Uşağa qulluğa görə müavinət ARTIRILIR: Kimlər 100 manat alacaq?

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Kimlər 100 manat alacaq?

Azərbaycanda 3 yaşınadək uşağa qulluğa görə analara ödənilən aylıq müavinətin artırılması nəzərdə tutulur. Təklif qəbul olunarsa, hazırda 37 manat 58 qəpik təşkil edən müavinət 100 manata çatdırılacaq. Beləliklə, ödənişin məbləği 62 manat 42 qəpik artacaq. Dəyişiklik 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, 3 yaşınadək uşağa qulluğa görə bir nəfərə düşən aylıq müavinətin məbləği 37 manat 58 qəpikdən 100 manata qaldırılacaq.

Bu artım xüsusilə azyaşlı uşaqların gündəlik qayğısı ilə məşğul olan anaların sosial təminatı baxımından diqqət çəkir. Bununla belə, müavinətin yeni məbləğinin ailələrin artan xərclərinə nə dərəcədə təsir göstərəcəyi və sosial dəstək baxımından hansı əhəmiyyət daşıyacağı müzakirə mövzusudur.

Bəs yeni müavinət hansı kateqoriyadan olan valideynlərə şamil ediləcək?

Azər Badamov: Dövlətimizin başçısının Göygöl, Kəlbəcər və Laçın rayonlarına  səfəri çox zəngin və əhəmiyyətli oldu - AZƏRTAC

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov mövzu ilə bağlı Musavat.com-a deyib ki, 2027-ci ilin dövlət büdcəsində xərclərin 44,25 faizinin sosial yönümlü olması ölkəmizdə sosial siyasətin prioritet istiqamətlərdən biri olduğunu bir daha təsdiqləyir:

“Bu baxımdan, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin də 9,35 faiz artırılmasının nəzərdə tutulması əhalinin sosial müdafiəsinin gücləndirilməsi, müxtəlif müavinət və sosial dəstək tədbirlərinin genişləndirilməsi üçün əlavə imkanlar yaradır. Gələn ildən 3 yaşınadək uşağa qulluq edən analara verilən aylıq müavinətin 37,58 manatdan 100 manata çatdırılması bu istiqamətdə atılan mühüm addımlardan biridir. Bu artım təxminən 2,7 dəfə deməkdir və xüsusilə azyaşlı uşağı olan ailələrin maddi yükünün müəyyən qədər azaldılmasına xidmət edəcək. Çünki uşağın həyatının ilk illəri ailələr üçün həm qayğı, həm də əlavə maliyyə xərclərinin yarandığı dövrdür. Belə bir şəraitdə dövlət dəstəyinin artırılması anaların sosial müdafiəsinin gücləndirilməsi və uşaqların sağlam, təhlükəsiz mühitdə böyüməsinə töhfə verilməsi baxımından əhəmiyyətlidir”.

Deputat qeyd edib ki, uşağın doğulmasına görə verilən birdəfəlik müavinətin 600 manatdan 1500 manata çatdırılması da mühüm sosial yenilikdir:
“Bu, 2,5 dəfə artım deməkdir. Yeni doğulmuş uşağın ilkin ehtiyaclarının qarşılanması, ailənin doğuşla əlaqədar yaranan xərclərinin bir hissəsinin kompensasiya edilməsi baxımından bu qərarın xüsusi əhəmiyyəti var.

Ümumilikdə, sosial müavinətlərin artırılması dövlətin sosial siyasətinin ailə və uşaq rifahına yönəlmiş istiqamətini nümayiş etdirir. Əsas məsələ yalnız müavinətlərin məbləğinin artırılması deyil, eyni zamanda əhalinin həssas qruplarının sosial təminatının davamlı şəkildə gücləndirilməsidir. Bu addımlar ailələrin sosial rifahının yaxşılaşdırılmasına, uşaqların müdafiəsinin gücləndirilməsinə və demoqrafik inkişafın dəstəklənməsinə xidmət edir”.

 

Afaq Mirayiq,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir