“Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin suveren dövlətçilik salnaməsində sadəcə hüquqi sənəd deyil, xalqımızın taleyini, azadlıq iradəsini və gələcək inkişaf vektorunu müəyyənləşdirən təməl daşıdır. Sovet imperiyasının dağılmasından sonra yaranan dərin siyasi böhran, iqtisadi tənəzzül, hərbi təcavüz və daxili qarşıdurmalar şəraitində respublikamız məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz belə tarixi və taleyüklü bir mərhələdə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanın xilasını məhz hüquqi dövlət quruculuğunda və ölkənin ali qanununun yaradılmasında görürdü”.

Bu fikirlərlə Musavat.com-da Milli Məclisin deputatı Kamran Bayramov çıxış edib. O diqqətə çatdırıb ki, Ulu Öndərin birbaşa rəhbərliyi və şəxsi təşəbbüsü ilə hazırlanan bu fundamental sənəd cəmiyyətin bütün təbəqələrinin maraqlarını uzlaşdıraraq, gələcək nəsillərə hesablanmış strateji dövlətçilik fəlsəfəsinin praktiki təcəssümünə çevrildi: “Konstitusiyanın qəbulu ilə Azərbaycan xalqı öz taleyinin sahibi olduğunu, demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurmaq əzmini bütün dünyaya nümayiş etdirdi. Bu baxımdan, Heydər Əliyevin şah əsəri hesab edilən Əsas Qanun keçmişin səhvlərindən dərs çıxararaq sabaha inamla baxan güclü bir millətin hüquqi manifestidir. Tarixi baxımdan bu sənəd mürəkkəb geosiyasi reallıqlar fonunda cəmiyyətdə ictimai-siyasi sabitliyin bərqərar olunmasında həlledici rol oynadı. Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində hazırlanan Konstitusiya hakimiyyət bölgüsü prinsipinə – qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin müstəqilliyinə və qarşılıqlı balansına əsaslanan müasir idarəetmə mexanizmini formalaşdırdı. Ölkədə qanunun aliliyinin təmin edilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının beynəlxalq standartlara uyğun şəkildə təsbit olunması cəmiyyətin demokratikləşmə prosesini dönməz xarakterə qovuşdurdu. Konstitusiya vasitəsilə dövlət aparatının işi sistemləşdirildi, iqtisadi inkişafın hüquqi bazası yaradıldı, azad bazar münasibətlərinə və mülkiyyət müxtəlifliyinə zəmanət verildi. Bu hüquqi təməl zamanın dəyişən tələblərinə uyğun olaraq çevikliyini də nümayiş etdirdi. Belə ki, 2002-ci, 2009-cu və 2016-cı illərdə keçirilən referendumlar nəticəsində Əsas Qanun qlobal çağırışlara, müasir idarəetmə standartlarına və cəmiyyətin inkişaf dinamikasına uyğunlaşdırılaraq daha da təkmilləşdirildi”.

Deputatın fikrincə, Azərbaycan Konstitusiyasının siyasi əhəmiyyəti bu gün onun ideallarının reallığa çevrilməsi müstəvisində daha qabarıq görünür: “Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu strateji kursun Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olundu. Konstitusiyada əksini tapan dövlət müstəqilliyi, suverenlik və ərazi bütövlüyü prinsipləri bu gün Xankəndidə, Şuşada, Laçında və digər işğaldan azad edilmiş torpaqlarımızda Azərbaycan bayrağının dalğalanması ilə praktiki yekununu tapdı. Bütün bunlar sübut edir ki, 1995-ci ildə qəbul edilmiş Əsas Qanun sadəcə kağız üzərində qalan bəyannamə deyil, Azərbaycanın qüdrətli, suveren və qalib dövlətə çevrilməsini təmin edən dəmir hüquqi zirehdir. Heydər Əliyevin zəkasından süzülüb gələn bu müdrik sənəd ötən illər ərzində sabitliyin, tərəqqinin və ədalətin təminatçısı olmaqla yanaşı, müasir Azərbaycanın parlaq gələcəyini işıqlandıran əbədiyaşar siyasi-hüquqi kompasdır”.
Cavanşir Abbaslı
Musavat.com

