Milli Məclisin bugünkü plenar iclasında parlamentin 2027-ci il üçün xərclər smetası haqqında qərarı layihəsi birinci oxunuşda müzakirə olunub.
Musavat.com-un məlumatına görə, Azərbaycan Respublikası Milli Məclisinin İşlər müdiri Firudin Hacıyev bildirib ki, Milli Məclisin və onun Aparatının 2027-ci il üçün xərclər smetası 72 milyon 355 min 242 manat məbləğində təsdiq edilib.
Vəsaitin əsas hissəsi əməkhaqqı və əməyin ödənişi ilə bağlı xərclərə yönəldiləcək. Bununla yanaşı, mal və xidmətlərin satın alınması, ezamiyyətlər, xarici nümayəndə heyətlərinin qəbulu, sosial ödənişlər, sığorta haqları və avadanlıqların alınması üçün də vəsait nəzərdə tutulub.
Milli Məclisin və onun Aparatının 2027-ci il üçün xərclər smetası 72 milyon 355 min 242 manat məbləğində təsdiq edilməlidir. Sənəd Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin müvafiq müddəasına əsaslanır və parlamentin, eləcə də onun Aparatının fəaliyyətinin səmərəliliyinin təmin edilməsini nəzərdə tutur.
Əməkhaqqı və əməyin ödənişinə 59,3 milyon manat ayrılır
Smetada ən böyük xərc istiqaməti əməkhaqqı və əməyin ödənişi ilə bağlı xərclərdir. Bu məqsədlə ümumilikdə 59 milyon 356 min 275 manat nəzərdə tutulub. Məbləğ ümumi smetanın təxminən 82 faizini təşkil edir. Ştatda olan işçilərin əməkhaqqının ödənilməsi üçün 47 milyon 607 min 611 manat, əməyin ödənişi ilə bağlı digər pul ödənişləri üçün isə 73 min 140 manat ayrılması planlaşdırılır.
Bu istiqamət üzrə digər əsas xərc maddələri məcburi dövlət sosial sığorta haqları, icbari dövlət sığortası, icbari tibbi sığorta və işsizlikdən sığorta ödənişləridir. Belə ki, məcburi dövlət sosial sığorta haqları üçün 10 milyon 489 min 765 manat, icbari dövlət sığortası üçün 70 min manat, icbari tibbi sığorta üçün 953 min 615 manat, işsizlikdən sığorta üçün isə 162 min 144 manat nəzərdə tutulub.
Mal və xidmətlərin satın alınmasına 10,5 milyon manat
2027-ci ildə mal və xidmətlərin satın alınması üzrə xərclərin 10 milyon 517 min 367 manat olacağı müəyyən edilib. Bu istiqamətdə dəftərxana və təsərrüfat xərclərinə 740 min manat, mətbəə məhsullarının alınmasına 240 min manat, yanacaq və sürtkü materiallarına 570 min 821 manat ayrılması nəzərdə tutulur. Dərman və sarğı ləvazimatlarının alınması üçün 1 000 manat, yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlər üçün 20 min manat, digər malların alınması üçün isə 100 min manat ayrılacaq.
Tikili və avadanlıqların cari təmirinə 250 min manat, nəqliyyat vasitələrinin cari təmirinə 170 min manat, digər torpaq, tikili və avadanlıqların cari təmirinə isə 5 min manat yönəldilməsi planlaşdırılır.
Kommunal və rabitə xərcləri
Kommunal xidmətlər üzrə elektrik enerjisinin ödənilməsinə 465 min manat, qaz haqqına 210 min manat, su haqqına 35 min manat, kanalizasiya xidmətlərinə 35 min manat ayrılması nəzərdə tutulub. İstilik enerjisi üçün 3 min manat, digər kommunal xidmətlər üçün isə 55 min manat proqnozlaşdırılıb.
Rabitə və telekommunikasiya xidmətləri üzrə ölkədaxili telefon danışıqlarına 113 min manat, beynəlxalq telefon danışıqlarına 20 min 200 manat, poçt xidmətlərinə 17 min manat, internet xidmətinə 94 min manat ayrılacaq. Digər telekommunikasiya və rabitə xidmətlərinin haqqının ödənilməsi üçün isə 42 min manat nəzərdə tutulub.
İcarə və ezamiyyətlərə 5,1 milyon manat
Xərc smetasında icarə və muzdlu xidmətlər üçün 3 milyon manat ayrılması planlaşdırılır. Əsas fondlara xidmət haqqı xərcləri 200 min manat, sanitariya-gigiyena və digər xidmətlər 100 min manat, proqram təminatlarına və məlumat bazalarına xidmət haqları isə 71 min 500 manat təşkil edəcək.
Ezamiyyət xərcləri üzrə ölkədaxili səfərlər üçün 110 min manat, xarici ezamiyyətlər üçün isə 2 milyon manat nəzərdə tutulub.
Nəqliyyat vasitələri, istehsal təyinatlı maşın, avadanlıq və qurğular üzrə xidmət haqlarının ödənilməsinə 22 min 411 manat, elmi tədqiqat xidmətləri, təcrübə və müayinələrin haqqının ödənilməsinə 10 min manat ayrılacaq.
Atributların və mükafatlandırma nişanlarının hazırlanması, təltif və mükafatlandırma ilə bağlı xərclər 15 min manat, istehlakyönlü müxtəlif xidmətlər 170 min manat, abadlaşdırma xidmətləri 40 min manat, bank xidmətləri 177 min 435 manat həcmində müəyyən edilib.
Dövlət qulluqçularının əlavə təhsil xərcləri üçün 5 min manat, digər xərclər üçün isə 10 min manat nəzərdə tutulur.
Xarici nümayəndə heyətlərinin qəbulu üçün 1,4 milyon manat
Smetada xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün 1 milyon 400 min manat ayrılması nəzərdə tutulub. Bu vəsait mal və xidmətlərin satın alınması üzrə xərclərin tərkibində ayrıca istiqamət kimi göstərilib.
Sosial ödənişlərə 334 min manat
Milli Məclisin 2027-ci il üçün xərclər smetasında sosial ödənişlərə ümumilikdə 334 min manat ayrılması planlaşdırılır. Bunun 200 min manatı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlərin ödənilməsinə, 134 min manatı isə dövlət qulluqçularına ödənişlərə yönəldiləcək.
Dövlət icbari şəxsi sığortası üçün 762,6 min manat
Dövlət icbari şəxsi sığorta xərcləri üzrə 762 min 600 manat nəzərdə tutulub. Bu məbləğ qanunla müəyyən edilmiş qaydada və məbləğdə ödənilən sığorta haqlarını əhatə edir.
Avadanlıq və qeyri-maliyyə aktivlərinin alınmasına 1,385 milyon manat
Qeyri-maliyyə aktivlərinin alınması və təmiri üçün ümumilikdə 1 milyon 385 min manat ayrılıb. Bu məbləğin 900 min manatı maşın və avadanlıqların, 90 min manatı avtomobil nəqliyyatı vasitələrinin, 150 min manatı isə digər torpaq, tikili və avadanlıqların alınmasına yönəldiləcək.
Əsaslı təmir xərcləri çərçivəsində maşın və avadanlıqların təmirinə 20 min manat, nəqliyyat vasitələrinin əsaslı təmirinə 50 min manat, digər torpaq, tikili və avadanlıqların əsaslı təmirinə isə 20 min manat nəzərdə tutulub.
Qeyri-maddi aktivlərin alınması üçün 150 min manat, digər uzunmüddətli qeyri-maliyyə aktivləri üçün isə 5 min manat ayrılacaq.
Beləliklə, 2027-ci il üçün təqdim olunan smetada əməkhaqqı və onunla bağlı ödənişlər əsas xərc istiqaməti olaraq qalır. Digər vəsaitlər parlamentin gündəlik fəaliyyətinin təşkili, kommunal və rabitə xidmətləri, ezamiyyətlər, xarici nümayəndə heyətlərinin qəbulu, sosial ödənişlər və maddi-texniki təminatın maliyyələşdirilməsi üçün bölüşdürülüb.
E.Paşasoy,
Musavat.com

