Azərbaycanda uşaqlara qoyulan adlarla bağlı seçimlər dəyişir. Bir neçə il əvvəl valideynlərin üstünlük verdiyi Yusif və Zəhra kimi adlar əvvəlki mövqelərini itirərkən, Uğur, Raul və Melisa kimi adlar populyarlıq qazanıb. Statistik göstəricilərə əsasən, 2018-ci ildə oğlan uşaqları arasında Yusif, qız uşaqları arasında isə Zəhra adı ilk sırada olduğu halda, 2026-cı ildə Uğur və Melisa adları önə çıxıb.
Bəs bu dəyişikliklər cəmiyyətdəki sosial-mədəni meyillər, ailələrin dünyagörüşü, dəb və məşhur şəxslərin təsiri ilə nə dərəcədə bağlıdır? Valideynlər övladlarına ad seçərkən milli-mənəvi dəyərlərə, ailə ənənələrinə, yoxsa müasir trendlərə üstünlük verirlər?
Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət Musavat.com-a danışıb.
O, adların milli kimliyin mühüm göstəricisi olduğunu vurğulayaraq, Azərbaycanda ərəb, fars, Qərb və rus mənşəli adların uşaqlara verilməsinin qadağan olunmasını təklif edib:
“Ad milli olanda onun daşıyıcısının milli kimliyini dünyanın müxtəlif yerlərində də tanımaq mümkün olur. Təəssüf ki, Azərbaycana, bütövlükdə Türk dünyasında türk adları İslam adı altında ərəb adları ilə əvəzlənib. Hazırda cəmiyyətimizdə insanların əksəriyyətinin adı ərəbcədir. Halbuki Azərbaycanda ərəb dilini bilən, ərəb millətinə mənsub olan insanların sayı, demək olar ki, yoxdur. Bəlkə də yüz illər əvvəl qarışmış nəsillər var, amma ümumi mənzərə belədir. Demək istədiyim odur ki, adlar məsələsində vəziyyət bərbaddır. Əvvəlki illərdə Zəhra, Fatimə və bu kimi adların populyarlıq qazanması təsadüfi deyil”.

Siyasi şərhçinin sözlərinə görə, ərəb mənşəli adların təşviqində İran İslam Respublikası və onun Azərbaycandakı tərəfdarları da rol oynayıb:
“Konkret olaraq, bu adların təşviqi istiqamətində İran İslam Respublikası və onun buradakı uzantıları fəaliyyət göstəriblər, bu gün də fəaliyyət göstərirlər. “Dinimizdir, müqəddəslərdir” və sair bəhanələrlə həmin adları qız uşaqlarına qoymağa çalışırlar. Oğlan uşaqlarına da Əli, Hüseyn kimi adlar verilməsini təşviq edirlər. Hətta eşitmişəm ki, uşaqlarına bu adları qoyan ailələrə müəyyən qüvvələr tərəfindən maddi yardımlar da edilib. Bunu yoxlamaq imkanım olmadığına görə tam təsdiqləyə bilmirəm, amma belə bir məlumat eşitmişəm. Yəni konkret olaraq bu adların qoyulması təşviq edilib”.
Azər Həsrət ərəb mənşəli adların əvvəlki illərlə müqayisədə arxa plana keçməsini müəyyən siyasi proseslərlə əlaqələndirib:
“Son illərdə həmin adların arxa plana keçməsi isə xüsusilə müsəlman birliyi hərəkatı adı altında antimilli fəaliyyətlə məşğul olan qruplaşmanın dövlət tərəfindən zərərsizləşdirilməsindən sonrakı dövrə təsadüf edir. Həmin qruplaşma Azərbaycanda İran mollalarının təlimatları ilə, o cümlədən uşaqlara verilən adlarla bağlı fəaliyyət göstərirdi. Bu gün də belə fəaliyyət davam edir, amma təbii ki, əvvəlki gücləri yoxdur”.
