Mövsümə baxmayaraq, Azərbaycanda meyvə və tərəvəz qiymətlərində azalma hələ də müşahidə edilmir. Bunun əsas səbəblərindən biri kimi mövsüm ərzində hökm sürən qeyri-sabit hava şəraiti göstərilir. Əlverişsiz hava kənd təsərrüfatı məhsullarının istehsalına təsir göstərdiyindən, bazarda qiymətlərin gözlənildiyi kimi aşağı düşmədiyi müşahidə edilir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, kənd təsərrüfatı məhsullarının istehsalında məhsuldarlığı müəyyən edən əsas amillərdən biri hava şəraitidir. Bu il də hava qeyri-sabit və yağıntılı keçib. Komitə sədrinin müavini bildirib ki, yay mövsümü olmasına baxmayaraq bu gün bazarlarda meyvə və tərəvəzin qiymətlərinin yüksək qalmasının əsas səbəbi də məhz təklifin azalmasıdır.

İqtisadçı Vüsalə Əhmədova meyvə-tərəvəzin baha olmasını hər dəfə qeyri-sabit hava şəraiti ilə əlaqələndirilməsini doğru hesab etmir. O, Musavat.com-a şərhində deyib ki, burada ciddi paradoks var: “İstehlakçı mövsüm boyu münasib qiymətə məhsul tapa bilmir, fermer isə məhsulunu sata bilmir. Fermerlərin məhsullarını məhv etdiyi bir vaxtda istehlakçının həmin məhsulu baha alması bazarın normal işləmədiyinə dair çox ciddi siqnaldır.
Bu şəraitdə “məhsul azdır” tezisi özünü doğrultmur. Əslində, problem çox vaxt məhsulun fiziki çatışmazlığında yox, onun bazara çatdırılması və dəyər zəncirinin quruluşundadır. Tarlada məhsul boldur, şəhər bazarında isə əlçatan deyil. Aradakı fermer, yığım, çeşidləmə, qablaşdırma, anbar, soyuducu, topdansatış, logistika, pərakəndə satış şəbəkələri kimi mərhələlər istehlakçıya məhsulun baha çatmasına və bəzən də çatmamasına səbəb olur. Ən ciddi səbəb də qiymətin istehsal xərcini qarşılamamasıdır.
Məsələn, fermer məhsulu toplamaq üçün fəhlə pulu, yeşik və qablaşdırma, nəqliyyat, yanacaq, çeşidləmə, bazar və ya topdansatış xərcləri ödəməlidir. Əgər məhsulu satmaqdan əldə ediləcək əlavə gəlir bu xərclərdən aşağıdırsa, məhsulu tarlada saxlamaq və ya məhv etmək iqtisadi baxımdan daha “rasional” qərara çevrilir. Dəyər zəncirində həddindən artıq marja, vasitəçi çoxluğu, informasiya qeyri-bərabərliyi və bazar gücünün konsentrasiyası olduqca fermerlə istehlakçı arasındakı qiymət fərqi yüksək olaraq qalacaq.
Burada tənzimləyici orqanların həll etməli olduğu əsas məsələ “qeyri-sabit hava şəraitinə görə bazarda bahalıqdır” yox, “fermerdən istehlakçıya qədər qiymət hansı mərhələlərdə və nə qədər artır” sualı olmalıdır. Əlverişsiz hava şəraitinin məhsuldarlığa təsiri real amildir. Ancaq hər qiymət artımını hava ilə izah etmək iqtisadi baxımdan yetərli deyil. Dəyər zəncirində fermer ən zəif həlqədir. Fermer qiyməti müəyyən etmir, məhsulunu uzun müddət saxlaya bilmir, böyük alıcı qarşısında bazarlıq gücü zəifdir, alternativ alıcı tapmaq üçün kifayət qədər informasiyaya malik deyil, məhsulu emal edə bilmir, ixrac imkanına birbaşa çıxışı məhduddur. Bu səbəbdən səlahiyyətli şəxslər logistika, soyuducu anbarların çatışmazlığı, emal sənayesinin zəifliyi, ixrac kanallarının məhdudluğu, müqaviləli istehsalın azlığı və topdansatış bazarının strukturu kimi məsələləri ciddi araşdırmalıdır. İstehsal olunan məhsulun düzgün vaxtda, düzgün qiymətlə və düzgün kanalla istehlakçıya çatdırılması həllini tapmalıdır”.
İqtisadçının fikrincə, fermerin məhsulunu satması üçün alternativ satış kanalları olmalıdır: “Bu, sadəcə, mövsümi problem deyil, kənd təsərrüfatı bazarının institusional problemidir. Yayın sonu üçün gözlənti nədir sualına gəlincə, avqustda müəyyən ucuzlaşma ehtimalı var. Mövsümi məhsulların bazara kütləvi çıxışı davam edərsə, xüsusilə pomidor, xiyar, bibər, badımcan, kartof, bostan məhsulları və bəzi meyvələrdə qiymət aşağı enə bilər. Həmçinin, sentyabra doğru erkən payız məhsullarının, məsələn, üzüm, alma, bəzi tərəvəzlərin bazara daha çox daxil olması müəyyən məhsullarda qiymətləri bir qədər də aşağı sala bilər”.
Nigar Həsənli,
Musavat.com

