Milli Məclisin iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihə müzakirəyə çıxarılıb.
Musavat.com-un məlumatına görə, qanun layihəsi barədə İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa layihə barədə ətraflı məlumat verib.
Deputat Azay Quliyev çıxışında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin əsaslandırmasını qısa şəkildə diqqətə çatdırıb:
“Mülki Məcəlləyə təklif olunan dəyişikliyə görə Qeyri-hökumət təşkilatlarının adında “Azərbaycan Respublikası” sözlərindən, dövlət orqanlarına oxşar adlardan istifadə edilə bilməz. Digər bir dəyişiklik Hüquqi şəxslərin ləğv etmə halları zamanı istinad edilən qanunların sırasına “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunun əlavə edilməsini nəzərdə tutur. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna təklif edilən dəyişiklərə gəldikdə isə ilk növbədə qeyd etmək lazımdır ki, qüvvədə olan qanun 26 il əvvəl, 2000-ci ildə qəbul edilib. Lakin keçən dövrdə QHT sektorunun inkişaf dinamikasında baş verən dəyişiklərə baxmayaraq, QHT haqqında qanunda bəzi boşluqlar hələ də qalmaqdadır. Məsələn, qüvvədə olan qanunun 5-ci maddəsi QHT-lərin növləri haqqındadır, lakin bu növlərin konkret təsnifatı verilməyib, yəni bu məsələ açıq qalıb. Təklif olunan layihə isə bu boşluğu tam olaraq aradan qaldırır və ictimai birliklərin və fondların hansı növlər üzrə yaradıla biləcəyini müəyyən edir”.
A.Quliyev ardınca “bu dəyişiklik niyə vacibdir” sualına detallı şəkildə aydınlıq gətirib:
“Birincisi, bu dəyişiklik qəbul olunarsa, QHT sektorunun ehtiyac duyduğu ixtisalaşma dərinləşəcək, daha peşəkar QHT-lərin formalaşması və sahəvi rəqabətin artması təmin olunacaq. İkincisi, qrant verən qurumlar sahələr və ya növlər üzrə daha çox ixtisaslaşmış QHT-lərin xidmətlərindən faydalanacaq və bacarıqlı tərəfdaş seçmək onlar üçün xeyli dərəcədə asanlaşacaq.
Təəssüf ki, hazırda bu sahədə real vəziyyət heç də ürək açan deyil. Məsələn, bəzi QHT -lər qrant üçün ölkədə fəaliyyət göstərən 15 dövlət qurumunun bir çoxuna eyni vaxtda müraciət edirlər. Və ya elə QHT var ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının yanında fəaliyyət göstərən bir çox ictimai şuralarda təmsil olunurlar. Sual olunur, necə ola bilər ki, bir QHT tamamilə fərqli sahələr üzrə ixtisaslı və keyfiyyətli xidmət göstərə bilsin? Məhz qanunda ictimai birliklərin və fondların konkret növünün, həmçinin yalnız bir növ üzrə fəaliyyət göstərə biləcəyi haqda hər hansı müddəanın olmaması belə bir xaotik durumun yaranmasına səbəb olur.
Üçüncüsü, bu dəyişiklik QHT sektorunda həm hesabatlığı, şəffaflığı və səmərəliliyi artıracaq, QHT-nin mahiyyətini bilməyən, yalnız qrant almaq məqsədilə ictimai birlik və ya fond yaradan şəxslərin qarşısını alacaq, həm də adları olub, özləri olmayan qurumların reyesterdə yer tutmasına aydınlıq gətirəcək, ən vacibi isə real vətəndaş cəmiyyəti instutularının güclənməsinə və inkişafına əlavə stimul verəcəkdir”.
O vurğulayıb ki, hazırda dövlət qeydiyyatına alınmış 3829 QHT-dən yalnız 1005-i haqqında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin məlumat əldə edə bilməsi və ya keçən il sadəcə 603 QHT-nin illik maliyyə hesabatı verməsi faktı da dediklərimin statistik təsdiqidir:
“Digər tərfədən Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının 98 filial və nümayəndəliklərindən yalnız 15-nin müvafiq saziş əsasında fəaliyyət göstərməsi, yerdə qalan 83-nün qanunun tələbinə əməl etməməsi də bu sahədə məsuliyyətin artırılmasını və hüquqi tənzimlənməni qaçılmaz edir”.

