Bir gecə “Semaşko”da: Uşaqların ağrısı, anaların isə… – REPORTAJ

Bir gecə “Semaşko”da: Uşaqların ağrısı, anaların isə… – REPORTAJ

Yaxınımın qəfil pisləşən səhhəti ilə bağlı təcili tibbi yardım maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzin – insanların daha çox “Semaşko” kimi tanıdığı xəstəxananın – təcili yardım şöbəsinə yollandıq. Bəzən xəstəxanaya yalnız xəstə kimi gedirsən, bəzən isə orada gördüklərin səni öz dərdindən ayırıb başqalarının ağrısına şahid edir. “Semaşko”da keçirdiyimiz həmin gecə də belə oldu. Xəstəxananın həyətində gecə ilə gündüz arasında heç bir fərq yox idi. Saat təxminən gecə 1 idi, amma həyət insanlarla dolu idi. Bir tərəfdə xəstəsini gözləyənlər, digər tərəfdə təcili yardım maşınları, tələsik addımlayan həkim və tibb işçiləri…

Attachment

Yenicə çatmışdıq ki, təcili yardımla ağır vəziyyətdə bir uşaq gətirildi. Özünü yuxarı mərtəbədən atmışdı. Ananın harayı bir anda bütün xəstəxananı başına götürdü. Dedilər, uşaq otluğun üzərinə düşsə də, bədənində salamat yer qalmayıb. Cəmi 10 yaşı vardı…
Həmin an xəstəxananın həyətində sanki hamı susdu. Bir neçə dəqiqə əvvəl öz dərdini düşünən insanlar indi həmin uşağın aqibəti üçün narahat idi. Kimsə dua etməyə başladı, kimsə “Allah kömək olsun” dedi.

İnsan belə məqamlarda öz dərdini bir anlıq unudur. Hətta xəstəxanaya hansı şikayətlə gəldiyini belə düşünmək istəmirsən. Qarşında həyatla ölüm arasında qalan bir uşaq varsa, yalnız onun sağ qalmasını arzulayırsan. Amma gecə hələ çox uzun idi…

Növbəmizi gözlədiyimiz vaxt bu dəfə cinayət nəticəsində yaralanmış bir oğlan gətirildi. Evində ona hücum etmişdilər. Yaxınları təşviş içində idi. Anası oğlunun sağ çıxacağına ümid edirdi. Polis əməkdaşlarının isə onun vəziyyətinin çox ağır olduğunu, yaxınlarının hər şeyə hazır olmalarının lazım gəldiyini bildirdiklərini eşitdik. Bir qədər aralıda isə dərman qəbul etdikdən sonra şok vəziyyətinə düşən qadının yaxınları həkimə çatmağa çalışırdı. Hər kəsin öz dərdi, öz qorxusu, öz ümidi vardı. Bir qədər sonra bizə lazım olan uşaq cərrahiyyəsi şöbəsinə getmək üçün yönləndirildik. Burada isə başqa mənzərə ilə qarşılaşdıq.

Uşaqlar… Birinin əli qan içində idi. Qapının şüşəsi sınıb əlinin üstünə düşmüşdü. Uşaq qanayan əlini həkimə uzadıb müayinə olunmağı gözləyirdi.
Başqa bir uşağın ayağı qan içində idi. Amma o, əlində telefon, sakitcə oyun oynayırdı. Sanki telefon ağrını unutmağın bir yoluna çevrilmişdi. Bəlkə də ağrını həqiqətən unutmuşdu, bəlkə də sadəcə fikrini başqa yerə yönəltməyə çalışırdı.

Attachment

Uşaqların ağrısını izlədikcə adamın içindən bircə fikir keçir: Kaş dünyada heç bir uşağın canı ağrımasın. Kaş heç bir uşaq xəstəxana qapısında dayanmasın, iynədən, əməliyyatdan, ağrıdan qorxmasın… Onlar o qədər məsum görünürlər ki, bir anlıq istəyirsən həmin ağrını onların əlindən alıb özün daşıyasan.

Birinci mərtəbədə xəstələr lazımi müayinələrdən keçirilirdi. KT, USM, qan analizləri və digər müayinələr… Daha sonra cərrahlar nəticələri dəyərləndirir, xəstənin vəziyyətinə uyğun qərar verirdilər. Nəhayət, ikinci mərtəbəyə – uşaq cərrahiyyəsi şöbəsinə qalxdıq.
Burada artıq vəziyyət tamam başqa idi. Cərrahi müdaxilə ediləcək uşaqlar, əməliyyata hazırlanan xəstələr, dəhlizdə övladının əməliyyatdan çıxmasını gözləyən valideynlər… Gərginlik hiss olunurdu. Bir ananın gözləri xüsusilə diqqətimizi çəkdi. Övladı əməliyyatda idi. Ana göz yaşlarını saxlaya bilmirdi. Bir neçə dəqiqədən bir tibb bacılarının yanına yaxınlaşırdı: – Nə gec çıxırlar? Bəlkə nəsə olub? Yanına buraxarsınız?
Onu sakitləşdirmək mümkün deyildi. 9 yaşlı oğlu əməliyyat olunurdu. Öd kisəsi çıxarılacaqdı. Ana ilə söhbətləşirik. “Nədən olub?” – deyə soruşuruq.

