Azərbaycan ilə Almaniya arasında münasibətlərdə siyasi dialoqun iqtisadi əməkdaşlıqla daha da möhkəmlənməsi yeni perspektivlər vəd edir. Son dövrdə artan qarşılıqlı təmaslar, investisiya təşəbbüsləri və enerji sahəsində formalaşan yeni imkanlar iki ölkənin iqtisadi tərəfdaşlığını keyfiyyətcə yeni mərhələyə daşıya bilər. Azərbaycanın Avropa ilə əlaqələrində artan strateji rolu Almaniya biznesi üçün yeni əməkdaşlıq istiqamətləri açır.
Bu gün Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Almaniyanın federal xarici işlər naziri Yohan David Vadeful arasında keçirilən görüşdə, o cümlədən media üçün brifinqdə də bu mövzuya xüsusi diqqət yetirilib.
Milli Məclisin deputatı Azər Badamov Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycan ilə Almaniya arasında iqtisadi əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyur:“Son dövrdə iki ölkə arasında siyasi dialoqun intensivləşməsi, qarşılıqlı səfərlər və əldə olunan razılaşmalar iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Prezident İlham Əliyevin 2026-cı ilin iyul ayında Almaniyaya rəsmi səfəri çərçivəsində imzalanmış Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması və fəaliyyətinə dair Birgə Bəyannamə bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Yeni platforma iki ölkənin işgüzar dairələri arasında əlaqələrin daha da möhkəmləndirilməsinə, birgə layihələrin təşviqinə və qarşılıqlı investisiya imkanlarının genişləndirilməsinə xidmət edəcək.

Almaniyanın xarici işlər naziri İohann Vadefulun Azərbaycana səfəri çərçivəsində keçirilən görüşlər və mətbuata verilən açıqlamalar da iqtisadi münasibətlərin ikitərəfli gündəliyin mühüm istiqamətlərindən biri olduğunu bir daha nümayiş etdirir. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun açıqladığı göstəricilər də əməkdaşlığın real iqtisadi əsaslara söykəndiyini təsdiqləyir.
Belə ki, 2025-ci ildə Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsi 1,4 milyard dollar təşkil edib. 2026-cı ilin ilk doqquz ayında isə bu göstərici artıq 1 milyard dollara yaxınlaşıb. Hazırda Azərbaycanda Almaniya kapitallı 280 şirkət qeydiyyatdan keçib və onlardan 210-u aktiv fəaliyyət göstərir. Qarşılıqlı investisiyaların həcmi də diqqətəlayiqdir. Almaniyanın Azərbaycana yatırdığı investisiyaların həcmi təxminən 950 milyon dollar, Azərbaycanın Almaniya iqtisadiyyatına yönəltdiyi investisiyaların həcmi isə 670 milyon dollardan artıqdır. Bu rəqəmlər iqtisadi münasibətlərin qarşılıqlı maraq və etimada əsaslandığını göstərir”.
Deputat diqqətə çatdırıb ki, digər mühüm məqam enerji əməkdaşlığıdır:“2026-cı ildən etibarən Azərbaycan qazının Almaniyaya ixracına başlanması ölkələrimiz arasında enerji tərəfdaşlığında yeni mərhələnin əsasını qoyur. Bu əməkdaşlıq Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni artırmaqla yanaşı, Almaniya üçün də enerji təchizatı mənbələrinin şaxələndirilməsi baxımından əhəmiyyətlidir.
Bununla belə, Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının perspektivləri yalnız enerji sektoru ilə məhdudlaşmır. Orta Dəhlizin artan strateji əhəmiyyəti, Azərbaycanın Şərq ilə Qərb arasında mühüm nəqliyyat-logistika qovşağına çevrilməsi, Ələt Azad İqtisadi Zonası və azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq layihələri Almaniya şirkətləri üçün yeni əməkdaşlıq imkanları yaradır. Sənaye, nəqliyyat, logistika, alternativ enerji, texnologiyalar və infrastruktur sahələrində birgə layihələrin həyata keçirilməsi üçün kifayət qədər geniş potensial mövcuddur. Eyni zamanda, Cənubi Qafqazda sülhün və regional əməkdaşlığın möhkəmlənməsi bu imkanların reallaşdırılması üçün mühüm amildir. Regionda davamlı sabitliyin təmin olunması yeni nəqliyyat marşrutlarının açılmasına, iqtisadi əlaqələrin genişlənməsinə və beynəlxalq investorların marağının artmasına şərait yarada bilər. Almaniyanın regionda sülh və əməkdaşlıq gündəliyinə dəstək verməsi də bu baxımdan əhəmiyyətlidir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan ilə Almaniya arasında iqtisadi əməkdaşlıq böyük inkişaf potensialına malikdir. Mövcud siyasi dialoq, formalaşan institusional mexanizmlər, enerji tərəfdaşlığı və regional nəqliyyat imkanları yaxın perspektivdə ikitərəfli iqtisadi münasibətlərin həm həcminin, həm də sahəvi əhatə dairəsinin genişlənməsinə ciddi töhfə verə bilər. Əsas məsələ mövcud siyasi iradəni konkret biznes təşəbbüslərinə və qarşılıqlı faydalı investisiya layihələrinə çevirməkdir”.
Nigar Həsənli
Musavat.com

