Apteklərdə qiymətlər artdı, dövriyyədə rekord HƏDD: Nə baş verir?

Apteklərdə qiymətlər artdı, dövriyyədə rekord HƏDD: Nə baş verir?

2026-cı ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində (apteklərdə) 1 milyard 80 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

Musavat.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2025-ci ilin yanvar-iyul aylarına nisbətən 23.8% artıb. Bu ilin 7 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2.8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlarının alınmasına sərf olunub. Əczaçılıq məhsullarına xərclərin bir il ərzində bu qədər artması əhalinin dərmanlara tələbatının yüksəldiyini, qiymət artımlarının satış dövriyyəsinə təsir etdiyini, yoxsa hər iki amilin paralel şəkildə rol oynadığını gündəmə gətirir. Bəs bu artımın əsas səbəbi nədir və əhalinin dərman xərcləri qarşıdakı dövrdə necə dəyişə bilər?

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Burada hər iki amilin də təsiri var, həm qiymət artımı, həm də əhalinin tələbatının yüksəlməsi prosesə birbaşa təsir göstərir. Tarixə nəzər salsaq, Tarif Şurasının davamlı olaraq qiymətlərin yuxarı həddini yenidən müəyyənləşdirməsi ilə bağlı qərarlarını görürük ki, bu da dərman preparatlarının qiymətlərinin davamlı şəkildə artırılması deməkdir. Düzdür, Tarif Şurası təxminən 15 minə yaxın adda dərmanın qiymətini tənzimləyir, ondan yuxarısına isə müdaxilə etmir, lakin ümumilikdə apteklərdə dərman qiymətləri artmaqda davam edir”.

Dollar və avro bahalaşdı: Manatı nələr gözləyir? - VACİB AÇIQLAMA | KONKRET
Ekspert əlavə edib ki, əhalinin tələbatının yüksəlməsi də bir neçə aspektdən qaynaqlanır:

“Bura həm gəlirlərin artması, həm də xüsusilə icbari tibbi sığortanın tətbiqi daxildir. İcbari tibbi sığorta vətəndaşların tibbi xidmətlərə əlçatanlığını əhəmiyyətli dərəcədə artırıb ki, bu da təbii olaraq tələbatı stimullaşdırıb. Bunlarla yanaşı, dövriyyənin daha çox görünməsində və proseslərin leqallaşmasında şəffaflaşma amilinin də böyük rolu var.

Bu amillərdən hansının bazara daha çox təsir etdiyini dəqiq müəyyənləşdirmək üçün dərin bir analizə ehtiyac var. Bunun üçün bütün dərmanların orta qiyməti çıxarılmalı, ötən illə müqayisə edilməli, istehlakın həcmi və şəffaflaşmanın təsiri ayrı-ayrılıqda araşdırılmalıdır. Lakin mövcud mənzərə bütün bu faktorların müştərək nəticəsidir. Gələcəkdə də artım tempinin davam edəcəyi gözlənilir, yəni əhalinin tibbi xidmətlərə və dərmanlara çəkdiyi xərclər artan xətlə gedəcək. Sadəcə bu artım tempinin kəskin olacağı, məsələn, gələn il yenidən 25% civarında artacağı gözlənilmir. Yekun olaraq, əhalinin sayının artması, qocalma tendensiyası (yaşlı əhalinin payının çoxalması), xidmətlərə əlçatanlığın yüksəlməsi və qiymətlərin durmadan bahalaşması kimi faktorlar birgə təsir göstərərək pərakəndə ticarət dövriyyəsini böyütməkdə davam edəcək”.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir