8 Noyabr – Zəfər Günü
Screenshot

8 Noyabr – Zəfər Günü

Azərbaycan xalqının tarixində 8 Noyabr – Zəfər Günü milli qürur, birlik və yenilməz iradənin təcəssümüdür. Bu gün xalqımızın uzun illər həsrətində olduğu tarixi ədalətin bərpa olunmasını, torpaqlarımızın işğaldan azad edilməsini və dövlətimizin gücünü ifadə edir. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qeyd etdiyi kimi, hər birimiz öz işimizlə azadlıq gününü yaxınlaşdırmalı idik. Azərbaycan dövləti bütün işğal dövrü ərzində məhz bu məqsədə xidmət edən ardıcıl və məqsədyönlü siyasət həyata keçirdi.

1988-ci ildən başlayan Qarabağ hadisələri və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olundu, şəhər və kəndlərimiz dağıdıldı, minlərlə soydaşımız həlak oldu, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatına məhkum edildi. İşğal altında saxlanılan ərazilərdə yaşayış infrastrukturu, tarixi və mədəni abidələr, təhsil və səhiyyə müəssisələri dağıdıldı, ölkəmizə böyük maddi və mənəvi ziyan vuruldu. BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsi uzun illər icra olunmadı. ATƏT-in Minsk qrupunun fəaliyyəti də münaqişənin həllinə gətirib çıxarmadı.

Azərbaycan isə bütün bu illər ərzində beynəlxalq hüquqa əsaslanan mövqeyini qorudu, diplomatik mübarizəni davam etdirdi və eyni zamanda güclü dövlət, iqtisadiyyat və müasir ordu quruculuğuna xüsusi diqqət yetirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin döyüş qabiliyyəti artırıldı, hərbi qulluqçuların peşəkarlığı yüksəldildi, ordu müasir silah və texnika ilə təchiz olundu. Ölkəmizdə hərbi sənaye kompleksi formalaşdırıldı, müxtəlif təyinatlı hərbi məhsulların istehsalına başlanıldı. İqtisadi inkişaf, enerji və nəqliyyat layihələri, eləcə də çoxşaxəli xarici siyasət Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirdi.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatına başladı. “Dəmir yumruq” adı verilən Vətən müharibəsi 44 gün davam etdi. Azərbaycan əsgər və zabitləri böyük qəhrəmanlıq, peşəkarlıq və fədakarlıq nümayiş etdirərək Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Hadrut qəsəbəsini, Şuşa şəhərini və yüzlərlə yaşayış məntəqəsini işğaldan azad etdilər. Noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin taleyini həll edən mühüm hadisə oldu və Zəfər Gününün rəmzinə çevrildi.

Noyabrın 9-dan 10-na keçən gecə imzalanmış üçtərəfli Bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Bəyanata uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarıldı. Beləliklə, Azərbaycan hərbi-siyasi müstəvidə tarixi Qələbə qazandı, ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələyə nail oldu. Bu Qələbə şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı bahasına əldə edildi. Müharibə dövründə xalq-ordu birliyi, ölkə daxilində milli həmrəylik və xaricdə yaşayan soydaşlarımızın dəstəyi “Dəmir yumruq” rəmzində birləşdi.

Vətən müharibəsi yalnız döyüş meydanında deyil, informasiya və diplomatiya sahəsində də qələbə ilə yadda qaldı. Prezident İlham Əliyev beynəlxalq media qurumlarına verdiyi çoxsaylı müsahibələrdə Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırdı, münaqişənin tarixi və hüquqi əsaslarını izah etdi. Müharibə dövründə ölkəmizdə siyasi həmrəylik və milli birlik gücləndi. Müxtəlif siyasi qüvvələrin, ictimaiyyət nümayəndələrinin və vətəndaşların dövlətimizin mövqeyi ətrafında birləşməsi xalqımızın ümummilli məsələlərdə həmrəyliyini nümayiş etdirdi.

2023-cü il sentyabrın 19-da Azərbaycan Respublikasının suverenliyinin tam bərpası məqsədilə Qarabağda lokal xarakterli antiterror əməliyyatı keçirildi. Əməliyyat qısa müddətdə başa çatdı və dövlət suverenliyimiz bütün ölkə ərazisində təmin edildi. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaltdı. Bu hadisə dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpasının tarixi rəmzinə çevrildi. Hər il sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi də bu tarixi hadisənin əhəmiyyətini təsdiqləyir.

Zəfərin əbədiləşdirilməsi məqsədilə dövlət səviyyəsində mühüm addımlar atıldı. “Zəfər” və “Qarabağ” ordenləri, eləcə də Vətən müharibəsində göstərilən qəhrəmanlıq və xidmətlərə görə medallar təsis edildi. 8 Noyabr Zəfər Günü elan olundu, 2020-ci il dekabrın 10-da Bakıda Zəfər paradı keçirildi. 2021-ci ildə Hərbi Qənimətlər Parkı açıldı. 2024-cü il noyabrın 8-də Bakıda Zəfər parkının açılışı oldu, 2025-ci il noyabrın 8-də isə Zəfər muzeyi istifadəyə verildi. Bu məkanlar xalqımızın qəhrəmanlıq tarixini gələcək nəsillərə çatdırmaq, şəhidlərimizin xatirəsini yaşatmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Qələbədən sonra qarşıda duran əsas vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsidir. Prezident İlham Əliyevin təsdiq etdiyi Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda yollar, tunellər, hava limanları, elektrik və su infrastrukturu, yaşayış evləri, məktəblər, xəstəxanalar və digər sosial obyektlər inşa olunur. Ərazilər minalardan təmizlənir, iqtisadi fəaliyyət bərpa edilir, yeni iş yerləri yaradılır. Böyük Qayıdış prosesi doğma torpaqlarda təhlükəsiz və dayanıqlı yaşayışın təmin edilməsinə xidmət edir.

Azad edilmiş ərazilərdə məskunlaşma genişlənir, keçmiş məcburi köçkün ailələri mərhələli şəkildə öz evlərinə qayıdır, Qarabağ Universitetində gənclər təhsil alır, dövlət xidmətləri və sosial infrastruktur yaradılır. Eyni zamanda şəhid ailələrinin, müharibə əlillərinin və müharibə iştirakçılarının sosial müdafiəsi diqqət mərkəzində saxlanılır. Onların mənzil, məşğulluq, tibbi və reabilitasiya xidmətləri ilə təmin olunması istiqamətində genişmiqyaslı tədbirlər görülür. “YAŞAT” Fondu da şəhid ailələrinə və qazilərə dəstək göstərilməsində mühüm rol oynayır.

2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh gündəliyi üzrə əldə olunan razılaşmalar və sülh sazişi layihəsinin paraflanması regionda davamlı sülhün təmin edilməsi istiqamətində mühüm mərhələ oldu. Azərbaycanın mövqeyi dəyişməzdir: sülh ədalətli olmalı, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq hüquqa əsaslanmalıdır. Ölkəmiz bundan sonra da təhlükəsizliyin möhkəmləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və azad edilmiş ərazilərin inkişafı istiqamətində fəaliyyətini davam etdirir.

8 Noyabr – Zəfər Günü bizə bir daha xatırladır ki, milli birlik, güclü dövlətçilik, qətiyyətli rəhbərlik və rəşadətli ordu ən çətin hədəflərə çatmağın əsas şərtləridir. Bu tarixi Qələbə şəhidlərimizin əziz xatirəsinə, qazilərimizin fədakarlığına və xalqımızın iradəsinə ehtiramın ifadəsidir. Zəfərimiz gələcək nəsillər üçün qürur mənbəyi, müstəqil Azərbaycan dövlətinin gücünün və yenilməzliyinin parlaq nümunəsi olaraq daim yaşayacaq.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir