Azərbaycan xurmanı sata bilmir

Azərbaycan xurmanı sata bilmir

Rusiya bazarında rəqabət güclənir, Özbəkistan ucuz məhsulla sıxışdırır – Avropa bazarlarına çıxış və emal sənayesinin inkişafı çıxış yolu ola bilər

Azərbaycanın kənd təsərrüfatı ixracında mühüm yeri olan xurmanın xaricə satışında problemlər yaranıb. Ağdaş və Göyçay fermerləri alış qiymətlərinin aşağı olmasından, ixrac bazarlarının məhdudluğundan şikayətlənirlər. Onlar dövlət dəstəyi, yeni bazarların tapılması və məhsullarının alınmasına kömək gözləyirlər.

Problemin həlli ilə bağlı Fed.az kənd təsərrüfatı naziri Məcnun Məmmədova müraciət edib. Nazir bildirib ki, ixrac biznes fəaliyyətidir, dövlət isə istehsalı təşviq edir və fermerlərə dəstək verir. Onun sözlərinə görə, Prezidentin imzaladığı sərəncama əsasən, ixrac logistikası xərclərinin 70 faizə qədəri dövlət tərəfindən qarşılanır. Nazir əlavə edib ki, Subsidiya Şurasının qərarına əsasən, 2027-ci ildən beynəlxalq məhsul sertifikatlarının alınması da maliyyələşdiriləcək. Söhbət Global G.A.P., ISO və orqanik məhsul sertifikatlarından gedir.

Nazir özəl sektorun da üzərinə düşən vəzifələri yerinə yetirməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın ənənəvi xurma bazarı Rusiyadır. Ötən il Türkiyəyə də ixrac olub, lakin bu il həmin istiqamətdə satış həyata keçirilməyib. Səbəblərdən biri Türkiyədə şaxtalar nəticəsində məhsuldarlığın azalmasıdır.

Nazir Yaxın Şərq bazarına İran hadisələrinin mənfi təsir göstərdiyini, Çin bazarına çıxış üçün isə danışıqların davam etdiyini bildirib. Qida Təhlükəsizliyi Agentliyinin sədrinin və daha sonra özünün Çinə səfərləri zamanı Azərbaycan məhsullarının bu ölkəyə ixracı müzakirə olunub.

“Yeni Müsavat” xatırladır ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. Məhsulun dəyəri 32,7 milyon dollar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac həcmi 6 min 311,9 ton (13,2 faiz), dəyəri isə 1 milyon 389,9 min dollar (4 faiz) azalıb. Dəyərin həcmdən daha az azalması orta ixrac qiymətinin yüksəlməsi ilə bağlıdır.

Azərbaycan xurma ixracatçıları arasında ön sıralarda yer alır. 2023-cü ildə 127 milyon dollarlıq ixracla İspaniyadan (242 milyon dollar) sonra dünyada ikinci olub və qlobal bazarın 23,09 faizini tutub. Çin 91 milyon dollarlıq satışla üçüncü yerdə qərarlaşıb. 2025-ci ildə isə Çin liderliyə yüksəlib, İspaniya ikinci, Azərbaycan üçüncü olub. Qlobal xurma bazarının həcmi təxminən 930 milyon dollardır. FAO bu göstəricinin 2029-cu ilədək 1,2 milyard dollara çatacağını proqnozlaşdırır.

Dünyanın ən böyük xurma idxalçısı Rusiyadır. FAO-nun məlumatına görə, 2024-cü ildə qlobal idxal 556 min 400 ton olub. Bunun 215 min 800 tonu, yəni 38,8 faizi Rusiyanın payına düşüb. Vyetnam 77 min tonla ikinci, Almaniya 42 min 400 tonla, İtaliya 24 min tonla və Tailand 22 min tonla sonrakı yerlərdə qərarlaşıb. Fransa və Qazaxıstan da əsas alıcılar sırasındadır. Çin isə 2024-cü ildə 3,9 milyon ton istehsalla dünyanın ən böyük xurma istehsalçısı olub. Cənubi Koreya, Azərbaycan, Braziliya, Yaponiya və Türkiyə də aparıcı istehsalçılardandır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycan 144,2 milyon dollar dəyərində 187,5 min ton xurma ixrac edib. Bunun 106,52 milyon dolları Rusiyanın payına düşüb. Bu ilin ilk səkkiz ayında 40,5 min tonluq ixracın 32,8 min tonu yenə Rusiyaya göndərilib.

Lakin Rusiya bazarında rəqabət güclənir. Özbəkistan, Tacikistan, Ermənistan və digər ölkələrdən məhsul axınının artması Azərbaycan ixracatçıları üçün vəziyyəti çətinləşdirir. Xüsusilə Özbəkistanın ucuz xurması ciddi rəqibə çevrilib. Pomidorda olduğu kimi, bu məhsulda da qiymət üstünlüyü Azərbaycan mallarının bazardakı mövqeyinə təzyiq göstərir. Buna görə yalnız Rusiya bazarına güvənmək ixracın davamlılığı baxımından risklidir.

2026-cı ilin yanvar-avqust aylarında xurmanın bir tonunun orta ixrac qiyməti 792 dollar olub. Ötən ilin eyni dövründə bu göstərici 718,7 dollar idi. Rusiyaya satış qiyməti 692,4 dollardan 753,6 dollara yüksəlib. Ukraynaya 824 dollardan 1125,4 dollara, Belarusa 1386,6 dollardan 1525,5 dollara, Qazaxıstana 498,4 dollardan 552 dollara, BƏƏ-yə 687,8 dollardan 937,1 dollara dəyişib. Türkiyəyə ixrac qiyməti isə 755,1 dollardan 630,3 dollara düşüb. Bu il ixraca başlanılan Suriyaya bir ton xurma 651,3 dollara satılıb. Ən yüksək qiymətlər Belarus, Ukrayna və BƏƏ-də qeydə alınıb.

Türkiyəyə ixrac qiymətinin azalması bu ölkədə istehsalın bərpası ilə əlaqələndirilir. Bununla belə, Azərbaycan məhsulunun üstünlüyü var: 2020-ci ildə imzalanmış Preferensial Ticarət Sazişinə əsasən, xurmanın Türkiyəyə ixracı ƏDV-dən azaddır. Bu güzəşt məhsulun qiymət rəqabətliliyini artırır və bazara qayıdış üçün istifadə oluna bilər.

İxracatçıların Şərqi Avropa bazarlarına yönəlməsi daha yüksək gəlir gətirə bilər. Polşa, Bolqarıstan, Rumıniya və Estoniyada xurmaya tələbat artır. Özbəkistan artıq Polşa və Estoniyaya ixraca başlayıb. Azərbaycanın da bu bazarlara çıxması üçün Avropa İttifaqının tələb etdiyi keyfiyyət sertifikatlarının alınması, məhsulun çeşidlənməsi, qablaşdırılması və daşınma standartlarına uyğunlaşdırılması vacibdir. 2027-ci ildən sertifikatlaşdırmaya dövlət dəstəyi bu baxımdan imkan yarada bilər.

Ölkədə xurma bağlarının sahəsi 2020-ci ildəki 11 454,3 hektardan 2025-ci ildə 13 128,7 hektara yüksəlib. İstehsal 185 247 tondan 222 206,7 tona, orta məhsuldarlıq isə 16,1 tondan 16,9 tona çatıb. İstehsalın artması yeni satış kanallarının tapılmasını daha vacib edir.

Digər çıxış yolu xammal ixracından emal məhsullarına keçiddir. Xurmanın qurudulması, cem və digər məhsulların istehsalı təzə meyvənin saxlanması ilə bağlı xərcləri və məhsul itkisini azalda, əlavə gəlir yarada bilər. Regionlarda emal müəssisələrinin qurulması məşğulluğa da töhfə verər.

Beləliklə, Azərbaycan xurmasının ixracında əsas vəzifə yeni bazarlar tapmaqla yanaşı, Rusiya bazarından asılılığı azaltmaq, keyfiyyəti və rəqabət qabiliyyətini yüksəltməkdir. Çin və Avropa bazarlarına çıxış, beynəlxalq sertifikatlaşdırma və emal sənayesinin inkişafı bu sahənin gələcək gəlirlərini artıra bilər.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir