Okeanlar tarixdə ilk dəfədir ki, bu qədər qızıb və proses ən gözlənilməz şəkildə sürətlənib. Avropa meşə yanğınlarının cəngində yanır, çaylar quruyur, su ehtiyatları tükənir. Alimlər isə ard-arda rekordların qırıldığı bir dövrün başlanmasından danışırlar.
Bütün bunlar fantastik filmlərin ssenarisi deyil – dünyanın bu gün yaşadığı reallıqdır. Proseslərin növbəti ünvanlarından biri Azərbaycan ola bilərmi?
Son illər ölkəmizdə də rekord isti günlərin sayı artır, quraqlıq dövrləri uzanır, su ehtiyatları ilə bağlı narahatlıq daha çox səslənir. Kür və Araz çaylarında suyun azalması, kənd təsərrüfatında su çatışmazlığı, Xəzər dənizinin səviyyəsindəki dəyişikliklər artıq ayrı-ayrı hadisələr deyil. Bunlar qlobal iqlim dəyişikliyinin Azərbaycana göndərdiyi ilk xəbərdarlıq siqnalları kimi qiymətləndirilir.
Musavat.com xəbər verir ki, bu mənzərə fonunda Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyi Xidmətinin açıqladığı son hesabat narahatlığı daha da artırır. Məlumata görə, qütb bölgələrindən kənarda dünya okeanlarının səthinin orta temperaturu iyul ayında 20,96 dərəcə Selsi olub. Bu, müşahidələr tarixində iyul ayı üçün qeydə alınan ən yüksək göstəricidir. Eyni zamanda, 2026-cı ilin iyul ayı qlobal miqyasda tarixdə ikinci ən isti iyul kimi qeydə alınıb.
İlk baxışda dəniz suyunun bir neçə onluq dərəcə istiləşməsi ciddi görünməyə bilər. Amma alimlər xəbərdarlıq edirlər ki, məhz okeanlar Yer kürəsinin iqlim sisteminin əsas “soyuducusu” rolunu oynayır. Onlar atmosferdə toplanan artıq istiliyin böyük hissəsini özünə çəkir. Lakin okeanların da dözümlülük həddi var.
Su qızdıqca genişlənir və bu, dəniz səviyyəsinin yüksəlməsinə səbəb olur. Daha isti okeanlar atmosferə daha çox istilik və rütubət ötürür, nəticədə qasırğalar güclənir, leysanlar artır, ekstremal hava hadisələri daha dağıdıcı xarakter alır. Planetin iqlim tarazlığı məhz bu nöqtədə pozulmağa başlayır. Qərbi Avropa artıq bu dəyişikliklərin acı nəticələrini yaşayır.
Fransa, İspaniya, Portuqaliya, Almaniyanın bəzi bölgələri və Böyük Britaniya ardıcıl istilik dalğaları ilə üz-üzə qalıb. Torpaq quruyub, yağıntı kəskin azalıb, Sena, Reyn və Dunay kimi nəhəng çaylarda suyun səviyyəsi təhlükəli həddə enib. Quraqlıq kənd təsərrüfatını, içməli su təminatını, çay nəqliyyatını və enerji istehsalını ciddi sınaq qarşısında qoyub.
Eyni zamanda, Avropada son illərin ən böyük meşə yanğınları qeydə alınıb. Alimlər bildirirlər ki, isti və quru hava yanğınların həm sayını, həm də yayılma sürətini artırır. Daha təhlükəlisi isə odur ki, əvvəllər əsasən Cənubi Avropaya xas olan bu yanğınlar artıq daha şimal ölkələrinə doğru yayılır.
Mütəxəssislər rekord istilərin əsas səbəblərindən biri kimi Sakit okeanda güclənən El-Ninyo hadisəsini göstərirlər. Bu təbii iqlim prosesi qlobal istiləşmə ilə üst-üstə düşdükdə temperatur rekordlarının qırılması ehtimalı daha da artır.
Bu gün Yer kürəsinin orta temperaturu sənaye inqilabından əvvəlki dövrlə müqayisədə təxminən 1,4 dərəcə yüksəkdir. Rəqəm kiçik görünə bilər, amma söhbət bütün planetin orta temperaturundan gedir. Bu qədər artım belə iqlim sistemində zəncirvari dəyişikliklər yaradır.
Bəziləri düşünə bilər ki, okeanların istiləşməsi və ya Atlantikdə baş verən proseslərin Azərbaycana aidiyyəti yoxdur. Əslində isə qlobal iqlim sistemi bir-biri ilə sıx bağlıdır. Belə ki, temperaturun artması ölkəmizdə su ehtiyatlarının azalmasına, buxarlanmanın güclənməsinə, kənd təsərrüfatında məhsuldarlığın aşağı düşməsinə, meşə yanğınlarının artmasına və içməli su ilə bağlı problemlərin dərinləşməsinə səbəb ola bilər.
Kür və Araz hövzəsində suyun azalması fermerlər üçün daha böyük çətinliklər yarada, ərzaq istehsalına təsir göstərə bilər. Xəzər dənizində baş verən dəyişikliklər isə sahilyanı ərazilər, liman infrastrukturu və balıqçılıq sektoru üçün əlavə risklər yaradır.
Əgər isti dalğaları daha uzun sürərsə, şəhərlərdə elektrik enerjisinə tələbat artacaq, səhiyyə sistemi, xüsusilə yaşlılar və xroniki xəstələr üçün risklər yüksələcək.
Alimlər iqlim dəyişikliyindən danışarkən artıq ən qorxulu ifadəni – “yeni norma”nı işlətməyə başlayıblar. Bu o deməkdir ki, bir vaxtlar “rekord” sayılan istilər gələcəkdə adi hala çevrilə bilər. Yəni problem təkcə bir yay mövsümü deyil. Problem odur ki, dünya tamamilə fərqli iqlim dövrünə daxil olur.
Belə şəraitdə su ehtiyatlarının qorunması, müasir suvarma sistemlərinin qurulması, şəhərlərin istiliyə uyğun planlaşdırılması, meşələrin mühafizəsi və iqlimə davamlı kənd təsərrüfatının inkişafı artıq gələcəyin planı deyil, bu günün zərurətidir. Azərbaycan bu yeni reallığa nə dərəcədə hazırdır?
Aydındır ki, heç kim bu gündən 2027-ci ilin yayının Azərbaycanda necə keçəcəyini dəqiq proqnozlaşdıra bilməz. Mövsümi proqnozlar ehtimalları göstərir, konkret hava şəraitini yox. Amma hazırkı iqlim tendensiyalarına və qlobal modellərə əsasən 2027-ci ilin yayı normadan daha isti ola bilər. Qlobal istiləşmə fonunda 2027-ci ilin dünyanın ən isti illərindən biri olmaq ehtimalı yüksək qiymətləndirilir və güclü El-Ninyo bunun təsirini artıra bilər. Azərbaycanda, xüsusilə Aran bölgəsində, Bakı-Abşeronda və Naxçıvanda uzunmüddətli isti dalğalarının daha tez-tez və daha uzun sürməsi ehtimalı var.
Yağıntının azalması və quraqlıq riski arta bilər. Bu isə su ehtiyatlarına və kənd təsərrüfatına əlavə təzyiq yarada bilər. Elektrik enerjisinə tələbat, xüsusilə kondisionerlərdən istifadəyə görə, daha da arta bilər. Meşə və otlaq yanğınları üçün əlverişli şəraitin yaranması ehtimalı yüksələ bilər. 2027-ci ilin yayının Azərbaycanda son 30–40 ilin orta göstəricilərindən daha isti keçməsi ehtimalı yüksəkdir, lakin bunun nə qədər ekstremal olacağını indidən dəqiq söyləmək mümkün deyil.
E.Məmmədəliyev,
Musavat.com