Siyasi şərhçi yalnız ərəb mənşəli adların deyil, Raul, Melissa kimi adların da milli kimliyi ifadə etmədiyini düşünür. O qeyd edib ki, cəmiyyətdə yad mənşəli adlara marağın artması narahatlıq doğurur:
“Raul, Melissa və bu kimi adlara gəlincə, bu da bizim üçün daha bir utanc, daha bir ayıbdır. Bir tərəfdən ərəb adlarından qurtulmağa çalışırıq, digər tərəfdən isə hansı millətə mənsub olduğunu belə dəqiq bilmədiyimiz xalqların — ispanların, italyanların, portuqalların və başqalarının adlarını uşaqlarımıza qoyuruq. Axı bizim Raul və Melissa ilə nə əlaqəmiz var? Necə ki, ərəb mənşəli Həsən, Hüseyn, Məhəmməd, Əli, Zəhra və Fatimə adları milli kimliyimizi ifadə etmir, Raul, Melissa və bu qəbildən olan adlar da bizi ifadə etmir. Burada həmin adları daşıyan şəxsiyyətlərə münasibətdən söhbət getmir. Məsələ adların milli kimliyimizi nə dərəcədə əks etdirməsidir”.
Azər Həsrət uşaqlara milli adların verilməsinin təşviq olunması üçün dövlətin müvafiq addımlar atmalı olduğunu bildirib. O, bu baxımdan Tacikistanın təcrübəsini nümunə göstərib:
“Zaman-zaman çağırışlar edirəm ki, yeni doğulan uşaqlara milli adların qoyulması üçün dövlət hansı addımları atmalıdır? Məsələn, bu yaxınlarda eşitdik ki, Azərbaycana dost olan Tacikistanda yad mənşəli adları əhatə edən, 1700 addan ibarət siyahı hazırlanıb və həmin adların uşaqlara verilməsi qadağan edilib. Siyahıda əsasən ərəb mənşəli adların yer aldığı bildirilir. Məqsəd tacik milli kimliyinin yad təsirlər altında arxa plana keçməsinin qarşısını almaqdır. Konkret siyahı hazırlanıb və göstəriş verilib ki, həmin adlar uşaqlara qoyula bilməz. Mən də düşünürəm ki, Azərbaycanda ərəb, fars, Qərb və rus mənşəli adların uşaqlara verilməsi qadağan olunmalıdır. İndi bəzən deyirlər ki, uşağıma peyğəmbərin adını qoyuram, Məhəmməd adlandırıram. Amma həmin uşaq böyüyüb narkoman da ola bilər. Peyğəmbərin adını daşımaqla insan müqəddəsləşirmi? Əlbəttə ki, yox. Yad mənşəli adlar bizi milli kimliyimizdən uzaqlaşdırır və dövlət də bu məsələnin fərqində olmalıdır. Məsələnin digər tərəfi isə seriallar, filmlər və onların cəmiyyətə təsiridir. Bu təsir, əlbəttə ki, az deyil. Üstəlik, qardaş Türkiyənin filmlərində və seriallarında Melissa tipli adlara təəssüf ki, tez-tez rast gəlinir. Beləliklə, bir tərəfdən ərəb adlarını daşıyır, digər tərəfdən isə guya yenilənmə, avropalaşma və qərbliləşmə meyillərinin təsiri altında Melissa kimi adlara üstünlük verirlər. Bizdə belə bir xüsusiyyət var: insanlarımız mütləq kimdənsə nəyisə görüb götürməlidirlər. Təəssüf ki, bu, milli xarakterimizin müəyyən cəhətinə çevrilib. Təbii ki, qeyd etdiyim kimi, belə halların qarşısını almaq üçün dövlət hərəkətə keçməli, vətəndaşlar da bu məsələyə həssas yanaşmalıdırlar”.
Xalidə Gəray
Musavat.com

