzərə yaranır. Uzun illər nikahda olmuş insanların boşanmağa qərar verməsinin səbəbləri ayrıca araşdırılmalıdır. Bu tendensiya da özlüyündə ciddi suallar doğurur”.
Millət vəkili hesab edir ki, boşanmaların artması ilə mübarizə kompleks tədbirlərin həyata keçirilməsini tələb edir. Onun fikrincə, gənc ailələrə sosial dəstəyin göstərilməsi, aztəminatlı ailələrin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlarla yanaşı, uzunmüddətli strategiyanın hazırlanması da vacibdir:
“Dövlət qurumlarının hansı addımları atmalı olduğuna gəlincə, burada kompleks tədbirlərin həyata keçirilməsi olduqca vacibdir. Məlumdur ki, gənc ailələrə müəyyən dəstək göstərilir, sosial yardımlar verilir. Xüsusilə həssas qruplara aid olan ailələrə münasibətdə belə yanaşmalar mövcuddur. Sosial mənzil proqramları və digər təşəbbüslər də aztəminatlı ailələrin iqtisadi imkanlarının artırılması, yaşayış şəraitinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Lakin əsas məsələ uzunmüddətli strategiyaya söykənən yanaşmanın formalaşdırılmasıdır. Bunun üçün əvvəlcə dərinləşdirilmiş sorğular keçirilməli, ayrı-ayrı boşanma halları öyrənilməli və nikahların hansı səbəblərdən pozulduğu ətraflı araşdırılmalıdır. Yalnız bundan sonra problemin səbəblərinə uyğun kompleks tədbirləri özündə birləşdirən vahid strategiyanın hazırlanması və həyata keçirilməsi mümkün olacaq.
Düzdür, ailələrə, xüsusilə də gənc ailələrə dəstək göstərilməsi istiqamətində müxtəlif proqramlar mövcuddur. Ancaq boşanmaların qarşısının alınmasına və ailə institutunun möhkəmləndirilməsinə yönəlmiş xüsusi, sistemli proqramların həyata keçirilməsi də vacibdir. Belə bir proqramın nəticəsi müəyyən müddətdən sonra ailə institutunun dayaqlarının gücləndirilməsində özünü göstərməlidir.
İstənilən halda, dünyada baş verən proseslərə diqqət yetirsək, görərik ki, boşanma məsələsi bu gün də bir çox dövlətlər üçün aktual problemlərdən biridir. Daha mühafizəkar ənənələrə malik cəmiyyətlərdə bu cür meyllərin qarşısının alınmasında ictimai normalar və sosial mexanizmlər müəyyən rol oynayır. Digər tərəfdən, demokratik cəmiyyətlərdə və qanunun aliliyinin təmin olunduğu dövlətlərdə boşanma halları daha geniş müzakirə olunur və bu məsələ, təbii ki, insan hüquqları kontekstində də qiymətləndirilir.
Bununla yanaşı, ailə institutu cəmiyyətin əsas özəklərindən biridir. Ona görə də bu institutun üzləşdiyi problemlərə laqeyd yanaşmaq olmaz. Əsas məsələ insanların hüquq və azadlıqlarını nəzərə almaqla yanaşı, ailələrin dağılmasına səbəb olan halların qarşısını almağa yönəlmiş preventiv mexanizmlərin formalaşdırılmasıdır. Bu mexanizmlər dövlət səviyyəsində hazırlanmış strategiya və onun əsasında həyata keçirilən proqramlar vasitəsilə səmərəli nəticələr verə bilər. Belə bir yanaşma olmadıqda, ailə institutu ciddi sınaqlarla üzləşir. Cəmiyyətdə meydana çıxan yeni meyllər isə ailələrin zəif olduğu hallarda onların sabitliyinə daha ciddi təsir göstərə bilər”.
Deputatın fikrincə, cəmiyyətdəki davranış modelləri və digər sosial proseslər də boşanmalara təsir edən amillər sırasındadır: “Buna görə də hesab edirəm ki, sosial, psixoloji, iqtisadi, mental və mədəni sahələrdə müşahidə olunan meyllərin hərtərəfli öyrənilməsinə və bu problemlərin həllinə yönəlmiş ciddi dövlət strategiyasının həyata keçirilməsinə ehtiyac var”.
Xalidə Gəray,
Musavat.com

