“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev
Qarabağ Zəfərinə aparan yolun təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bu tarixi qələbə üçün möhkəm zəmin yaradılmışdır. Ölkəmizin iqtisadi qüdrətinin artırılması, müdafiə sənayesinin inkişafı, Silahlı Qüvvələrin müasir silah və texnika ilə təchiz edilməsi, hərbi qulluqçuların döyüş hazırlığının yüksəldilməsi Azərbaycanın güclü dövlətə çevrilməsini təmin etmişdir. Xalqın Prezident ətrafında birləşməsi, milli həmrəylik və Ordumuzun qəhrəmanlığı tarixi Zəfərin əldə olunmasında həlledici rol oynamışdır.
Vətən müharibəsinin ilk günlərindən Prezident İlham Əliyev Şuşanın azad edilməsinin xüsusi əhəmiyyətini vurğulayır, Şuşasız qələbənin tam olmayacağını bildirirdi. 44 günlük müharibə ərzində Azərbaycan Ordusu böyük qəhrəmanlıq və əzmkarlıq göstərərək şəhərə doğru irəlilədi. 2020-ci il noyabrın 8-də mürəkkəb relyef şəraitində, sıldırım qayalardan və keçilməz meşələrdən keçən igid əsgər və zabitlərimiz Şuşanı işğaldan azad etdilər. Bu möhtəşəm əməliyyat Vətən müharibəsinin taleyini müəyyənləşdirən əsas hadisələrdən biri oldu. Prezident İlham Əliyev Ulu Öndərin başladığı tarixi missiyanı başa çatdıraraq ata vəsiyyətini yerinə yetirdi. 2021-ci il yanvarın 14-də Şuşada Azərbaycan bayrağının ucaldılması qələbəmizin əbədi rəmzinə çevrildi.
Şuşanın azad edildiyi 8 noyabr tarixi Prezident İlham Əliyevin Sərəncamı ilə Zəfər Günü elan edildi. Dövlətimizin başçısının Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciəti xalqımızın qürurunu və birliyini bütün dünyaya nümayiş etdirdi. Prezidentin ifadə etdiyi “Dəmir yumruq” milli həmrəyliyimizin, dövlətimizin gücünün və sarsılmaz iradəsinin rəmzinə çevrildi. 2023-cü il sentyabrın 19-20-də keçirilən, 23 saat 48 dəqiqə davam edən antiterror əməliyyatı nəticəsində separatizmin mövcudluğuna son qoyuldu və Azərbaycanın dövlət suverenliyi bütün ərazilərimizdə bərpa edildi.
Şuşa işğaldan azad edildikdən sonra şəhərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Şəhərin tarixi görkəminin qorunması, yolların, yaşayış binalarının və sosial infrastrukturun yenilənməsi əsas prioritetlərdən oldu. Şuşaya aparan 101 kilometrlik avtomobil yolu Prezident İlham Əliyev tərəfindən “Zəfər Yolu” adlandırıldı. Bu yol hərbi qəhrəmanlığımızın və doğma torpaqlara qayıdışımızın rəmzidir.
Tarixən Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm yer tutan Şuşanın qorunması istiqamətində Ulu Öndər Heydər Əliyev hələ 1977-ci ildə mühüm təşəbbüs göstərərək şəhərin tarixi hissəsinin qoruq elan edilməsinə nail olmuşdur. Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş, həmin il mayın 31-də qəbul olunan qanunla şəhərin qorunması, bərpası və inkişafının hüquqi əsasları müəyyənləşdirilmişdir. 2022-ci il ölkəmizdə “Şuşa İli” elan edilmiş, şəhər 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı”, 2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı”, 2026-cı ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilmişdir.
2024-cü il oktyabrın 21-də Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan təsdiq edilmişdir. Planda şəhərin tarixi-memarlıq quruluşunun qorunması, yaşayış sahələrinin genişləndirilməsi, sosial xidmət obyektlərinin yaradılması, nəqliyyat və kommunal infrastrukturun inkişafı nəzərdə tutulmuşdur.
İşğal dövründə Şuşanın tarixi abidələrinə və milli-mədəni irsinə ciddi ziyan vurulmuşdur. Azadlıqdan sonra bu irsin qorunması və bərpası istiqamətində mühüm işlər görülmüşdür. Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün güllələnmiş büstləri əvvəlki yerlərinə qaytarılmış, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Bülbülün ev-muzeyi, məscidlər və digər tarixi abidələr bərpa edilmişdir. “Xarıbülbül”, “Qarabağ” və “Yasəmən” hotelləri yenidən qurularaq istifadəyə verilmiş, məktəb, xəstəxana və digər sosial obyektlər yaradılmışdır.
Şuşanın bərpası ilə yanaşı, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı da davam etdirilir. 23 oktyabr 2026-cı il tarixinə Şuşa şəhərində 377 ailə, 1411 nəfər, Böyük Qaladərəsi kəndində 17 ailə, 78 nəfər, Kiçik Qaladərəsi kəndində isə 26 ailə, 90 nəfər məskunlaşmışdır. Ümumilikdə, 420 ailə, 1579 nəfər doğma torpaqlarına qayıdaraq burada yaşayışını davam etdirir. Bu, Böyük Qayıdış siyasətinin mühüm nəticələrindəndir.
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının, Vaqif Poeziya Günlərinin, beynəlxalq forumların və digər mötəbər tədbirlərin keçirilməsi şəhərin mədəni şöhrətinin bərpasına xidmət edir. 2021-ci ildə Azərbaycan və Türkiyə prezidentləri tərəfindən Şuşa Bəyannaməsinin imzalanması iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi baxımından mühüm tarixi hadisə olmuşdur.
Şəhərin azad edilməsindən sonra Prezident İlham Əliyev dəfələrlə Şuşaya səfər etmiş, bərpa-quruculuq işləri ilə tanış olmuş, yeni layihələrin təməlini qoymuş və istifadəyə verilən obyektlərin açılışlarında iştirak etmişdir. Müxtəlif ölkələrin dövlət başçılarının Şuşada qəbul edilməsi, beynəlxalq tədbirlərin burada keçirilməsi şəhərin siyasi və mədəni əhəmiyyətini daha da artırmışdır. 2026-cı ildə də Şuşanın kəndlərinə səfərlər, sakinlərlə görüşlər və yeni layihələrin icrası şəhərin inkişafına göstərilən dövlət qayğısının davam etdiyini təsdiqləyir.
Bu gün Şuşa öz tarixi sahiblərinə qovuşaraq yeni inkişaf mərhələsini yaşayır. Tarixi abidələrin bərpası, yeni yaşayış məhəllələrinin salınması və sakinlərin doğma yurda qayıdışı Azərbaycanın gücünü və quruculuq əzmini nümayiş etdirir. Şuşanın azad edilməsi xalqımızın birliyinin, Ordumuzun qəhrəmanlığının və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin təntənəsidir. Şuşa bundan sonra da Azərbaycan xalqının milli kimliyinin, mədəniyyətinin və dövlətçilik tarixinin ayrılmaz parçası olaraq yaşayacaqdır.

