Azərbaycanda son üç il ərzində tibb və səhiyyə ixtisasları üzrə 38 saxta diplomun aşkarlanması ciddi rezonans doğurub. Söhbət yalnız saxta sənəddən və ya qanunsuz yolla əldə edilmiş diplomdan getmir. Əsas narahatlıq belə sənədlərlə tibb sahəsində fəaliyyət göstərən şəxslərin hələ də olub-olmaması və onların insan sağlamlığına, hətta həyatına yarada biləcəyi risklərlə bağlıdır. Çünki digər peşələrdən fərqli olaraq, həkimlikdə savad və peşəkarlığın olmaması sadəcə iş keyfiyyətinə deyil, birbaşa insan həyatına və sağlamlığına təsir göstərir.
Xatırladaq ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin məlumatına görə, təkcə 2025-ci ilin aprelindən 2026-cı ilin yanvarınadək 30 nəfər tanınma məqsədilə saxta diplom təqdim edib. Bundan başqa, kvalifikasiyasının tanınmasından imtina edilən 50 nəfərin müxtəlif yollarla saxta tanınma şəhadətnamələri əldə etdiyi müəyyənləşdirilib. Daha əvvəlki dövrdə də saxta diplom və tanınma şəhadətnamələri ilə bağlı faktların aşkarlanması problemin təsadüfi deyil, sistemli xarakter daşıya biləcəyinə dair suallar yaradıb.
Bəs səhiyyə müəssisələrində çalışan həkimlərin diplomlarının və ixtisaslarının həqiqiliyinə nə dərəcədə ciddi nəzarət olunur? Xaricdə alınmış diplomun tanınması prosesində saxtakarlıq necə mümkün olur? Burada sistemdə boşluqlar varmı? 38 saxta tibb diplomu aşkarlanıbsa, cəmiyyətin bilmədiyi daha çox belə faktların olması ehtimalı nə qədər realdır?

Mövzu ilə bağlı Bakı Ağrı Klinikasının baş həkimi, invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov Musavat.com-a danışıb:
“Bəli, belə hallarla biz ara-sıra rastlaşırıq. Həm mətbuat vasitəsilə, həm də fərdi söhbətlər zamanı bu cür hallarla bağlı məlumatlar əldə edirik. Təəssüf ki, bu hallar hələ də az-az da olsa davam etməkdədir.
Ümumiyyətlə, qeyd edim ki, bu istiqamətdə kifayət qədər ciddi işlər aparılır. Bildiyimə görə, həm Səhiyyə Nazirliyi və onun aidiyyəti qurumları tərəfindən, həm də Səhiyyə Nazirliyi ilə hüquq-mühafizə orqanlarının əməkdaşlığı çərçivəsində bu kimi neqativ halların aşkarlanması, aradan qaldırılması və eyni zamanda onların baş verməsinin qarşısının alınması istiqamətində kifayət qədər iş görülür”.
Mütəxəssisin sözlərinə görə səhiyyə sahəsində tətbiq olunan müxtəlif mexanizmlər gələcəkdə bu kimi halların qarşısının alınmasına və qanunsuz fəaliyyətin daha tez aşkarlanmasına imkan verə bilər:
“Səhiyyə sahəsində hazırda fəaliyyət göstərən rezidentura sistemi, o cümlədən həkimlərin sertifikasiyası və bu günlərdə artıq yekunlaşmış, tətbiqinin isə qısa müddət ərzində böyük ehtimalla həyata keçiriləcəyi akkreditasiya sisteminin mövcudluğu, düşünürəm ki, yaxın gələcəkdə bu kimi halların baş verməsinə imkan verməyəcək. Eyni zamanda, belə halların vaxtında aşkarlanmasına və bununla bağlı müvafiq tədbirlərin görülməsinə daha geniş imkan yaradacaq.
Amma bununla yanaşı, belə hallar mümkündür və mövcuddur. Dünyanın ayrı-ayrı ölkələrində də bununla bağlı nümunələrə rast gəlirik. Bəzən insanlar ümumiyyətlə səhiyyə və tibb sahəsinə aid olmayan şəkildə, özbaşına haradasa bir tibbi fəaliyyət sahəsi yaradır və orada fəaliyyət göstərməyə, belə dırnaq içində desək, “şəfa verməyə” başlayırlar.
Əlbəttə ki, belə hallar artıq birbaşa Səhiyyə Nazirliyinin kompetensiyasından kənara çıxan situasiyadır. Çünki burada söhbət müəyyən edilmiş səhiyyə sistemindən kənarda, şəxsin özbaşına hansısa tibbi fəaliyyətlə məşğul olmasından gedir. Ona görə də belə halların qarşısının alınması üçün ilk növbədə həmin fəaliyyət barədə aidiyyəti qurumların məlumatlandırılması vacibdir.
Əgər bu barədə məlumatlar müvafiq instansiyalara daxil olursa – istər səhiyyə qurumlarına, istər Səhiyyənin Təhlil və Ekspertiza Mərkəzinə, istərsə də digər hüquq-mühafizə orqanlarına – düşünürəm ki, vaxtında lazımi tədbirlər görüləcək.
Hesab edirəm ki, yaxın gələcəkdə cəmiyyətin və ictimaiyyətin də birgə dəstəyi ilə bu məsələlərin aradan qaldırılmasına nail olmaq mümkün olacaq. Burada həm dövlət qurumlarının həyata keçirdiyi nəzarət və tənzimləmə mexanizmləri, həm də vətəndaşların belə hallarla qarşılaşdıqda vaxtında məlumat verməsi mühüm rol oynayır”.
Xalidə Gəray
Musavat.com

