“Yas toydur ki, gələnlərə plov verilir?” – Ehsan ənənəsinə SƏRT REAKSİYA

“Yas toydur ki, gələnlərə plov verilir?” – Ehsan ənənəsinə SƏRT REAKSİYA

“Mən bir şeyi anlaya bilmirəm: evdə ailə başçısı, yaxud ailənin bir övladı vəfat edirsə, ona niyə ehsan verilir? Məgər bu, toydur?” Musavat.com bildirir ki, bu sözləri sənətçi Sərxan Kərəmoğlu deyib.
Sənətçi qeyd edib ki, Azərbaycanda ehsan vermək zamanla dəbə çevrilib və bu ənənənin qarşısını almaq mümkün olmayıb: “Neçə vaxtdır ki, Azərbaycanda ehsan vermək elə bir dəbə salınıb ki, artıq bunun qarşısını almaq çətinləşib. Bir neçə il əvvəl rayonlarda, bölgələrdə, şəhərlərdə, paytaxtdan kənarda yerləşən digər yaşayış məntəqələrində ehsan verilməsinə qadağalar qoyuldu. Ancaq buna baxmayaraq, ənənənin qarşısını almaq mümkün olmadı. Elə insanlar tanıyıram ki, ailə üzvlərindən biri vəfat edir, amma mərhumun banklara 10-20 min manat kredit borcu qalır. Belə vəziyyətdə ailə həm yaxınını itirməyin ağrısını yaşayır, həm də əlavə maddi yükün altına girir”.

Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu

Sərxan Kərəmoğlu yaslarda plov verilməsini də tənqid edib: “Yas mərasimlərində plov verilir. Halbuki plov daha çox bayramın, şadlıq mərasiminin rəmzidir. Bəs insan vəfat edəndə niyə onun yas mərasimində plovla ehsan verilməlidir? Bu ehsan kimə və nəyə lazımdır? Mən hesab edirəm ki, yas mərasimlərində ehsan süfrəsi ənənəsinə son qoyulmalıdır. 300-500 adam yas mərasiminə gəlir, 15 dəqiqənin içində yeməyini yeyib dağılışır. Bəs bu, kimə nə qazandırır? Bunun nə mənası var? Meyxanaçı Ağamirzə Məmmədov da bir müddət əvvəl demişdi ki, “Mən ölsəm, yasımda ehsan verilməsin”. Mən Ağamirzə Məmmədovun bu fikrini dəstəkləyirəm. Hesab edirəm ki, bir neçə belə tanınmış ziyalı da öz mövqeyini açıq şəkildə bildirsə, bəlkə də cəmiyyət olaraq bu ehsan məsələsindən qurtula bilərik”.

Xatırladaq ki, tanınmış meyxanaçı Ağamirzə Məmmədov bu günlərdə vəsiyyətini açıqlayarkən demişdi: ““Mən insanlara səslənirəm, yasımda 3-4 saat əyləşməyin. Gəlin, 5-10 dəqiqə oturun və gedin. Vəsiyyət etmişəm ki, yasımda yemək verilməsin. Yalnız bir stəkan çay içib, “Allah rəhmət eləsin” deyib ayrılın”.
Onun bu açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.

Xalidə,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir