Braziliyada keçirilən futbol matçında qol sevinci gözlənilməz və komik hadisə ilə yadda qalıb.
ARANTV.AZ xəbər verir ki, “Coritiba”nın futbolçusu Jacy “Chapecoense” ilə qarşılaşmada topu rəqib qapısından keçirib və qolunu qeyd etmək üçün azarkeşlərə tərəf qaçıb.
Futbolçu reklam lövhələrinin üzərindən tullanarkən onların arxasında yerləşən tunelin girişini görməyib və ora düşüb. Hadisə stadionda olan azarkeşlər arasında böyük təəccüb yaradıb.
Ancaq Jacy üçün uğursuzluq bununla da bitməyib. VAR yoxlamasından sonra epizodda ofsayd qeydə alınıb və böyük coşqu ilə qeyd etdiyi qol ləğv edilib.
Tunelə düşərkən ayağından zədə alan futbolçu əvvəlcə oyunu davam etdirsə də, sonradan ağrılarının artması səbəbindən meydanı tərk etməli olub.
Maraqlıdır ki, eyni stadionda 2014-cü ildə də oxşar hadisə baş vermişdi. Həmin vaxt “Coritiba”nın başqa bir futbolçusu qol sevincini qeyd edərkən eyni tunelə düşmüşdü.
Qarşılaşma “Coritiba”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
