Demokratların Konqresdə qələbəsi Bakı üçün yeni siyasi risklər yarada bilər – Vaşinqtonda hansı addımlar atılmalıdır?
ABŞ-də keçirilən aralıq seçkilərdə Demokratların Konqresin hər iki palatasında üstünlük əldə etməsi Vaşinqtonun xarici siyasətində, o cümlədən Cənubi Qafqaz istiqamətində yeni siyasi müzakirələrə yol açıb. Bu barədə yayılan siyasi təhlildə qeyd olunur ki, Demokratların Konqresdə çoxluğu ələ keçirməsi Trampın xarici siyasət səlahiyyətlərini avtomatik olaraq məhdudlaşdırmasa da, onun qərarlarının həyata keçirilməsini çətinləşdirə bilər.
Yeni Konqres 2027-ci ilin yanvarından fəaliyyətə başlayacaq. Bu isə Tramp administrasiyasının qarşıdakı iki ildə qanunvericilik, maliyyələşdirmə və kadr təyinatları sahəsində daha ciddi müqavimətlə üzləşə biləcəyi deməkdir.
Analitiklərə görə, Demokratların bir hissəsi Tramp administrasiyasının Cənubi Qafqazda əldə etdiyi nəticələri yenidən müzakirəyə çıxarmağa çalışa bilər. Xüsusilə Azərbaycanın mövqeyini hədəfə alan erməni lobbisinin ABŞ Konqresində fəallaşması, Qarabağdan Ermənistana köçmüş ermənilərin məsələsi, məhkum edilmiş erməni separatçıların azadlığa buraxılması ətrafında yeni siyasi təzyiq cəhdləri istisna edilmir. Bu isə Demokratların Trampın regional siyasətinə qarşı çıxmasının bəzi hallarda Ermənistanın maraqlarını müdafiə edən dairələrin fəaliyyətinə əlavə imkanlar yarada biləcəyi deməkdir.
Təhlillərdə xüsusi diqqət TRIPP layihəsinə yönəldilir. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçməklə nəqliyyat əlaqəsinin yaradılmasını nəzərdə tutan bu layihə Tramp administrasiyasının Cənubi Qafqaz siyasətinin mühüm elementlərindən biridir. Ehtimal edilir ki, Trampın rəqibləri TRIPP-in idarə olunması, investisiyalar, Ermənistanın suverenliyi və gəlirlərin bölüşdürülməsi məsələlərini müzakirəyə çıxara, bununla da layihənin icrasına təsir göstərə bilərlər. ABŞ-İran münasibətlərinin də Cənubi Qafqaz üçün əhəmiyyətinə diqqət çəkilir. Bildirilir ki, Vaşinqtonda Demokratlarla Respublikaçılar arasında qarşıdurmanın dərinləşməsi İranla bağlı siyasətdə qeyri-müəyyənlik yarada bilər. Regionda yeni gərginlik isə Azərbaycanın sərhədləri, ticarət əlaqələri və nəqliyyat marşrutları üçün əlavə risklər doğura bilər.
Belə görünür ki, Azərbaycan ABŞ-dəki yeni siyasi reallığı nəzərə alaraq həm Ağ Evlə, həm də Konqresin demokrat üzvləri ilə münasibətlərini fəal şəkildə davam etdirməlidir. Demokratların Konqresdə qələbəsi Azərbaycanın ABŞ ilə münasibətlərində yeni təzyiq mərhələsinin başlanğıcı ola bilərmi və Bakı bu siyasi ssenariyə qarşı hansı diplomatik addımları atmalıdır?
Yusif Bağırzadə
Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirib ki, Demokratların Konqresdə qələbəsi Azərbaycan üçün avtomatik təhlükə yaratmır. Lakin bu nəticə ABŞ-də ölkəmizə münasibətdə fərqli siyasi mövqelərin daha fəal şəkildə ortaya çıxmasına səbəb ola bilər. Xüsusilə Konqresdəki komitələr, dinləmələr və qanunvericilik təşəbbüsləri vasitəsilə Azərbaycana qarşı təzyiq cəhdlərinin artması ehtimalı mövcuddur: “Bununla belə, Azərbaycanın mövqeyi əvvəlki illərlə müqayisədə daha güclüdür. Ölkəmiz regionda yeni geosiyasi reallıqlar formalaşdırıb, ərazi bütövlüyünü və suverenliyini təmin edib, Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilib və beynəlxalq nəqliyyat marşrutlarında strateji əhəmiyyətini artırıb. Buna görə də Bakı ABŞ-dəki siyasi dəyişiklikləri yeni diplomatik imkanlar yaratmaq üçün düzgün qiymətləndirməlidir. Ən başlıcası, Azərbaycan öz maraqlarını müdafiə etmək üçün nə Vaşinqtondakı Respublikaçıların, nə də Demokratların siyasi dəstəyindən asılı olan ölkə təsiri bağışlamamalıdır. Azərbaycanın ABŞ ilə münasibətləri partiyalararası siyasi rəqabətin deyil, qarşılıqlı strateji maraqların üzərində qurulmalıdır. Azərbaycanın müstəqil xarici siyasətə üstünlük verməsi bu baxımdan ölkəmiz üçün əlavə üstünlükdür. Əsl diplomatik uğur ABŞ-də hansı partiyanın hakimiyyətdə olmasından asılı olmayaraq Azərbaycanın maraqlarının Vaşinqtonun xarici siyasət hesablamalarında nəzərə alınmasını təmin etməkdir”.
Politoloq qeyd edib ki, burada bir məqamı da unutmaq olmaz. Belə ki, ABŞ-nin Cənubi Qafqazda maraqları yalnız Ermənistan və ya Azərbaycanla münasibətlərdən ibarət deyil. Vaşinqton üçün regionun geosiyasi mövqeyi, Xəzər hövzəsinə çıxış, enerji resursları, Şərq-Qərb nəqliyyat marşrutları və İranla bağlı təhlükəsizlik məsələləri də mühüm əhəmiyyət daşıyır: “Deməli, Azərbaycan özünün regional əhəmiyyətini ABŞ-nin müxtəlif siyasi dairələrinə ardıcıl şəkildə izah etməli, əməkdaşlığın qarşılıqlı faydasını nümayiş etdirməlidir.
ABŞ-dəki səfirliyimizin, diaspora təşkilatlarımızın Konqresin hər iki palatasının təmsilçiləri ilə təmasları qurulmalı, mövcud əlaqələr daha da sıxlaşdırılmalıdır. Müxtəlif tədbirlər, müzakirələr təşkil edib senatorları, konqresmenləri dəvət etmək vacibdir. Bir sözlə, ABŞ-də Demokratların Konqresdə üstünlük qazanması Azərbaycan diplomatiyasının daha çevik və dinamik olmasını zəruri edir. Dediyimiz kimi, Demokratların Konqresdə qələbəsi Azərbaycan-ABŞ münasibətlərində yeni siyasi müzakirələr və müəyyən təzyiq imkanları yarada bilər. Lakin bu, münasibətlərin mütləq şəkildə qarşıdurma mərhələsinə keçəcəyi anlamına gəlmir. Həlledici amillər Bakı diplomatiyasının çevikliyi, Vaşinqtonda partiyalararası əlaqələrin səviyyəsi və iki ölkənin ortaq strateji maraqlarının nə dərəcədə qorunması olacaq. Azərbaycan diplomatiyası üçün əsas vəzifə ABŞ-dəki siyasi dəyişikliklərə uyğunlaşmaqla yanaşı, milli maraqlara söykənən müstəqil xarici siyasət kursunu davam etdirməkdir. Vaşinqtonda hansı partiyanın üstünlük təşkil etməsindən asılı olmayaraq, Bakı ilə əməkdaşlığın ABŞ-nin öz strateji maraqlarına uyğun olduğunu nümayiş etdirmək diplomatik fəaliyyətin əsas istiqamətlərindən biri olmalıdır”.
Etibar SEYİDAĞA
“Yeni Müsavat”

