Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Hadisə dənizin ekoloji vəziyyəti və su bioresurslarının təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Balıqların ölüm səbəbinin hələ də müəyyən edilməməsi, cəsədlərin təxminən 15 kilometrlik sahil zolağında aşkar olunması hadisəyə xüsusi diqqət yetirilməsini zəruri edir.
Xəzər dənizi vahid su hövzəsi olduğundan onun bir hissəsində baş verən ekoloji dəyişikliklərin digər sahillər üçün də əhəmiyyəti var. Bununla belə, Qazaxıstan sahillərində qeydə alınan tələfatın Azərbaycana təsir göstərəcəyini indidən söyləmək mümkün deyil. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi, suyun keyfiyyətinin və balıqların yaşayış mühitinə təsir edən amillərin araşdırılması bu baxımdan mühüm əhəmiyyət daşıyır.
Bəs Xəzərdə nərə balıqlarının tələfatına hansı amillər səbəb ola bilər? Bu hadisə dənizin ekoloji vəziyyəti ilə bağlı daha ciddi problemlərin göstəricisidirmi və Azərbaycan sahillərində oxşar halların baş verməsi riski varmı?
Mövzu ilə bağlı ekoloq Ənvər Əliyev Musavat.com-a danışıb. Ekoloq qeyd edib ki, Xəzər dənizində belə faciələr əvvəllər də baş verib:
“2023-cü ilin oktyabr-noyabr aylarında Dağıstan sahillərində kütləvi şəkildə, bir neçə min suiti tələf olmuşdu.
Hazırkı hadisə ilə əvvəlki hadisənin səbəbləri eyni ola bilər. Ancaq bu dəfə suitilərin vəziyyətini daha ətraflı öyrənmək üçün müvafiq şəxslərlə əlaqə saxladıq. Çünki ölüm səbəbini müəyyənləşdirmək üçün heyvanların cəsədləri yarılmalı, zəhərlənmə ehtimalı, xəsarət izləri və digər amillər araşdırılmalıdır.
Əldə etdiyimiz məlumatlara görə, suitilər qəfil tələf olublar. Belə ki, onların həzm sistemindəki qida həzm olunmağa belə başlamayıb. Bu isə ölümün qəfil baş verdiyini göstərən əlamətlərdən biri ola bilər.
Bu məsələ ilə bağlı da müxtəlif fikirlər səsləndirilib. Mənim şəxsi qənaətim belədir ki, Xəzər dənizində baş verən kiçik zəlzələlər bu hadisəyə səbəb ola bilər. Belə zəlzələlər zamanı dəniz dibindəki çat və yarıqlardan müxtəlif qazlar, o cümlədən zəhərli maddələr suya qarışa bilər. Bu isə suyun kimyəvi tərkibinə və oksigen balansına təsir göstərə bilər.
Məsələn, suya qarışan bəzi qazlar oksigenin miqdarını azalda, zəhərli maddələr isə dəniz canlılarının kütləvi ölümünə səbəb ola bilər. Xüsusilə suitilər qrup halında hərəkət etdikləri zaman belə bir təsirə məruz qalsalar, kütləvi tələfat baş verə bilər.
Hazırkı vəziyyətdə araşdırmanı çətinləşdirən məqamlardan biri də suitilərin cəsədlərinin artıq parçalanmasıdır. Ümumiyyətlə, belə kütləvi tələfat zamanı güclü küləyin və dəniz şəraitinin də rolu ola bilər. Suitilər bəzən qayalıqlara və adalara sığınırlar. Güclü külək zamanı onların qayalara çırpılması, xəsarət alması və nəticədə kütləvi şəkildə tələf olması ehtimalı da nəzərdən keçirilməlidir.
Bakının akvatoriyasında da bəzən dəniz canlılarının adalara sığındığını müşahidə etmək mümkündür. Buna görə də hadisənin baş verdiyi ərazidə ada olub-olmadığını, suitilərin hansı istiqamətdən gəldiyini və həmin vaxt dənizdə hansı şəraitin hökm sürdüyünü müəyyənləşdirmək lazımdır.
Düşünürəm ki, suitilər sahilə çıxan kimi onlardan nümunələr götürülməli və müvafiq laborator müayinələr aparılmalı idi. Ola bilər ki, heyvanlar sahildən xeyli uzaqda tələf olub, bir neçə gün ərzində sahilə çatıb. Havanın hələ isti olması da cəsədlərin sürətlə parçalanmasına səbəb ola bilər. Nəticədə, tədqiqat üçün yararlı nümunələr götürmək çətinləşir”.
Ekoloq vurğulayıb ki, 170-dən artıq nərə balığı tələf olması artıq kütləvi tələfat hadisəsidir:
“Mənim fikrimcə, onların qaz burulğanına düşməsi və ya dəniz dibindən çıxan qazların təsirinə məruz qalması ehtimalları da araşdırılmalıdır. Burada söhbət yalnız zəhərli qazlardan getmir. Suyun oksigen rejiminin dəyişməsi və digər geokimyəvi proseslər də dəniz canlılarına təsir göstərə bilər. Ancaq bunların hər hansı birinin baş verdiyini hazırda fakt kimi söyləmək olmaz”.
Xalidə Gəray
Musavat.com