Cavabı özü də böyük peşmanlıqla verir: – Duzu çox yeyirdi. Nə yeyirdisə, duzsuz olmurdu. Axır nəticəsi də belə oldu. O qədər peşmanam ki…
Bu sözlərdən sonra susur. Bəzən bir ananın peşmanlığını ifadə etmək üçün uzun cümlələrə ehtiyac olmur. Bir qədər aralıda başqa bir ana dayanmışdı. Ağlaya-ağlaya dua edirdi. Əllərini Allaha açıb övladının əməliyyatdan sağ-salamat çıxmasını gözləyirdi.

Burada diqqətimizi çəkən məqamlardan biri də appendisit – xalq arasında “kor bağırsaq” adlandırılan xəstəlik səbəbilə əməliyyat olunan uşaqların sayının çoxluğu oldu. Həkimdən bunun səbəbini soruşduqda konkret bir səbəbin olmadığını bildirdi. Valideynlərin “Bəs əvvəl müayinədə heç nə çıxmamışdı, necə oldu?” sualına isə həkimlərdən biri belə cavab verdi: – Kəskin appendisit dinamik prosesdir. Əvvəlki görüntüləmənin normal olması sonradan yaranan appendisiti istisna etmir.

Attachment

Bu cümlə əslində xəstəxanada gördüyümüz mənzərənin də bir hissəsini izah edirdi: bəzən vəziyyət bir neçə saatın içində dəyişə bilir. Bir qədər əvvəl evində olan uşaq gecənin bir yarısı əməliyyat masasına düşə bilir. Bu arada uşağı əməliyyat olunan bir ananın atası ilə telefon danışığına istər-istəməz qulaq şahidi olduq. – Qızım, narahat olma. Semaşkoda həmişə peşəkar həkimlər olub. Özəl klinikalardakı şərait olmasa da, narahat olma…
Bu cümlə həmin gecə eşitdiyimiz ən sadə, amma ən mənalı fikirlərdən biri idi. Çünki doğrudan da, uşaq cərrahiyyəsində gördüyümüz ümumi vəziyyət heç də bəzilərinin təsəvvür etdiyi kimi deyildi. Otaqlar təmiz və təmirli idi.

Xəstələr də təmizliyə yaxşı riayət olunduğunu deyirdilər. Bildirdilər ki, gün ərzində iki dəfə – səhər və axşam təmizlik aparılır. Xəstələrə gündə üç dəfə qida verilir. Əməliyyatlar icbari tibbi sığorta hesabına həyata keçirilir. Otaqların hər birində sanitar qovşaq var. Əlbəttə, çatışmazlıqlar da yox deyil. Bütün otaqlarda isti suyun olması yaxşı olardı. Kondisionerlər var, bəzi otaqlarda zəif işləsə də, isti yay günlərində onların olması özü müsbət məqamdır. Yalnız bir məsələ təəccüb doğurdu: xəstəxanada Wi-Fi yox idi.

Amma bizim üçün həmin gecənin ən maraqlı hissələrindən biri həkimlərlə söhbət oldu. Musavat.com əməkdaşı olduğumuzu biləndə, sanki uzun müddət ürəklərində yığılıb qalan sözləri demək üçün fürsət yaranmışdı. Əsas narazılıqları isə həkimlərə münasibətlə bağlı idi. Həkimlərdən biri deyir:

– Bilirsiniz, bəzən elə insanlarla qarşılaşırıq ki, öz işimizə belə heyfimiz gəlir. Əksər hallarda bizə başqa klinikalarda normal müalicə görməyən xəstələr müraciət edir. Müalicə edirik, əlimizdən gələni edirik, amma yenə də qədrimiz bilinmir. Digər həkim isə başına gələn konkret bir hadisəni danışır:

– Yaxınlarda 15 yaşlı bir yeniyetmə xəstə gəlmişdi. Əllə müayinə zamanı aşağı nahiyəsində kistaya bənzər bir şey hiss etdim. Dedim ki, təcili rentgen müayinəsi aparılmalıdır. Anası isə etiraz etdi: “Yox, heç nəyi yoxdur. Yalandan əməliyyat etmək istəyirsiniz”.

Müayinələrə göndərdim. Özüm də işin ardınca getdim. Axırda anası zəng edib dedi ki, “Bizimlə maraqlanmırlar”.

Həkim sözünə davam edir: – Bu klinikada başqa həkimlərin yanlış müalicəsindən sonra gələn, yenidən müalicə etdiyimiz o qədər xəstə olub ki… Amma bütün bunları danışanda yenə də sanki əleyhimizə danışmış oluruq. Başqa bir həkim isə pasiyentlərin əməliyyat qərarına münasibətindən gileylənir: – Əsasən pasiyentlər əməliyyat etdirməkdən yayınırlar. Deyirsən ki, təcili əməliyyat olunmalıdır, deyir: “Yox, başqa həkimə gedəcəyəm”. Bəzən adamın həyatı təhlükədə olur, amma yenə də höcətləşir.

Semaşko"nun 6 şöbəsi bağlandı - COVID-19 tədbiri

Həkimin bu fikrinə qarşı mən də sual verirəm: – Amma bu fikrin yaranmasının səbəbi bəzi həkimlərin əməliyyat göstərişi olmadığı halda belə əməliyyat təyin etməsi deyilmi? Halbuki cüzi müalicə ilə sağala bilən xəstələr də var. İnsanların həkimlərə güvəninin azalmasının səbəblərindən biri də budur.

Həkim isə cavabında belə deyir:– O, bizim xəstəxanaya aid məsələ deyil. Biz əməliyyatları kvota ilə etmirik. Bəlkə özəl klinikalarda belə hallar ola bilər, amma bizə aid deyil.
Əlbəttə, həkimlərin gileyində müəyyən həqiqət payı var. Çünki xəstəxanada saatlarla dayananda, bir-birinin ardınca ağır vəziyyətdə gətirilən xəstələri görəndə, uşaqların ağrısına, valideynlərin göz yaşına şahid olanda bir həqiqəti daha aydın anlayırsan: həkimlik sadəcə diplomla, stetoskopla, ağ xalatla ölçülən peşə deyil. Gecənin bir yarısı hamı evində, isti yatağında olarkən bir həkim əməliyyat otağında uşağın həyatını xilas etməyə çalışır. Bir ana dəhlizdə göz yaşları içində övladının əməliyyatdan çıxmasını gözləyir. Həkim isə həmin anda onun üçün bəlkə də gecənin üçüncü, dördüncü, beşinci əməliyyatını həyata keçirir. Bütün bunları gördükdən sonra peşəkar və vicdanlı həkimlərin əməyinə hörmət etməmək mümkün deyil.

Təbii ki, səhv edən, səhlənkarlıq göstərən, peşəsinin adına xələl gətirən həkimlər də varsa, onlar haqqında danışmaq, problemləri göstərmək lazımdır. Xəstə hüququ, tibbi xidmətin keyfiyyəti və həkim məsuliyyəti müzakirə olunmalıdır. Amma digər tərəfdən, bütün həkimləri eyni tərəziyə qoymaq da ədalətli deyil. Bəzən xəstənin həyatını xilas edən həkim səhəri açanda belə adını bilmədiyimiz bir qəhrəman olur.
“Semaşko”da keçirdiyimiz bir gecə bizə təkcə xəstəxananın divarlarını, otaqlarını, dəhlizlərini göstərmədi. Biz burada insanların ən çarəsiz anlarına şahid olduq. Uşaqların ağrısını, anaların göz yaşını, ataların narahatlığını, həkimlərin yorğunluğunu və bəzən də onların incikliyini gördük.

Bəlkə də xəstəxananın ən böyük həqiqəti elə budur: burada hər kəs nəyisə gözləyir. Biri övladının sağalmasını, biri əməliyyatın uğurlu başa çatmasını, biri ağrısının keçməsini, digəri isə həkimin “Hər şey yaxşı olacaq” sözünü… Və bütün bu gözləntilərin ortasında bir qrup insan – həkimlər və tibb işçiləri – gecənin, gündüzün fərqinə varmadan öz işini görür. Onların içində peşəkarı da var, vicdanlısı da, yorulanı da, gileylənəni də… Amma həqiqətən peşəkar olanların isə, bəzən, sözün həqiqi mənasında, sadəcə əllərindən öpmək lazımdır. Çünki insanın ən ağır, ən qorxulu, ən çarəsiz anında onun həyatına toxunmaq və onu yenidən həyata qaytarmağa çalışmaq hər kəsin bacaracağı iş deyil.

Afaq MİRAYİQ,
Fotolar müəllifindir
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir