Ermənistanın Azərbaycan milli mətbəxinə aid nümunələri özününküləşdirməsi ilə bağlı təhlükə getdikcə artır. Belə ki, Ermənistan vətəndaşlarına verilən biometrik pasportlarda təndirdə lavaş bişirilməsi və əkinçilik elementlərinin də yerləşdirilməsi nəzərdə tutulur.
Bu barədə Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) sədri, Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov Musavat.com-a açıqlamasında bildirib.

Onun sözlərinə görə bununla bağlı Assosiasiya bəyanat hazırlayıb. Bəyanatda deyilir: “Hələ 26 aprel 2011-ci ildə ABŞ-da çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ciddi bir təhlükəyə diqqət çəkərək xüsusi qeyd etmişdir ki, “Bizim milli mətbəximiz yenə də ermənilər tərəfindən oğurlanır. Onlar bunu müxtəlif yollarla erməni mətbəxi kimi təqdim etməyə çalışırlar. Halbuki milli yeməklərimizin adları da Azərbaycan sözləridir. Ona görə də belə hərəkətlər, əlbəttə ki, bizi çox üzür. Biz öz milli mədəni irsimizi qorumalıyıq.
2022-ci ildən başlayaraq Ermənistanda Azərbaycan milli mətbəxinin mənimsənilməsinə, mətbəx nümunələrimizin tarixi, hazırlanma texnologiyaları və bunlarla bağlı ənənələrin özününküləşdirilməsinə yeni start verilib. Təəssüf ki, sahəyə cavabdeh qurumlar bu məsələdə, yumşaq desək, tam fəaliyyətsizlik göstərirlər. Bu cəhdlərin qarşısı alınmır. Unutmaq lazım deyil ki, tarixən torpaqlarımızın, mədəniyyətimizin və tariximizin işğalı məhz mətbəximizin işğalından başlayıb”.
O da qeyd edilir ki, 2022-ci ilin dekabrından sonra Ermənistanın Milli İrs portalında 250-dən çox milli mətbəx nümunəmiz yerləşdirilib. Ermənistan kulinarlarının beynəlxalq tədbirlərdə iştirakına da yol açılıb. 31 oktyabr 2025-ci ildə Ermənistanın Baş naziri erməni mətbəxinin ənənəvi kulinariya reseptlərinin ölkənin qeyri-maddi mədəni irsi kimi sənədləşdirilməsi və qorunması ilə bağlı genişmiqyaslı layihənin başlandığını bəyan edib.
“İndi isə 1 noyabr 2026-cı il tarixindən başlayaraq Ermənistan vətəndaşlarına verilən biometrik pasportlarda təndirdə lavaş bişirilməsi və əkinçilik elementlərinin də yerləşdirilməsi nəzərdə tutulur. Bu, əkinçilik və çörəkbişirmə mədəniyyətinin ermənilərə məxsus olması, onların Zaqafqaziyanın aborigen, yəni yerli xalqı, bizim isə gəlmə olduğumuz barədə təsəvvür yaratmağa xidmət edəcək.
Dövlətçiliyin yaranması məhz əkinçilik və oturaq həyatla bağlı olduğundan, bu ərazidə mövcud olmuş ilk dövlətlərin və suvarılan torpaqların ermənilərə məxsusluğu görüntüsü həm Ermənistan vətəndaşlarının, həm də xaricilərin şüuruna yeridiləcək.
2016-cı ildə UNESCO lavaşı erməni çörəyi kimi tanımış, Türkiyə və Azərbaycanın tələbindən bir gün sonra isə formul dəyişdirilərək onun ermənilər tərəfindən də bişirilən çörək olduğu qeyd edilib”, – deyə bəyanatda vurğulanıb.
Bəyanatın davamında bildirilir: “2016-cı ildə UNESCO nazik çörək — lavaş, fətir, yuxa və digər çörək növlərinin Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan və İrana, yəni türk xalqlarına mənsub olduğunu təsdiqləyib. 2023-cü ildə isə təndir və təndirdə çörək hazırlanması Azərbaycana aid nümunələr kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib.
Buna görə də Azərbaycan Milli Kulinariya Assosiasiyası lavaşın, təndirin və əkinçilik mədəniyyətinin Ermənistanın biometrik pasportlarına daxil edilməsinin qarşısının alınmasını tələb edir. Assosiasiya bu iddiaların heç bir elmi əsasının olmadığını bəyan edir və bütün ictimai təşkilatları, məsul dövlət qurumlarını, alimləri və mütəxəssisləri bu cəhdlərin qarşısının alınması üçün çalışmağa çağırır.
Biz yüz ilə yaxın müddətdə ermənilər tərəfindən mətbəximizin özəlləşdirilməsinin qarşısını almaq üçün otuz il mübarizə apardıq. 2022-ci ildən etibarən mətbəximizin işğalının qarşısını almaq üçün isə üç yüz il lazım olacaq”.
Afaq Mirayiq,
Musavat.com

