Telefonunuzdan xəbəriniz olmadan istifadə edirlər – XƏBƏRDARLIQ

Telefonunuzdan xəbəriniz olmadan istifadə edirlər – XƏBƏRDARLIQ

Azərbaycanda 134 mindən çox botnet yoluxması qeydə alınıb. Bu fakt internet istifadəçilərinin kibertəhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirir.

Botnet kompüter, telefon və digər internetə qoşulan cihazların zərərli proqramlar vasitəsilə kibercinayətkarların nəzarətinə keçməsi deməkdir. Belə cihazlardan istifadəçinin xəbəri olmadan kütləvi kiberhücumların həyata keçirilməsi, məlumatların oğurlanması və digər qanunsuz fəaliyyətlər üçün istifadə edilə bilər. Ən təhlükəlisi isə odur ki, insan öz cihazının bu şəbəkəyə qoşulduğunu heç hiss etməyə bilər.

Bəs 134 min yoluxma faktı nə dərəcədə ciddi təhlükədən xəbər verir?

İnformasiya texnologiyaları və kibertəhlükəsizlik üzrə ekspert Firdovsi Qasımov mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşüb:

WhatsApp Image 2026-11-19 at 15.37.24.jpeg (502 KB)

“Açığı, bu rəqəmi ilk dəfə eşidəndə bir az duruxdum. 134 min kifayət qədər böyük rəqəmdir. Amma məni rəqəmin özündən çox, onun arxasındakı sakitlik narahat edir. O 134 min cihazın sahiblərinin çoxu, yəqin ki, elə bu dəqiqə də heç nədən xəbərsiz telefonunda xəbər oxuyur, ya da kompüterində işini görür.

Botnetin ən qorxulu tərəfi elə budur ki, səs-küy salmır. Virus deyəndə çoxumuzun gözü önünə ekranda qəribə yazılar, donan kompüter, itən fayllar gəlir. Botnet isə əksinə, sakit oturmağı sevir. Sizin cihazınız onun üçün sadəcə bir “əsgərdir”: lazım olanda başqa saytlara hücum edir, spam göndərir, kiminsə parolunu sındırmağa kömək edir. Yəni insan özü də bilmədən kiberhücumun iştirakçısına çevrilir.

Bəs bu nə dərəcədə ciddidir? Məncə, kifayət qədər ciddidir, amma təşvişə düşməyə də ehtiyac yoxdur. 134 min yoluxma problemin real və geniş olduğunu göstərir. Eyni zamanda onu da göstərir ki, bu yoluxmalar aşkarlanır və izlənilir. Görünməyən təhlükə görünən təhlükədən həmişə daha pisdir. Rəqəmin açıqlanması özü də bir addımdır”.

İstifadəçi nəyə fikir verməlidir? Ekspert qeyd edir ki, texniki terminlərə girmədən elementar qaydaları etmək lazımdır:

“Telefonunuz heç nə etmədiyiniz halda qızırsa, batareya əvvəlkindən xeyli tez bitirsə, internet trafiki səbəbsiz artıbsa, bu, ilk siqnaldır. Kompüter yavaşlayıbsa, tanımadığınız proqramlar peyda olubsa, dostlarınız sizdən heç vaxt göndərmədiyiniz qəribə mesajlar aldıqlarını deyirlərsə, artıq ciddi düşünmək lazımdır. Bir də evdəki router var ki, çoxumuz onu quraşdırıldığı gündən bəri heç açıb baxmamışıq. Standart “admin/admin” parolu ilə işləyən router botnet üçün açıq qapıdır. Çox vaxt təhlükə adi bir mesajdan başlayır. Telefonumuza guya bankdan, poçtdan və ya hansısa çatdırılma xidmətindən bildiriş gəlir. Bizdən linkə daxil olmaq, məlumatlarımızı təsdiqləmək, bəzən də əlavə proqram yükləmək tələb olunur. Məhz belə saxta proqramlar və təhlükəli fayllar cihazın yoluxmasına səbəb ola bilər”.

Firdovsi Qasımova görə, ən çox rast gəlinən hallardan biri uşaqların lazımsız proqramlar yükləməsi bu cür təhlükələrin ən çox gözardı edilən mənbələrindən biridir:

“Pulsuz oyun, “qızıl qazandıran” əlavə və ya maraqlı görünən bir tətbiq çox vaxt rəsmi mağazadan yox, naməlum saytlardan yüklənir və onunla birlikdə cihaza zərərli kod da düşür. Uşaq tətbiqin istədiyi icazələrə fikir vermədən hər şeyə “razıyam” deyir, beləcə ailənin ortaq telefonu və ya kompüteri xəbərsiz şəkildə botnet şəbəkəsinin bir hissəsinə çevrilə bilər. Buna görə valideynlər uşaqlarla bu barədə qorxutmadan, sadə dillə danışmalı və yükləmələrin yalnız rəsmi mağazalardan, imkan olduqca valideyn nəzarəti ilə edilməsini təmin etməlidirlər.

Ən böyük problemimiz isə, məncə, texnologiya deyil, vərdişlərimizdir. “Pulsuz” proqramı haradansa yükləmək, “hədiyyə qazandınız” linkinə klikləmək, yeniləmələri “sonra” düyməsi ilə aylarla təxirə salmaq hamımıza tanışdır. Kibercinayətkar da məhz bu tənbəlliyə, bu “mənə heç nə olmaz” düşüncəsinə güvənir”.

Dövlətin hazırlığına gəlincə, müsahibimiz bildirib ki, son illərdə müəyyən irəliləyiş göz qabağındadır:

“Qurumlar yaradılıb, xəbərdarlıqlar edilir, hücumlara reaksiya mexanizmləri formalaşır. Amma dürüst olaq, heç bir dövlət sistemi sizin telefonunuza şübhəli tətbiq yükləməyinizin qarşısını ala bilməz. Kibertəhlükəsizlik təkcə yuxarıdan qurulan divar deyil, həm də hər evdə, hər cibdə olan kiçik qıfıllardır. Məncə, bizdə məlumatlandırma hələ də zəifdir. İnsanlara qorxu yox, sadə və başa düşülən bilik lazımdır: məktəbdə, televiziyada, sosial şəbəkələrdə”.

Afaq Mirayiq,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir