Azərbaycanın taleyini dəyişən 12 noyabr…

Azərbaycanın taleyini dəyişən 12 noyabr…

1995-ci ilin bu günündə qəbul edilən Azərbaycan Konstitusiyası müstəqil dövlətçiliyimizin tarixində yeni mərhələnin əsasını qoydu. Bu sənəd təkcə ölkənin hüquqi sistemini formalaşdıran Əsas Qanun deyil, həm də xalqın suveren iradəsini, dövlət müstəqilliyini və gələcək inkişaf strategiyasını özündə birləşdirən fundamental dövlətçilik sənədidir. Konstitusiyanın hazırlanmasına bilavasitə rəhbərlik edən Ümummilli Lider Heydər Əliyev mürəkkəb siyasi, iqtisadi və hərbi şəraitdə Azərbaycanın gələcək inkişafı üçün möhkəm hüquqi təməl yaratdı. Onun siyasi uzaqgörənliyinin və dövlətçilik fəlsəfəsinin təcəssümü olan bu sənəd demokratik, hüquqi, dünyəvi və unitar dövlət modelinin əsas prinsiplərini müəyyənləşdirdi.

MP Konul Nurullayeva draws attention of Arabic media to historical reality  created by Azerbaijan - TurkicWorld

Konstitusiyanın qəbulundan keçən illər ərzində Azərbaycanda dövlət institutları möhkəmləndirildi, qanunvericilik sistemi inkişaf etdirildi, insan hüquq və azadlıqlarının konstitusion təminatları genişləndirildi. 2002, 2009 və 2016-cı illərdə keçirilən referendumlar isə Əsas Qanunun zamanın tələblərinə uyğun təkmilləşdirilməsinə imkan yaratdı. Bu gün Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması müstəqil dövlətçilik ideallarının həyata keçirilməsinin mühüm tarixi nəticəsidir. Bütün bunlar bir daha göstərir ki, Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konstitusiya yalnız öz dövrü üçün deyil, Azərbaycanın gələcək nəsilləri üçün də hesablanmış strateji hüquqi sənəddir.
Müasir Azərbaycanın dövlətçilik tarixində Heydər Əliyevin şah əsəri hesab edilən Konstitusiyanın tarixi və siyasi əhəmiyyəti nədən ibarətdir?

Azərbaycan Parlamentinin təmsilçisi Könül Nurullayeva Musavat.com-a bildirdi ki, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra yeni Konstitusiyanın hazırlanması dövlət quruculuğunun qarşısında duran əsas vəzifələrdən biri idi. Onun sözlərinə görə, həmin vaxt ölkədə hökm sürən siyasi böhran, hakimiyyət qarşıdurmaları, iqtisadi tənəzzül və təhlükəsizlik problemləri bu istiqamətdə zəruri addımların atılmasına imkan vermədi: “Dövlət müstəqilliyi ciddi təhlükələrlə üzləşmiş, cəmiyyətin sabitliyi və vətəndaşların təhlükəsizliyi böyük sınaq qarşısında qalmışdı. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ölkənin inkişaf istiqamətində əsaslı dönüş yaratdı. İctimai-siyasi sabitliyin təmin olunması, dövlət institutlarının möhkəmləndirilməsi və hüquqi dövlət quruculuğu yeni Konstitusiyanın hazırlanması üçün zəruri şərait formalaşdırdı. Dahi siyasətçi Heydər Əliyev müstəqil Azərbaycanın Əsas Qanununun uzunmüddətli dövlətçilik maraqlarına xidmət etməli olduğunu xüsusi vurğulayırdı. Onun yanaşmasına görə, Konstitusiya demokratik prinsiplər əsasında dövlətin sabit inkişafını təmin edən tarixi sənəd olmalı idi. Məhz bu dövlətçilik fəlsəfəsi əsasında hazırlanmış Konstitusiya 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edildi. Seçicilərin 91,9 faizinin dəstəklədiyi Konstitusiya noyabrın 27-də qüvvəyə mindi. Bununla da müstəqil Azərbaycanın hüquqi və institusional quruculuğunda yeni mərhələnin əsası qoyuldu. Konstitusiyanın mühüm xüsusiyyətlərindən biri insan hüquq və azadlıqlarına verdiyi geniş təminatlardır. Təsadüfi deyil ki, Əsas Qanunun 48 maddəsi bilavasitə insan hüquqları və onların müdafiəsi məsələlərini əhatə edir. Bu müddəalar Azərbaycanın hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas istiqamətlərini müəyyənləşdirir. Konstitusiyanın qəbulundan sonrakı dövrdə ölkənin hüquqi bazası və dövlət institutları inkişaf etdirildi. 1998-ci ildə Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. 2002, 2009 və 2016-cı illərdə keçirilən referendumlar isə dəyişən ictimai-siyasi və idarəetmə reallıqlarına uyğun olaraq Ana Qanunun təkmilləşdirilməsinə imkan yaratdı”.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür | Azərbaycan  Respublikası Laçın Rayon İcra Hakimiyyəti

Deputat onu da diqqətə çatdırdı ki, Azərbaycan Konstitusiyasının tarixi əhəmiyyəti bu gün ölkəmizin ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməsi fonunda daha aydın görünür: “2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində suverenliyi təmin edildi. Bununla da Konstitusiyanın Preambulasında bəyan edilmiş müstəqilliyin, suverenliyin və ərazi bütövlüyünün qorunması niyyətləri yeni tarixi reallıqda öz ifadəsini tapdı. Prezident İlham Əliyevin 2024-cü il dekabrın 28-də imzaladığı Sərəncamla 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edildi. Bu qərar Konstitusiyanın dövlətçilik tariximizdəki yerinin, suverenliyin bərpasının və hüquqi dövlət quruculuğunun əhəmiyyətinin bir daha ön plana çıxarılması idi. Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və həmin ərazilərdə dövlət idarəçiliyinin bərpası suverenliyin real göstəriciləridir. Azərbaycanın bütün ərazisində Konstitusiyanın hüquqi qüvvəsinin təmin olunması müstəqil dövlətçiliyimizin yeni mərhələsinin mühüm göstəricisidir”.

Cavanşir Abbaslı
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir