“Bu, ciddi narahatlıq yaradır” – Deputatdan SON DƏQİQƏ AÇIQLAMALARI

“Bu, ciddi narahatlıq yaradır” – Deputatdan SON DƏQİQƏ AÇIQLAMALARI

Deputat Əli Məsimli Milli Məclisdə büdcə məsələləri barədə çıxış edib.

Musavat.com-un məlumatına görə, deputat deyib ki, 2027-ci il dövlət büdcəsinin əsas fəlsəfəsi ölkənin uzunmüddətli strateji milli prioritetlərinin maliyyələşdirilməsini təmin edərkən onun neft amilindən asılılığını mərhələli şəkildə azaltmaq və makrofiskal sabitliyi qorumaqdır:

“2027-ci ilin büdcəsinin İqtisadi siyasət komitəsində müzakirəsi zamanı qaldırdığımız sualların qaneedici cavablar hissəsinə görə təşəkkür edirik. Eyni zamanda inflyasiyanın artım templərinin büdcə gəlirlərinin artım tempini dəfələrlə üstələdiyi bir şəraitin davamının yaxın illərdə yarada biləcəyi risklər,sosial paketlərin reallaşdırılması üçün ayrılan vəsaitin öz təyinatına görə əhalinin güzərının yaxşılaşdırılmasına yönəldilməsi yolundakı maneələr və dövlət büdcəsinin regionlarla münasibətlərinin optimallşadırılması kontekstində bir sıra məsələlənin diqqətdə saxlanılmasını vacib hesab edirik:

Birincisi,ölkəmizdə ÜDM artımının 2024-cü ildə yavaşımış artım trayektoriyasından sürətlənmiş artım trayektoriyasına keçib 4,1 faizlik yüksəliş nümayiş etdikdən sonra,2025-ci ildə 3,5 faizlik proqnoza qarşı 1,4 faiz, 2026-cı ildə isə 2,9 faizlik proqnoza qarşı bu ilin 10 ayının nəticlərinə görə cəmi 1,7 faizlik artım nümayiş etdirib,yəni artıq ikinci ildr ki,artım ilkin proqnozdan xeyli aşağıdır. İqtisadi artım tempinin zəifləməsi təkcə neft hasilatındakı obyektiv azalmasının deyil,bununla yanaşı həm də struktur dəyişikliklərinin və yaşamağa başladığımız yeni mərhələnin tələb etdiyi islahatların lazımı səviyyədə getməməsinin nəticəsidir.

Beynəlxalq maliyyə qurumlarının 2026-cı ilin payızında yenilənmiş son hesabatlarına əsasən, Azərbaycanda real ÜDM-in 2026-cı ildə 1,2% – 2,0% aralığında, 2027-ci ildə isə 1,8% – 2,5% aralığında artacağı proqnozlaşdırılıb.2028-ci il və sonrakı ortamüddətli dövrdə isə artım tempinin 1,9% – 2,5% səviyyəsinə yüksələcəyi gözlənilir. Büdcə Zərfində isə 2027-ci ildə ÜDM-in 2,7 faiz, 2027–2030-cu illərdə isə orta hesabla 3,3 faiz artımə proqnozlaşdırılıb. Qarşıdakı illərdə həmin göstəricilərə nail olunması xeyli dərəcədə 2027-ci ilin hədəflərinə nə dərəcədə nail olunmasından asılı olacaq”.

NzRjkxogH8FB5gMhh8YUHwTu4Ttjqv5MJItG27ab_1200.jpg (99 KB)

Əli Məsimli bildirib ki, 2027-ci ildə dövlət əsaslı vəsait qoyuliuşunun 2 dəfəyə qədər artırılaraq 5,3 milyard manata çatdırılması gələn il ÜDM-in artım tempinə müəyyən qədər müsbət təsir edəcək:

“Bununla belə, bu prosesdən maksimum effekt götürülməsini təmin etməkdən ötrü dövlət əsaslı vəsait qoyuliuşunun strukturunu innovasiyalı inkişaf modelinə yetərincə uyğunlaşdırılmasına, eləcə də şəffaflıq, hesabatlılıq sahəsindəki problemləri aradan qaldırılmasına ehtiyac var.

Eyni zamanda, belə bir şəraitdə büdcə gəlir və xərclərinin artım tempinin cəmi 1,7 faiz olmaqla inflyasiyanın artım tempindən 3 dəfə geri qaldığı, sərt maliyyə-büdcə rejimi şəraitində yüksək və davamlı iqtisadi artıma nail olunmasının çətinliyi faktından çıxış edərək bildiririk ki, qarşıdakı illərdə də iqtisadi artımın proqnoz göstəriciləri ilə müqayisədə zəifləməsinin bundan sonra da davam etməsi, ölkəmizin üzləşdirdiyi bir sıra sosial-iqtisadi problemləri daha da kəskinləşdirə bilər. Amma bunun baş verməməsi üçün Azərbaycanın xeyli potensialı və manevr imkanları var.

Ona görə də 2030-cu ilədək olan dövr üçün müəyyəşmiş milli prioritetləri, xüsusən də birinci prioritetdə nəzərdə tutulan yüksək və davamlı iqtisadi artıma nail olunması, eləcə də ikinci prioritetdə nəzərdə tutulan məhz həmin artımın keyfiyyətini yüksəltməklə davamlı iqtisadi artımdan hər bir vətəndaşın bəhrələnməsi, yüksək və ədalətli sosial təminata dolğun şəkildə nail olunması, xeyli dərəcədə gələn ildən islahatları dərinləşdirmək şərtilə 2,7 faizlik və daha yüksək artım tempinin əldə edilməsinin əsas hərəkətverici qüvvəsi kimi realda qeyri-neft-qaz sektorunun orta illik artın tempini 4,4 faiz və ondan da çox böyüməsi hədəfinə nail olmaqdan asılı olacaq. Bundan ötrü həddindən artıq mərkəzləşmiş modeldən optimal açılımlara keçid edilməklə, yaşamağa başladığımız yeni mərhələnin məntiqinə uyğun əsaslı iqtisadi model dəyişikliyinə gedilməsi, dövlət idarəçiliyinin optimal ölçülü, çevik və nəticəyönümlü modelinə keçidi, qeyri – neft sektorunun hərtərəfli və effektli şaxələndirilməsini, özəl sektorun sürətli və səmərəli inkişafına imkan verən və qısa, orta və uzun müddətə səmərə verə bilən tədbirlərin effektiv kombinasiyasına əsaslanan islahat xarakterli sistemli və davamlı tədbirlər kompleksinin həyat keçirilməsini vacib hesab edirik. İkincisi, 2027-ci ildə Azərbaycanda böyük həcmli sosial paket icra olunacaq. Bu sosial paketin həyata keçirilməsi üçün maliyyə təminatı büdcədə ehtiyat fond şəklində nəzərdə tutulub. İndiyədək icra olunan paketlər 4 milyon vətəndaşı əhatə etməklə 8 milyard manat əlavə maliyyə tutumuna malik olub və əhalinin minimum gəlirlərinin artmasını təmin edib”.

Deputat hökumət üzvlərinin iştirak etdiyi iclasda əlavə edib ki, sosial paketin reallaşması prosesində bazara yüz milyon manatlarla əlavə pul vəsaiti daxil olduqda, rəqabət mühitinin zəif olduğu sahələrdə satıcılar əhalinin potensial gəlir artımını nəzərə alaraq qiymətləri qabaqlayıcı şəkildə artırırlar:

“Yəni rəsmi şəxslər əmək haqqı, pensiya və digər ödənişlərin gələn ildən artacağı barədə verildiyi xəbərin növbəti günündən başlayaraq qiymətlər daha sürətlə artmağa başlayır. Ötən il Azərbaycan ailəsi iqtisadi əsası olmayan bu cür qiymət artımının hər faizinə görə əlavə olaraq 676 milyon manat vəsait itirib. Bu qurama üsul sosial paketlərdən gələn real gəlir artımının təxminən 30–40%-ni, bəzi illərdə daha çoxunu neytrallaşdırır. Əhalidə böyük gözlənti var idi ki, Rəqabət Məcəlləsinin qəbulu ilə iqtisadi əsası olmayan süni qiymət artımının qarşısı alınacaq və bu sahədə rəqabəti də tənzimləyəcək. Təəssüf ki, Rəqabət Məcəlləsinin qüvvəyə minməsindən 2 ildən artıq vaxt keçməsinə baxmayaraq, hələ də bir manat əlavə xərc çəkmədən, bir manatlıq əlavə mal istehsal etmədən və ya gətirmədən, sadəcə qiymətləri davamlı şəkildə qaldırmaqla qazanc götürmək üsulu davam edir.

İqtisadi əsası olmayan, əhalinin xeyli hissəsinin alıcılıq qabiliyyətinə heç cür uyğun gəlməyən bahalıq çox ciddi narahatılıq və narazılıqlar yaradır. Əhalinin xeyli hissəsinin gəlirlərinin aşağı olması, ərzaq mallarının qiymətlərinin daha sürətlə artması, idxaldan asılılıq və bahalı istehlak kreditlərinin bir-birinə çulğalaşdığı hazırkı şəraitdə rəsmi məlumatlara görə, ailələrin xərclərinin yarıya qədəri, aztəminatlı ailərdə isə daha çox hissəsi ərzağa gedir ki, bu da ölkədə kasıbçılığın dairəsinin geniş olduğunu göstərən bir indikatordur. Ona görə də bu sahədə bir neçə problemin kompleks həllini vacib hesab edirik: hər şeydən əvvəl, sosial parketin reallaşdırılması üçün ayrılacaq maliyyə vəsaitinin əhəmiyyətli bir hissəsinin süni qiymət artımının və qiymət manupulyasiyalarının “yeminə” yox, əhalinin güzəranının yaxşılaşmasına yönəlməsi üçün əlavə anti-inflyasiya tədbirlərinin, xüsusən də Rəqabət Məcəlləsini tam gücü ilə işə salıb, iqtisadi əsası olmayan qiymət artımlarına qarşı təsirli tədbirlərin görülməsini vacib hesab edirik.

Eyni zamanda hesab edirik ki,dayanıqlı büdcə siyasətinin əsasında dövlətin büdcəyə gəlir toplamaq imkanlarının məhdudiyyətsiz şəkildə genişləndirmək deyil, büdcənin gəlir və xərcləri ilə bağlı qərarları elmi cəhətdən hərtərəfli əsaslandırılmış etibarlı fiskal qaydalarala uyğun və şəffaf şəkildə həyata keçirmək dayanmalıdır. Bu əsasda nəyin bahasına olursa-olsun büdcəyə daha çox vəsait cəlb edilməsi modelindən islahatları dərinləşdirməklə gəlir bazasının genişləndirilməsi, kölgə iqtisadiyyatının səviyyəsinin azaldılması və vergi güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi və optimallaşdırılmasını vacib hesab edirik. Bununla yanaşı, daha çox əlavə dəyər yaradan sahələrin və yerli xalq islehlakı malları istehsalı sahələrinin və layiqlı əmək haqqısı olan iş yerlərinin genişləndirilməsini, regionların vergi yükünün minimuma endirilməsini, real sektorun və sahibkarların ucuz və uzunmüddətli kredit resurslarına çıxışının genişləndirilməsini, yoxsulluğun azaldılmasından orta təbəqənin güclənməsi modelinə keçid edilməsini və bu əsasda büdcənin gəlirlərinin etibarlı şəkildə və davamlı olaraq artırılmasının təmin edilməsini, nəticə əsaslı büdcə kontekstində büdcənin hər manatından daha səmərəli istifadə olunması üçün maliyyə resurslarının konkret və ölçülə bilən hədəflərə bağlanmasını, həm dövlət idarəçiliyində, həm də korporativ sektorda vəsaitlərin səmərəli xərclənməsini və şəffaflığı təmin edilməsini vacib hesab edirik”.

Əli Məsimli bildirib ki, qənaət rejiminin dairəsinin genişləndirilməsinə münasibətdə təkcə iqtisadi amilidən yox, iqtisadi, sosial və ekoloji amillərin bir-biri ilə vəhdətdə götürülməsi variantından istifadə edilməli və bu əsasda yerlərdə bu gün hələ də mövcud olan,insanları çox narahat edən məsələlərin həllini sürətləndirmək lazımdır:

“Regionlarda yaşamağın cəlbediciliyini artırmaqdan ötrü ​yerlərdə işsizliyin aradan qaldırılması, yeni istehsal sahələrinin yaradılması ilə yanaşı, çox vacib hesab olunan bir məsələni, deməli, ekologiya məsələlərinə diqqətin artırılması çox zəruridir. Belə ki, əgər obyektiv araşdırma aparılsa, məlum olacaq ki, regionlarda qazlaşdırmanın ləngidilmısi nəticəsində meşələrin qırılmasından,yaşayış məntəqələrinə sel düşməsindən, ekoloji baxımdan dəyən ziyandan itkilər büdcə vəsitinə edilən qənarətdən qat-qat çoxdur. İllər keçdikcə bu qəbildən olan ziyan və itgilər daha da artacaq. Ona görə də dövlət investiya xərclərində qazlaşmayan yaşayış məntəqələrinin qazlaşdırılmasının sürətləndirilməsini vacib hesab edirik. Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2025-ci il tarixli Sərəncamı ilə yaradılmış İlisu və Axar-Baxar Milli Parklarının yaradılması ölkənin təbii landşaftlarının mühafizəsi, biomüxtəlifliyin bərpası və ekoturizmin inkişafı məqsədi daşıyır. Qax rayonunun dağlıq və meşəətrafı kəndlərində təbii qaz təminatının olmaması və ya tam başa çatmaması yerli əhalini istilik və məişət ehtiyacları üçün odun yanacağından istifadə etməyə məcbur edir. Bu hal birbaşa yeni yaradılmış milli parkların meşə örtüyünə təzyiq yaradır. Xüsusi mühafizə rejiminin tətbiq olunduğu ərazilərdə ağacların qırılmasının və budanmasının tam dayandırılması üçün əhaliyə alternativ enerji mənbəyi kimi fasiləsiz təbii qazın verilməsi zəruri ekoloji şərtdir.

Bu sahədə Şəki və Qaxda müəyyən işlər görülməsinə baxmayaraq, bir sıra kəndlər və şəhərin yeni yaşayış massivləri hələ də təbii qaz yanacağı ilə təmin edilməyib. Şəkidə 20 kənd, Qaxda isə 35 yaşayış məntəqəsi qazlaşdırılmayıb. Xüsusilə dağətəyi ərazilərdə yerləşən, iqlim şəraiti sərt olan, payız-qış mövsümü uzun sürən və turizm potensialı ilə seçilən yaşayış məntəqələrinin qazlaşdırılmasına daha böyük ehtiyac vardır. Bütün bunları nəzərə alaraq, həm payız-qış mövsümü uzun keçən yaşayış məntəqələrində qaz limitinin aradan qaldırılmasını və həm də Şəkinin Şin kəndində qazlaşma işinin bu il başa çatdırılması və digər kəndlərin qazlaşdırılmasına başlanmasını, eləcə də əhalisinin sayı 10802 nəfər, ev təsərrüfatlarının sayı isə 2772 olan Əmbərçay, Qaşqaçay, Aşağı Malax, Armudlu, Qum, Çinarlı, Süskənd, Zərnə, Ləkit, Qapıçay və Güllük kəndlərinin qazlaşdırılmasına başlanılmasını vacib hesab edirik. Torpaqlarımızn işğaldan azad edilməsi işğaldan azad edilmiş ərazilərin iqtisadi reinteqrasiyası ilə yanaşı, regionlararası əlaqələrin də genişləndirilməsi məsələsinin aktuallığını xeyli artırıb.Məlum olduğu kimi, keçmişdə Samuxdan Qax istiqamətində insanların hərəkət etdiyi yol əsasən torpaq örtüklü olub.

Bu marşrutun müasir yol infrastrukturu ilə təmin edilməsi hazırda həm regionların sosial-iqtisadi inkişafı, həm də ölkədaxili nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıya bilər. Samuxdan Qax istiqamətində yeni avtomobil yolunun tikintisi Azərbaycanın qərb (Gəncə-Daşkəsən) və şimal-qərb (Şəki-Zaqatala) iqtisadi rayonlarını birbaşa əlaqələndirərək nəqliyyat şəbəkəsinin səmərəliliyini köklü şəkildə artırar. Bu layihə həm ölkədaxili regionlararası inteqrasiyanı dərinləşdirər, həm də işğaldan azad edilmiş ərazilərin ümummilli nəqliyyat-logistika sisteminə qoşulması fonunda mühüm əhəmiyyət daşıyar. Belə ki, bu yolun tikintisi Azərbaycanın qərb bölgəsi ilə şimal-qərb bölgəsi arasında nəqliyyat əlaqələrininə əhmiyyətli dərəcədə yaxşılaşmasına,məsafə və nəqliyyat xərclərinin azalmasına, əhalinin gediş-gəlişinin asanlaşmasına imkan verə bilər.

Bundan başqa, layihənin həyata keçirilməsi ətraf yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafına da mühüm təsir göstərə bilər. Nəqliyyat əlçatanlığının yüksəlməsi kənd təsərrüfatı məhsullarının bazarlara çıxarılmasını asanlaşdırar, sahibkarlıq və xidmət sahələrinin inkişafına, yeni iş yerlərinin yaradılmasına və əhalinin məşğulluğunun artmasına şərait yaradar, kənd təsərrüfatı və turizmin inkişafına mühüm töhfə verə bilər. Ona görə də Samux–Qax istiqamətində yolun tikintisi imkanlarının aidiyyəti qurumlar tərəfindən araşdırılmasını, layihənin texniki-iqtisadi baxımdan qiymətləndirilməsi və müvafiq dövlət proqramlarına daxil edilməsini vacib hesab edirik”.

E.Paşasoy,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir