Azərbaycanın xarici siyasətində Türk dünyası ilə strateji tərəfdaşlığın gücləndirilməsi istiqamətində atılan addımlar yeni mərhələyə qədəm qoyur. Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri çərçivəsində keçirilən Azərbaycan–Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında imzalanan qərar iki ölkə arasında münasibətlərin artıq müttəfiqlik səviyyəsinə yüksəldiyini bir daha təsdiqlədi. Sənəddə iqtisadiyyat, ticarət, nəqliyyat, enerji, kənd təsərrüfatı, təhsil və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı investisiyaların artırılması əsas prioritetlər kimi müəyyənləşdirilib. Xüsusilə Qırğızıstanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi töhfə, Ağdamın Xıdırlı kəndində Ayköl Manas adına tam orta məktəbin inşasında iştirakı Türk dövlətləri arasında həmrəyliyin və qardaşlığın real təzahürü kimi qiymətləndirilir.
Bəs bu səfərin siyasi və geosiyasi əhəmiyyəti nədən ibarətdir? İmzalanan sənədlər Azərbaycan–Qırğızıstan münasibətlərinə hansı yeni imkanları açır? Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın dərinləşməsi baxımından bu razılaşmalar hansı nəticələr vəd edir?
Mövzu ilə bağlı Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hikmət Babaoğlu Musavat.com-a danışıb.

Millət vəkili qeyd edib ki, Azərbaycan xarici siyasətdə öz mövqeyini daha da gücləndirmək üçün ətrafında müttəfiqlər birliyi formalaşdırır:
“Amma bu, sadəcə siyasi hadisə deyil, eyni zamanda iqtisadi, logistika və kommunikasiya baxımından da strateji əhəmiyyət daşıyan bir prosesdir. Çünki Azərbaycanın vaxtilə həyata keçirdiyi qlobal layihələr, eləcə də hazırda perspektivdə olan yeni bağlantı və dəhliz layihələri ölkənin coğrafi baxımdan mövcud məhdudiyyətlərini aradan qaldırmağa xidmət edir. Azərbaycan Prezidenti dəfələrlə qeyd edib ki, ölkəmizin açıq dənizlərə çıxışı yoxdur. Lakin Azərbaycan həyata keçirdiyi kommunikasiya layihələri sayəsində bu məhdudiyyəti faktiki olaraq aradan qaldırmağı bacarıb. Nəticədə Azərbaycan öz coğrafi mövqeyini elə bir strateji səviyyəyə yüksəldib ki, bu gün həm Avropa, həm Çin, həm də Mərkəzi Asiya üçün mühüm tranzit və nəqliyyat dəhlizinə çevrilib. Hazırkı mərhələdə isə bu böyük strateji layihənin tam şəkildə reallaşdırılması üçün Orta Dəhliz üzərində yerləşən ölkələrlə siyasi və iqtisadi müttəfiqlik münasibətləri daha yüksək – strateji səviyyəyə qaldırılır”.

Hikmət Babaoğlu vurğulayıb ki, Azərbaycanın təşəbbüsü ilə 2009-cu ildə Naxçıvanda yaradılan Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin hər biri ilə ikitərəfli münasibətlər də strateji müttəfiqlik səviyyəsinə yüksəldilir:
“Bu isə həm tərəfdaşlarımızı və müttəfiqlərimizi daha da yaxınlaşdırır, həm də bütövlükdə Çin–Avropa xəttinin strateji vektorunu formalaşdırır. Bu proses həm iqtisadi, həm siyasi, həm də təhlükəsizlik baxımından xüsusi əhəmiyyət kəsb edir. Ona görə də Azərbaycan Prezidentinin Qırğızıstana dövlət səfəri və bu çərçivədə imzalanan sənədlər həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə olduqca mühüm əhəmiyyət daşıyır. Çünki fəaliyyət göstərən İqtisadi Şura yeni əməkdaşlıq perspektivləri müəyyənləşdirdi, qarşılıqlı sərmayələrin qoyulması məsələsini gündəmə gətirdi ki, bu da əlbəttə, müttəfiqliyin ən mühüm komponentlərindən biridir. Bununla yanaşı, çoxtərəfli platformada da münasibətlərimiz mahiyyət etibarilə yeni inkişaf mərhələsinə yüksəlmiş oldu. Qırğızıstan Prezidentinin göstərişi ilə Ağdam rayonunun Xıdırlı kəndində Ayköl Manas adına tam orta məktəb inşa edilir. Doğrudur, Böyük Qayıdış proqramı çərçivəsində qardaş ölkələrin tikdiyi hər hansı məktəb, musiqi mərkəzi və ya mədəniyyət ocağı funksional baxımdan bəlkə də strateji layihə kimi qiymətləndirilməyə bilər. Ancaq bunlar dostluğumuzun, qardaşlığımızın və müttəfiqliyimizin rəmzi kimi son dərəcə böyük strateji əhəmiyyət daşıyır”.

Millət vəkilinin sözlərinə görə, bu addımlar eyni zamanda Qarabağa hələ də müxtəlif statuslar verməyə çalışan islamofob və ermənipərəst dairələrə açıq siyasi mesajdır:
“Bu mesaj ondan ibarətdir ki, çoxsaylı dövlətlər Azərbaycanın yanındadır və qardaş Qırğızıstan da bu dəstəyi açıq şəkildə nümayiş etdirən ölkələrdən biridir. Düşünürəm ki, baş verənlər həm Türk Dövlətləri Təşkilatı çərçivəsində müttəfiqliyimizin daha da dərinləşməsinə xidmət edən mühüm hadisəyə çevrildi, həm də qarşılıqlı milli maraqlarımızın təmin olunması baxımından olduqca mühüm siyasi, iqtisadi və strateji əhəmiyyət kəsb edən yeni mərhələnin əsasını qoydu”.

