Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya reallaşdırdığı rəsmi səfər hələ də ciddi şəkildə müzakirə olunmaqdadır. Bu səfər təkcə iki ölkə arasında münasibətlər baxımından deyil, həm də regionda davam edən mürəkkəb geosiyasi proseslər fonunda xüsusi diqqət çəkir.
Rusiyaya təmaslardan qısa müddət sonra Kiyevdə keçirilən yüksək səviyyəli görüşlər rəsmi Bakının milli maraqlara söykənən, praqmatik və balanslaşdırılmış xarici siyasət kursunu bir daha nümayiş etdirdi. Azərbaycanın həm regional sabitliyin qorunması, həm də tərəfdaş ölkələrlə əməkdaşlığın genişləndirilməsi istiqamətində atdığı addımlar beynəlxalq müstəvidə də maraqla izlənilir.
Səfər Azərbaycan-Ukrayna münasibətlərinə hansı yeni imkanları qazandıra bilər? Rəsmi Bakının balanslı xarici siyasəti regional geosiyasi proseslərə necə təsir göstərir?

Politoloq Əli Orucov Musavat.com-a açıqlamasında bildirdi ki, Bayramovun Kiyevə səfərini Azərbaycan- Ukrayna əlaqələrinin bundan sonra da yüksək səviyyədə davam etdiriləcəyi barədə bir mesaj olaraq da dəyərləndirmək olar: “Məlum olduğu kimi, Moskva Kiyev- Bakı münasibətlərinin yüksək dinamikasından qıcıqlanır və bunu da hər dəfə bu və ya digər şəkildə açıq formada büruzə verir. Sonuncu dəfə cənab prezident İlham Əliyevin Şuşa Beynəlxalq Media Forumunda Ukrayna- Rusiya müharibəsi ilə bağlı verilən suala cavabından dərhal sonra Kremlin göstərdiyi reaksiya bir daha sübut etdi ki, təcavüzkar siyasətinə haqlı mövqe bildirilməsindən qəzəblənir. Bu qəzəbini təkcə diplomatik dildə ifadə etmədi, həm də Azərbaycanın Ukraynadakı səfirliyinə çox yaxın məsafəyə və SOCAR-ın yanacaqdoldurma məntəqəsinə endirilən raket zərbələri ilə cavab verdi. Bakının etiraz notası və sərgilədiyi sərtlik Moskvanı geri addım atmağa vadar etdi. Azərbaycan həmişə beynəlxalq hüquq normalarının işləməsinin, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsinin tərəfdarı olub. Ukraynanın da ərazi bütövlüyü və suverenliyini tanıyır, hər cür işğalı pisləyir. Ukrayna ilə Azərbaycan arasında bir çox sahələrdə, xüsusən də enerji sektorunda qarşılıqlı sıx əməkdaşlıq var. Rusiya ilə də strateji müttəfiqdir. Azərbaycan hər iki dövlətlə normal münasibətləri qorumağa çalışır. Bu Rusiyanın xoşuna gəlsə də, gəlməsə də Bakının doğru və praqmatik xarici siyasəti buna söykənir”.

