25 faiz dəqiqlik, sıfır xəritə-Ermənistan nəyi gizlədir?

25 faiz dəqiqlik, sıfır xəritə-Ermənistan nəyi gizlədir?

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təhlükəsi Böyük Qayıdış prosesinin qarşısında ciddi maneə olaraq qalır. ANAMA-nın açıqladığı məlumatlar isə problemin xüsusilə 2020-2023-cü illərdə mövcud olmuş təmas xətti ilə bağlı tərəfini üzə çıxarır. Belə ki, Ermənistan əvvəlki 254 kilometrlik təmas xəttinə dair təqdim etdiyi mina xəritələrinin cəmi 25 faiz dəqiqliyə malik olduğunu bildirdiyi halda, 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrınadək mövcud olmuş 480 kilometrlik yeni təmas xətti üzrə ümumiyyətlə heç bir mina formulyarı təqdim etməyib. Bu vəziyyət azad edilmiş ərazilərdə minatəmizləmə işlərini çətinləşdirir, əlavə maliyyə və texniki yük yaradır, mülki əhalinin həyatını təhlükə altında saxlayır. Azərbaycan öz resursları hesabına genişmiqyaslı minatəmizləmə əməliyyatlarını davam etdirsə də, Ermənistanın bu məlumatları təqdim etməməsi sülh gündəliyinin humanitar tərəfi ilə bağlı ciddi problem olaraq qalır.

İrəvanın 480 kilometrlik təmas xətti üzrə mina xəritələrini təqdim etməməsinin arxasında nə dayanır?
Günay Ağamalı - Medianews.az

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı Musavat.com-a bildirdi ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təhlükəsinin hələ də qalması Ermənistanın humanitar məsuliyyətdən yayınmasının, insanların həyat və təhlükəsizliyinə etinasız münasibətinin, eləcə də sülh prosesində nümayiş etdirdiyi qeyri-səmimi mövqeyinin göstəricisidir: “Xüsusilə 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrınadək mövcud olmuş 480 kilometrlik təmas xətti üzrə mina xəritələrinin təqdim edilməməsi Ermənistanın sülh prosesində nümayiş etdirdiyi mövqe ilə əməli davranışları arasında ciddi ziddiyyətin olduğunu göstərir. Ermənistanın əvvəlki 254 kilometrlik təmas xəttinə dair təqdim etdiyi mina xəritələrinin cəmi 25 faiz dəqiqliyə malik olması, yeni təmas xətti üzrə isə ümumiyyətlə heç bir məlumat verməməsi İrəvanın humanitar məsuliyyətdən açıq şəkildə yayınmasıdır. Mina xəritələrinin təqdim edilməməsi insanların həyatını təhlükə altında saxlayır, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərini çətinləşdirir və Böyük Qayıdış prosesinə maneələr yaradır. Dövlətimiz Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərini ardıcıl şəkildə həyata keçirir. Dövlətimizin öz maliyyə və texniki imkanları hesabına apardığı minatəmizləmə əməliyyatları insanların təhlükəsizliyinin təmin edilməsinə və doğma yurdlarına qayıdışının sürətləndirilməsinə xidmət edir. Ermənistanın mina xəritələri ilə bağlı tutduğu mövqe beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənilməli, humanitar öhdəliklərdən yayınmasına və insanların həyatını təhlükəyə atmasına görə bu dövlətin məsuliyyəti məsələsi qaldırılmalıdır. Əgər Ermənistan Azərbaycanla davamlı sülhdə həqiqətən maraqlıdırsa, ilk növbədə, mina təhlükəsinin aradan qaldırılması istiqamətində üzərinə düşən məsuliyyəti yerinə yetirməli, əlində olan bütün dəqiq məlumatları qeyd-şərtsiz təqdim etməlidir”.

Cavanşir Abbaslı
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir