Göy məscid təxribatının şifrələri – şeyx xəbərdarlıq etmişdi

Göy məscid təxribatının şifrələri – şeyx xəbərdarlıq etmişdi

İrəvanda tarixi Azərbaycan abidəsinin erməniləşdirilməsi prosesində İranın iştirakı nə deməkdir?

Ermənistanın paytaxtı İrəvanda yerləşən tarixi Göy məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adı verilib. Növbəti mərhələdə həmin zalda şairin büstünün qoyulması planlaşdırılır.

Bu barədə İranın Ermənistandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, İrəvana işgüzar səfər edən İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi Çarentsin adının əks olunduğu lövhənin açılışında iştirak edib. Səfirliyin məlumatına görə, növbəti mərhələdə məscidin mərasim zalında şairin büstü də quraşdırılacaq. Göy məscid XVIII əsrdə İrəvan xanlığı dövründə, İrəvan xanı Hüseynəli xanın hakimiyyəti zamanı inşa edilib. Bu abidə İrəvanın müsəlman-türk tarixi və Azərbaycan xalqının tarixi-mədəni irsi ilə bağlı mühüm memarlıq nümunələrindən biridir.

Bu hadisə Azərbaycanın tarixi irsinə münasibət baxımından daha geniş kontekstdə qiymətləndirilməlidir. Çünki Göy məscid, sadəcə, İrəvanda yerləşən dini tikili deyil. O, İrəvan xanlığının tarixini, Azərbaycan türklərinin bölgədəki çoxəsrlik mövcudluğunu və müsəlman mədəniyyətinin izlərini özündə yaşadan abidədir. Qeyd edək ki, ötən il tarixi İrəvan qazılığı bərpa edilib. Bugünlərdə isə QMİ sədri Allahşükür Paşazadə İrəvan qazılığının bərpasını tarixi zərurət adlandırıb. Şeyxülislam xüsusilə erməni kilsəsinin bu prosesə münasibətinə diqqət çəkib. Bildirib ki, İrəvan qazılığının bərpası erməni kilsəsində ciddi narahatlıq yaradıb, bundan sonra tarixi saxtalaşdırma və dezinformasiya cəhdləri güclənib. Allahşükür Paşazadə vurğulayıb ki, Qərbi Azərbaycanın dini-mənəvi irsinin öyrənilməsi, sənədləşdirilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması mühüm vəzifədir. O, həmçinin soydaşlarımızın tarixi torpaqlarına qayıdışının mənəvi əsaslarının möhkəmləndirilməsinin, onların dini hüquqlarının bərpasının vacibliyini qeyd edib. Şeyxülislam İrəvan qazılığının tarixindən danışaraq, onun vaxtilə Ermənistan ərazisini əhatə etdiyini, azərbaycanlıların deportasiyası nəticəsində fəaliyyətini dayandırmağa məcbur olduğunu bildirmişdi. Ermənilər isə bu açıqlamanı Şeyxin Ermənistana “ərazi iddiası” kimi izah etmişdilər.

Məscidin mərasim zalına İslam dininin daşıyıcısı olmayan erməni şairinin adının verilməsi və büstünün qoyulması nə dərəcədə doğrudur? Qərbi Azərbaycanda doğulan bir şairin və ya din aliminin adının verilməsi daha düzgün olmazdımı? Ermənistan bununla nə etmək istəyir? İranın vitse-prezidentinin etiraz etmək əvəzinə açılışda iştirak etməsi və bu addımı təqdir etməsi İranın əsl simasını bir daha ortaya qoymuş oldumu?

Qabil Hüseynli səhhətindən danışdı: “Yoldaşım müalicə edir” | Modern.az

Qabil Hüseynli 

Əslən Qərbi Azərbaycandan olan professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirib ki, İrəvanda baş verən bu hadisə sadəcə məsciddə bir zalın adlandırılması və ya erməni şairinin xatirəsinin əbədiləşdirilməsi məsələsi deyil. Burada tarixi abidənin kimə məxsus mədəni irs kimi təqdim edilməsi, onun simvolik məkanından hansı məqsədlə istifadə olunması və İranın bu prosesdə tutduğu mövqe kimi ciddi suallar var: “Xüsusilə İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədinin mərasimdə şəxsən iştirak etməsi hadisənin siyasi əhəmiyyətini artırır.

Göy məscid XVIII əsrdə, İrəvan xanlığı dövründə, İrəvan xanı Hüseynəli xanın hakimiyyəti zamanı 1765-1766-cı illərdə inşa edilib. Bu faktı Ermənistanın özünün rəsmi turizm portalı da təsdiqləyir. Həmin portal məscidin tikintisini İrəvan sərdarı Hüseynəli xanın adı ilə əlaqələndirir. Deməli, Göy məscid İrəvan xanlığı dövrünün tarixi yadigarıdır, Azərbaycan xanlıqları dövrünün müsəlman memarlıq irsi ilə bağlıdır, İrəvanda azərbaycanlıların və müsəlman əhalinin tarixi varlığını əks etdirən mühüm abidədir, İslam dini və müsəlman icmasının tarixi yaddaşı baxımından xüsusi əhəmiyyət daşıyır.

İranın məscidin bərpasında böyük rolu olduğunu da inkar etmək olmaz. 1990-cı illərdə aparılan bərpa işləri İranın maliyyə və mütəxəssis dəstəyi ilə həyata keçirilib. Elmi araşdırmalarda 1995-ci ildə imzalanmış razılaşma əsasında məscidin bərpası və sonrakı mədəni istifadəsi məsələsinin İrana həvalə edildiyi də qeyd olunur. Ancaq burada mühüm fərq var ki, abidənin bərpasında iştirak etmək onun ilkin tarixi mənsubiyyətini dəyişdirmir. Yeqişe Çarents erməni ədəbiyyatının tanınmış nümayəndəsidir. Onun İran ədəbiyyatına, xüsusilə Firdovsinin “Şahnamə” əsərinə marağı olması da mümkündür və bu, erməni-İran ədəbi əlaqələrinin bir hissəsidir. Lakin bir şairin başqa xalqın ədəbiyyatına maraq göstərməsi onun adının tarixi məscidin mərasim zalına verilməsi üçün əsas ola bilməz. Məscid dini-mədəni abidədir. Onun daxilində hansısa şəxsin adının əbədiləşdirilməsi həmin şəxsin abidənin qorunmasına konkret töhfəsi, məkanın tarixi və dini xarakterinə uyğunluğu, habelə müvafiq icmanın razılığı əsasında qiymətləndirilməlidir. Azərbaycanlı icmasının razılığı alınmayıb”.

Professor qeyd edib ki, İrəvandakı Göy məsciddə Qərbi Azərbaycandan olan bir din xadiminin, bu məscidlə hər hansı əlaqəsi olan azərbaycanlının adının əbədiləşdirilməsi daha məntiqli olardı: “Əgər məqsəd Göy məscidin tarixi yaddaşını yaşatmaq, onun İrəvan xanlığı və müsəlman əhalisi ilə bağlılığını vurğulamaqdırsa, həmin tarixi mühitə aid şəxsiyyətlərin adlarının yaşadılması daha məqsədəuyğun olardı. Məsələn, İrəvan xanlığının tarixi ilə bağlı şəxsiyyətlər, İrəvanda doğulmuş azərbaycanlı şair və ədiblər, bölgənin müsəlman dini və elmi həyatında iz qoymuş alimlər, İrəvanın Azərbaycan memarlığına və mədəniyyətinə töhfə vermiş sənətkarlar. Erməni şair Çarents isə həm bu kriteriyalara uyğun gəlmir, həm də heç İrəvanda da doğulmayıb, 1897-ci ildə Qarsda anadan olub. Yəni Çarentsin adının İrəvanın tarixi məscidində əbədiləşdirilməsi onun İrəvanın yerli tarixi şəxsiyyəti olması ilə əsaslandırıla bilməz”.

Q.Hüseynlinin fikrincə, Ermənistan bu addımı atmaqla bir neçə mümkün siyasi və mədəni məqsəd güdə bilər: “Birinci məqsəd Göy məscidin təqdimatını dəyişdirməkdir. Ermənistanın turizm və mədəniyyət təqdimatlarında Göy məscid çox vaxt İran memarlıq irsi və İran-Ermənistan mədəni əlaqələri kontekstində təqdim edilir. İranın rəsmi qurumlarının da bu yanaşmada iştirakı məscidin Azərbaycan-İrəvan xanlığı tarixindən daha çox İran-Ermənistan mədəni əlaqələrinin simvolu kimi tanıdılmasına şərait yarada bilər. İkinci məqsəd erməni mədəni varlığını tarixi məkanlarda nümayiş etdirməkdir. Çarentsin adının məhz məscidin daxilində əbədiləşdirilməsi erməni mədəniyyətinin bu tarixi məkanda da təmsil olunduğunu göstərən simvolik addımdır. Üçüncü məqsəd İranın Ermənistanla yaxınlığını nümayiş etdirməkdir. Mərasimdə İranın vitse-prezidentinin iştirakı bu hadisəni adi mədəniyyət təşəbbüsündən diplomatik səviyyəyə yüksəltməyə xidmət edir. İrəvan bununla həm də göstərir ki, İranla münasibətlərini yalnız iqtisadi və siyasi əməkdaşlıq çərçivəsində deyil, “ortaq mədəni irs” üzərindən də inkişaf etdirə bilir. İranın vitse-prezidenti, sadəcə, tədbirə qonaq qismində qatılmayıb. O, şəxsən Çarentsin adının yazıldığı lövhənin açılışında iştirak edib. Bu, İran dövlətinin yüksək səviyyəli nümayəndəsinin həmin təşəbbüsə açıq siyasi və diplomatik dəstəyini nümayiş etdirir. Burada İranın qarşısında seçim var idi: Göy məscidin Azərbaycan-İrəvan xanlığı tarixi ilə bağlılığını vurğulamaq, yaxud Ermənistanın irəli sürdüyü erməni-İran mədəni əlaqələri konsepsiyasını dəstəkləmək. İran ikinci istiqamətdə addım atıb”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir