Mövsümlə əlaqədar yenə də dəm qazından zəhərlənmə hallarının artması müşahidə olunur. Təkcə ötən gün Azərbaycanın ayrı-ayrı bölgələrində iki nəfər dəm qazından zəhərlənərək həyatını itirib.
Belə ki, ötən gün Bakının Lökbatan qəsəbəsində Quba rayon sakini 1996-cı il təvəllüdlü Rahim Mahir oğlu Yüzbaşıyev kirayədə yaşadığı evin hamam otağında dəm qazından boğulub. Həmçinin Biləsuvarda 1960-cı il təvəllüdlü Arif Xıdır oğlu Şirinov yaşadığı Biləsuvar şəhəri M.Ə.Sabir küçəsindəki evin hamam otağından dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, rəngsiz və qoxusuz olduğu üçün hiss edilməsi mümkün olmayan dəm qazı insan həyatı üçün ciddi təhlükə yaradır. Bəs təhlükədən qorunmaq üçün hansı qabaqlayıcı tədbirlər görülməli, evlərdəki qaz və istilik sistemlərinin təhlükəsizliyi necə təmin olunmalıdır? Zəhərlənmə riskini minimuma endirmək üçün vətəndaşlar nələrə diqqət etməlidirlər?
Mövzu ilə bağlı əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev Musavat.com-a danışıb: “Havaların soyuması ilə insanlar evlərində istilik sistemlərini işə salırlar. Soba, kombi, kamin və digər qurğulardan istifadə yenidən gündəlik həyatımızın bir hissəsinə çevrilir. Lakin çox vaxt diqqətdən kənarda qalan, eyni zamanda, insan həyatı üçün birbaşa təhlükə mənbəyinə çevrilə bilən mühüm bir məsələ var. Bu da tüstü bacalarının vəziyyətidir.
Tüstü bacaları evdən tüstünü xaric edən sadə bir qurğu kimi görünsə də, onların düzgün işləməməsi insan həyatı üçün böyük təhlükə yaradır. Çünki dəm qazından zəhərlənmə, yanğın və digər faciələr məhz bacalardakı nasazlıqlar səbəbindən baş verə bilər. Təəssüf ki, ölkəmizdə hər il qış mövsümündə dəm qazından zəhərlənmə halları qeydə alınır və bu hadisələrin bir qismi ölümlə nəticələnir. Statistikaya görə, hər il onlarla insan məhz dəm qazı səbəbindən həyatını itirir”.

Ekspert xüsusi qeyd edib ki, baş verən hadisələrin mühüm səbəblərindən biri bacaların vaxtında təmizlənməməsi və texniki nasazlıqlardır: “Bir çox fərdi evlərdə tüstü bacaları illərlə təmizlənmir. Çoxmərtəbəli binalarda isə tüstü bacalarının və havalandırma sistemlərinin təmizlənməsi mənzil-kommunal təsərrüfatı idarələrinin və ya MTK-ların öhdəliyinə düşsə də, çox vaxt bu işlər lazımi qaydada həyata keçirilmir. Problemlərdən biri də bacaların köhnəlməsidir. Sovet dövründə tikilmiş binalardakı köhnə, fərdi evlərdə isə uzun illər təmizlənməyən tüstü bacaları artıq yararsız vəziyyətə düşür. Çatlar, qopmuş kərpiclər, tutulmuş kanallar dəm qazının yaşayış sahəsinə dolmasına səbəb ola bilər.
Digər səbəb insanların bacalara qeyri-peşəkar müdaxiləsidir. Çox vaxt ev sahibləri bacaları özləri açmağa və təmizləməyə çalışırlar. Lakin bu, təhlükəni aradan qaldırmır, əksinə, daha da artıra bilər. Çünki düzgün aparılmayan təmizləmə zamanı baca zədələnə və tüstü qazlarının yaşayış sahəsinə sızması üçün şərait yarana bilər. Buna görə də bu işlər müvafiq ixtisasa malik mütəxəssislər tərəfindən həyata keçirilməlidir.
Tüstü bacalarını kim təmizləməlidir? İnsanlar bunun üçün hara müraciət etməlidirlər? Bu da mühüm suallardandır. Qanunvericiliyə əsasən, fərdi evlərdə bacaların işlək vəziyyətdə saxlanılması ev sahibinin məsuliyyətidir. Çoxmərtəbəli binalarda isə bu məsuliyyət mənzil-kommunal idarələrinin və MTK-ların üzərinə düşür. Lakin real vəziyyətdə insanlar bəzən çaşqınlıq yaşayır, çünki belə xidmətlər üçün kimə müraciət etməli olduqlarını bilmirlər”.
Orxan Musayevin fikrincə, bu sahədə dövlət səviyyəsində vahid qayda və xidmət sisteminin yaradılmasına ehtiyac var: “Bacaların təmizlənməsi və texniki yoxlanılması yalnız ixtisaslaşmış xidmətlər tərəfindən həyata keçirilməlidir. Yəni vətəndaş fərdi evdə və ya çoxmərtəbəli binada yaşamasından asılı olmayaraq, bacaların təmizlənməsi və yoxlanılması üçün müraciət edə biləcəyi rəsmi qurumu dəqiq bilməlidir. Belə bir sistem yaradılarsa, məsuliyyət bölgüsü də aydın olar, xidmətin keyfiyyətinə nəzarət etmək də asanlaşar. İnsanlar hara müraciət etməli olduqlarını bilər, dövlət isə bacaların vəziyyətinə nəzarəti daha səmərəli təşkil edə bilər. Bu, ölkədə dəm qazından zəhərlənmə hallarının qarşısının alınması istiqamətində atılmalı olan əsas addımlardan biridir.
Beynəlxalq təcrübədə geniş istifadə olunan detektorların rolunu da xüsusi qeyd etmək lazımdır. Dəm qazı detektoru kiçik, sadə və batareya ilə işləyən cihazdır. Qiyməti baha olmasa da, həyati əhəmiyyət daşıyır. Dəm qazının təhlükəli səviyyədə toplanması zamanı cihaz səs siqnalı verir. Bu, insanlara təhlükəni vaxtında müəyyənləşdirmək və müvafiq tədbirlər görmək imkanı yaradır.
Avropa ölkələrində bu cihazların istifadəsinə xüsusi diqqət yetirilir. Məsələn, Böyük Britaniya, Almaniya və Skandinaviya ölkələrində dəm qazı detektorlarının quraşdırılması ilə bağlı müxtəlif məcburi tələblər mövcuddur. Bu qaydalar illərin acı təcrübəsindən sonra formalaşıb və insanların həyatının qorunmasına xidmət edir. Təəssüf ki, Azərbaycanda belə cihazların istifadəsi hələ geniş yayılmayıb. Halbuki yaşayış evlərində dəm qazı detektorlarının quraşdırılması zəhərlənmə təhlükəsinin vaxtında aşkarlanmasına və faciələrin qarşısının alınmasına ciddi töhfə verə bilər.
Bir daha qeyd etmək lazımdır ki, bacaların təmizliyi və təhlükəsizliyi sadəcə texniki məsələ deyil, həyat və ölüm məsələsidir. Ölkəmizdə hər il baş verən dəm qazı faciələrinin qarşısını almaq mümkündür. Bunun üçün hər birimiz məsuliyyətli olmalı, bacaların təmizlənməsinə, istilik və qaz cihazlarının texniki vəziyyətinə, eləcə də müvafiq təhlükəsizlik tədbirlərinin vaxtında həyata keçirilməsinə diqqət yetirməliyik”.
Xalidə Gəray,
Musavat.com

