Hər yay Azərbaycanın müxtəlif bölgələrində yüzlərlə hektar əkin sahəsi alova bürünür. Rəsmi qurumlar bəzi hallarda bunu ehtiyatsızlıqla, bəzən isə qəsdən törədilmiş yanğınlarla əlaqələndirir.
Ağdamda son günlər baş verən yanğınlarla bağlı aparılan araşdırmalar da belə hadisələrin təsadüf olmadığını göstərir. Polis əməkdaşlarının pilotsuz uçuş aparatları və müşahidə kameralarının görüntüləri əsasında həyata keçirdiyi araşdırmalar nəticəsində əkin sahələrinin qəsdən yandırılıdığı müəyyən edilib və hadisədə şübhəli bilinən şəxs saxlanılıb.
Bu hadisə uzun illərdir müzakirə olunan bir sualı yenidən gündəmə gətirir. Bəzi fermerlər niyə məhsul yığımından sonra sahələri yandırmağa üstünlük verirlər? Bu üsul doğrudanmı torpağın münbitliyini artırır, yoxsa əksinə, ona ciddi ziyan vurur? Müasir kənd təsərrüfatında bunun əvəzinə hansı daha səmərəli və təhlükəsiz alternativlər mövcuddur?

Məsələ barədə Musavat.com-a danışan Sosial Hüquqları Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublunun sözlərinə görə, məhsul yığımından sonra əkin sahələrinin yandırılması uzun illərdir davam edən yanlış vərdişdir və bunun nə kənd təsərrüfatına, nə də ətraf mühitə hər hansı real faydası var. Onun fikrincə, bəzi fermerlər bunu sahəni tez təmizləmək və növbəti əkinə hazırlamaq üçün ən asan yol hesab etsələr də, əslində bu addım torpağın məhsuldarlığını aşağı salır.
Xəzər Teyyublu bildirir ki, ən geniş yayılmış yanlış təsəvvürlərdən biri odur ki, guya sahənin yandırılması torpağı münbitləşdirir. Onun sözlərinə görə, yanğından sonra qalan külün tərkibində müəyyən miqdarda mineral maddələr olsa da, bu, torpağın itirdiyi üzvi maddələri əvəz etmir.
“Torpağın əsas sərvəti humusdur. Yanğın isə məhz həmin humusu və torpağın üst qatında yaşayan milyonlarla faydalı mikroorqanizmi məhv edir. Nəticədə torpağın strukturu pozulur, su saxlamaq qabiliyyəti zəifləyir və məhsuldarlıq ildən-ilə aşağı düşür”, – deyə o vurğulayıb.
Mərkəz rəhbəri qeyd edir ki, bəzi fermerlər zərərvericilərdən xilas olmaq üçün də sahələri yandırırlar. Lakin bu üsul problemi kökündən həll etmir. “Alov bəzi həşəratları məhv etsə də, onların böyük hissəsi torpağın dərin qatlarında və ya ətraf ərazilərdə sağ qalır. Qısa müddətdən sonra yenidən sahəyə qayıdırlar. Əvəzində isə zərərvericilərlə mübarizə aparan faydalı həşəratlar və torpaq mikroflorası da məhv edilir. Bu isə təbii tarazlığı pozur və gələcəkdə zərərvericilərin daha sürətlə çoxalmasına şərait yaradır”, – deyə Teyyublu bildirib.
Onun sözlərinə görə, yanğınların başqa bir təhlükəsi onların nəzarətdən çıxmasıdır. Xüsusilə yay aylarında güclü külək alovun yaxınlıqdakı biçilməmiş taxıl sahələrinə, meşə zolaqlarına, yaşayış məntəqələrinə və digər təsərrüfatlara keçməsinə səbəb ola bilər. “Təkcə bir sahənin yandırılması ilə məsələ bitmir. Bir neçə dəqiqə ərzində alov böyük əraziləri əhatə edə, insanların əmlakına, kənd təsərrüfatına və təbiətə ciddi ziyan vura bilər. Bu baxımdan məsələ artıq təkcə aqrar deyil, həm də ictimai təhlükəsizlik məsələsidir”, – o əlavə edib.
Xəzər Teyyublu hesab edir ki, müasir kənd təsərrüfatında bitki qalıqlarının idarə olunmasının daha səmərəli üsulları mövcuddur. Onun fikrincə, biçindən sonra saman və küləşin xırdalanaraq torpağa qarışdırılması, kompost hazırlanması, malçlama texnologiyasının tətbiqi, həmçinin küləşdən heyvandarlıqda istifadə olunması həm torpağın münbitliyini qoruyur, həm də fermerlər üçün uzunmüddətli iqtisadi fayda yaradır.
Mərkəz rəhbəri hüquqi məsuliyyət məsələsinə də toxunub. O bildirib ki, Azərbaycan qanunvericiliyində əkin sahələrinin qəsdən yandırılmasına görə məsuliyyət nəzərdə tutulur və yanğın nəticəsində böyük zərər dəyərsə və ya insanların həyatı təhlükə altına düşərsə, məsuliyyət daha da ağırlaşa bilər. “Ağdamda baş verən hadisə göstərdi ki, bu cür qanun pozuntularını gizlətmək artıq mümkün deyil. Pilotsuz uçuş aparatları, müşahidə kameraları və digər texniki vasitələr vasitəsilə yanğınların səbəbi və onları törədən şəxslər qısa müddətdə müəyyən edilir. Ona görə də fermerlər qısa müddətli rahatlıq naminə həm torpaqlarını korlamamalı, həm də özlərini hüquqi məsuliyyət riski ilə üz-üzə qoymamalıdırlar”, – deyə Xəzər Teyyublu vurğulayıb.
E.Məmmədəliyev,
Musavat.com

