“Merkelin səfəri ölkədə qeyri-neft sektorunun inkişafını sürətləndirəcək” – Aydın Mirzəzadə
“Angela Merkelin Azərbaycana səfəri iki ölkə arasındakı iqtisadi və diplomatik münasibətlərin gələcək perspektivləri üçün olduqca əhəmiyyətli hesab olunur”
ARANTV.AZ xəbər verir ki, bu sözləri Millət vəkili Aydın Mirzəzadə Almaniya kanslerinin ölkəmizə səfərinin nəticələrini şərh edərkən deyib.
O bildirib ki, bu səfər Azərbaycan-Almaniya münasibətlərini yeni platformaya daşıyacaq: “Yalnız iqtisadi sahələrdə deyil, gələcəkdə iki ölkə arasındakı münasibətlərin digər sahələrdə də özünü göstərməsi üçün bu səfərin xüsusi əhəmiyyəti var. A.Merkelin Azərbaycanı Cənubi Qafqazda Almaniyanın ən böyük tərəfdaşı adlandırması digər işgüzar dairələrin ölkəmizə olan marağını göstərir. Təsadüfi deyil ki, Azərbaycanda son dövrlərdə qeyri-neft sektoruna çox ciddi diqqət ayrılıb. Bu istiqamətdə görülən işlər artıq beynəlxalq təşkilatların, xarici ölkələrin diqqətini cəlb edir. Bununla yanaşı, siyasi münasibətlər də günü-gündən inkişaf edir.
Xanım Merkelin Ermənistan-Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişərinin sülh yolu ilə həllinə çalışmaq istəyi, olduqca ciddi bir bəyanatdır. Bu bəyanat ilk növbədə Dağlıq Qarabağ problemini bütün çılpaqlığı ilə ortaya qoyur və bu problemin kökündə Ermənistanın işğalçı siyasətinin dayandığını Avropaya bəyan etməkdir. Bu da təsadüfi deyildir ki, bu günə qədər xanım Merkelin Dağlıq Qarabağ və Azərbaycanla bağlı bəyanatlarında daha dərin təəssüratlar paylaşılır. Ermənistanın Azərbaycan torpaqlarına işğalçı siyasəti olmasaydı, bu gün region daha çox inkişaf edərdi. Belə olan halda isə Almaniya özü də regionda inkişaf edən daha böyük layihələrdə iştirak edə bilərdi. Ümumilikdə götürdükdə isə bu səfərin nəticələri və gözləntiləri böyükdür. Gözləntilərimiz odur ki, iki ölkə arasındakı əlaqələr möhkəmlənəcək, birgə daha geniş layihələr həyata keçiriləcək, qeyri-neft sektoruna ölkədə fəaliyyət göstərən alman şirkətlərinin marağı daha da artacaq, hətta Almaniyanın Azərbaycanla birlikdə üçüncü ölkələrə investisiya yatırması da mümkün ola biləcək”.
A.Mirzəzadə onu da əlavə edib ki, Angela Merkelin bu səfərindən sonra Almaniya rəsmilərinin ölkəmizə rəsmi və işgüzar səfərlərinin artması gözlənilir: “Almaniyanın işgüzar dairələri Azərbaycanla, birbaşa ölkəmizdə fəaliyyət göstərən şirkətlərlə geniş əlaqələr qurmaq istəkləri danılmazdır. Həmçinin iqtisadiyyatın inkişafı üçün bank sektorunun inkişafına, təkmilləşdirilməsinə Almaniyanın yardımı da gözlənilir. Bu baxımdan, səfər ölkəmizin inkişafı, iqtidarın göstərdiyi fəaliyyətə verilən yüksək dəyər kimi qiymətləndirilə bilər”.publika.az

