“Gürcüstana qatarla getmək istəyirsən, bilet tapa bilmirsən. Tapsan da, geri qayıtmağa bilet yoxdur. Amma 80-90 manatlıq bileti 200 manata almağa hazırsansa, onu satan tapılır. Beləcə, bilet qıtlığı fonunda ‘qara bazar’ yaranıb”.
Gürcüstana qatarla səfər edən vətəndaşlardan biri Musavat.com-a şikayətində belə deyib. Bakı sakini Əli Səfərovun sözlərinə görə, biletlər satışa çıxarılan kimi tükənir. Rəsmi satış məntəqələrinə müraciət etdikdə isə “İnternetdə yoxdur, biletlər bitib” cavabını alırlar. Ancaq rəsmi satışda bilet tapmaq mümkün olmasa da, başqa yollarla, daha doğrusu, dəllallar vasitəsilə onu əldə etmək mümkündür.
“Rəsmi qiyməti 80-90 manat olan bileti sənə 180-190 manata, hətta 200 manata təklif edirlər. Deyirlər ki, get, bəlkə haradansa tapa bildin. Bu necə olur? Rəsmi satışda bilet yoxdur, amma kimlərsə həmin biletləri ikiqat, üçqat baha qiymətə satır. Biletlər satışa çıxan kimi kimlərsə onları tez bir zamanda alır. Necə bu qədər tez alıb qurtarır?” – deyə vətəndaş narazılığını ifadə edir.

Şikayətçi bildirir ki, problem təkcə bilet tapmaqla bitmir. Onun sözlərinə görə, müasir sürət qatarına köhnə vaqonlar da qoşulur və həmin vaqonlara da eyni qiymətə bilet satılır. Halbuki sərnişinlər eyni məbləği ödəsələr də, eyni şəraitlə təmin olunmurlar. “Bir tərəfdən bilet tapmaq mümkün deyil, digər tərəfdən köhnə vaqonlara da sürət qatarının qiymətini istəyirlər. İnsan məcbur qalıb alır, çünki getməlidir. Bəs bu vətəndaşın günahı nədir? Niyə insanlar öz ölkəsindən qonşu Gürcüstana getmək üçün bu qədər əziyyət çəkməlidir?” – deyə Bakı sakini gileylənir.
Məsələ ilə bağlı Azərbaycan Dəmir Yollarının (ADY) mətbuat xidmətinə suallar ünvanladıq. Qurumdan Musavat.com-un “Gürcüstan istiqamətində hərəkət edən qatarlara biletlərin satışa çıxarılan kimi tükənməsinin səbəbi nədir? Bilet qıtlığının aradan qaldırılması üçün hansı tədbirlər görülür?” sualına belə cavab verilib:
“Azərbaycan Dəmir Yollarında bilet satışı həm onlayn (ADY-nin rəsmi saytı və “ADY Mobile” tətbiqi üzərindən), həm də dəmiryol kassalarında tam şəffaf şəkildə həyata keçirilir. Sərnişinlər sistemə daxil olarkən hər iki istiqamət (gediş və geri dönüş) üzrə mövcud yerləri, sinifləri və qiymətləri real vaxt rejimində görə bilirlər. Yəni gediş bileti alarkən sərnişin sistemdə dönüş üçün hansı tarixlərdə yer olduğunu, neçə yerin qaldığını və gediş qiymətini əvvəlcədən öyrənə bilir. Qatarla Azərbaycandan Gürcüstan istiqamətində səyahətlə müqayisədə Gürcüstandan Azərbaycan istiqamətində səyahətə tələbatın yüksək olmasının əsas səbəblərindən biri budur ki, COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydalarına əsasən, xarici ölkə vətəndaşlarının Azərbaycanı quru yolu vasitəsilə tərk etməsinə məhdudiyyət yoxdur, lakin Azərbaycana giriş mövcud qaydaya uyğun olaraq təyyarə və qatarla həyata keçirilir. Bu vəziyyət Gürcüstandan Azərbaycana qayıtmaq və ya səfər etmək istəyən şəxslərin böyük hissəsinin dəmir yolu nəqliyyatına yönəlməsinə səbəb olur. Bilet satışı 30 günlük dövrü əhatə edir. Yəni hər gün növbəti 30-cu gün üçün yeni biletlər satışa çıxarılır.
ADY sərnişin tələbatını qarşılamaq məqsədilə qatarlara əlavə vaqonların qoşulması və əlavə reyslərin təşkili kimi davamlı tədbirlər həyata keçirir”.
“Rəsmi qiyməti 80-90 manat olan biletlərin ayrı-ayrı şəxslər tərəfindən 180-200 manata təklif edildiyi bildirilir. Biletlərin kütləvi şəkildə alınıb sonradan baha qiymətə satılması hallarına nəzarət olunurmu? Bu iddialar araşdırılıbmı” sualına da qurumdan cavab verilib: “ADY Bakı–Tiflis–Bakı istiqaməti üzrə heç bir turizm şirkəti ilə əməkdaşlıq etmir, hər hansı şirkətə və ya vasitəçiyə kvota ayrılmır. Biletlər hamı üçün eyni vaxtda satışa çıxarılır və satış prosesi vahid sistem üzərindən həyata keçirilir. Bütün sərnişinlərin bilet almaq hüququ eynidir. Məlumat üçün bildirək ki, bir şəxs bir reysdə öz adına iki bilet əldə edə bilməz. Hər bir bilet bir konkret şəxsin adına rəsmiləşdirilir. Buna görə də turizm şirkəti və ya hər hansı vasitəçi gələcəkdə kimə satacağını bilmədiyi halda bir neçə bilet alıb saxlaya bilməz. Çünki, qeyd etdiyimiz kimi, hər bir bilet satış anında konkret sərnişinin adına rəsmiləşdirilməlidir və sonradan başqa şəxsə ötürülməsi və ya biletlərin əvvəlcədən alınıb sonradan istənilən şəxsə satılması mümkün deyil. Yəni sistem alınmış biletin başqasının adına dəyişdirilməsinə icazə vermir. Bilet yalnız qaytarıla bilər, bu halda isə həmin bilet yenidən açıq satışa verilir. Sistemin bu cür qurulması bilet satışında sui-istifadə hallarına, xüsusilə hansısa vasitəçi şəxslər və turizm şirkətləri tərəfindən biletlərin kütləvi şəkildə alınaraq sonradan yenidən satılmasına imkan vermir. Son günlərdə ADY-yə vətəndaşlardan bu marşrutla səfərlərə saxta biletlərin satışı ilə bağlı müraciətlər daxil olub. Bəzi turizm şirkətləri və sosial şəbəkə hesabları mövcud olmayan yerlər üzrə sərnişinlərə saxta biletlər təqdim edir. Bununla bağlı hüquq-mühafizə orqanlarına tərəfimizdən müvafiq qaydada müraciət olunur, araşdırma aparılır, sui-istifadə hallarının qarşısı mütəmadi qaydada alınır, saxtakarlıq edən şəxslər və səhifələrin müəyyən edilərək hüquqi qaydada cəzalandırılması təmin edilir”.
ADY-dən “Müasir sürət qatarına köhnə vaqonların da qoşulduğu və həmin vaqonlara eyni qiymətə bilet satıldığı bildirilir. Bu nə dərəcədə doğrudur və qiymətlər hansı meyarlar əsasında müəyyənləşdirilir” sualına cavab olaraq deyilib: “ADY beynəlxalq istiqamətdə artan sərnişin tələbatının qarşılanması və səyahət imkanlarının genişləndirilməsi məqsədilə 1 noyabr 2026-cı il tarixindən etibarən Bakı–Tiflis–Bakı marşrutu üzrə əlavə reyslər təyin edir. Bu marşrut üzrə gündəlik 4 reys həyata keçiriləcək. Reyslərin artırılması nəticəsində sərnişin yerlərinin sayı 386-dan 564-ə çatdırılacaq. Bu isə 50 faizə yaxın artım deməkdir.
Yeni reyslərin istifadəyə verilməsi sayəsində sərnişinlər üçün daha aşağı büdcəli səyahət imkanları təqdim ediləcək. Belə ki, əlavə reyslərdə standart sinif (əvvəlki plaskart vaqonlar) üzrə biletlərin qiyməti 36 AZN-dən başlayır. Yeni aşağı büdcəli səyahət seçimi ilə sərnişinlər 30 faiz daha ucuz qiymətə səyahət edə biləcəklər. Marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gediş haqqı 54 AZN, Yevlaxdan 44 AZN, Gəncədən 41 AZN, Ağstafadan 38 AZN, Böyük Kəsikdən Tbilisiyə isə 36 AZN təşkil edir. Qiymətlər alış tarixinə, siniflərə və məsafəyə görə dəyişir. Müqayisə üçün qeyd edək ki, hazırda Bakıdan Tiflisi “Stadler” vaqonlarında komfort sinif üzrə minimum gediş haqqı 77,50 AZN, Gəncədən isə 56.80 AZN-dir. Əlavə reyslərlə sərnişinlərə gecə səfərləri ilə yanaşı, gündüz səyahəti imkanı da təqdim ediləcək. Bununla da sərnişinlər Bakı–Tiflis–Bakı marşrutu üzrə öz planlarına uyğun səfər vaxtını seçə biləcəklər. Bakı–Tiflis–Bakı marşrutu üzrə əlavə reyslərin istifadəyə verilməsi Gürcüstan tərəfi ilə uzun müddət davam edən birgə zəruri hazırlıq, texniki və təşkilati işləri başa çatdırmasından sonra mümkün olub. Ümumiyyətlə, beynəlxalq marşrutların təşkili yalnız tələbata deyil, həm də infrastruktur, sərhəd-keçid prosedurları, qatar parkı və iki ölkənin dəmir yolu administrasiyaları arasında koordinasiyaya bağlıdır. Bununla belə, mövcud imkanların artırılması istiqamətində iş aparılır”.
Afaq Mirayiq,
Musavat.com

