Şənbə və bazar günləri Günəşdə güclü partlayışların baş verəcəyi gözlənilir.
ARANTV.AZ xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutu xəbərdarlıq edib.
Alimlərin proqnozlarına görə, avqustun 15-i və 16-da Günəşdə aktivlik əsasən aşağı səviyyədə qalacaq. Bununla belə, gücünə görə ikinci ən yüksək sinif hesab olunan M sinifli partlayışların baş verməsi ehtimal edilir.
Mütəxəssislər bildiriblər ki, radiasiya şəraiti dəyişməyəcək. Lakin sutka ərzində qısadalğalı radio rabitəsində vəziyyətin pisləşməsi mümkündür.
Qeyd edək ki, iyul ayında Günəş sutka ərzində baş verən partlayışların sayına görə son iki ilin rekordunu yeniləyib. Həmin vaxt Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası C sinfi və daha güclü 24 partlayış qeydə alıb.
Qeyd edək ki, həkimlər maqnit qasırğaları zamanı həyat tərzinə xüsusi diqqət yetirmək tövsiyə edirlər. Ağır fiziki yüklənmədən çəkinmək, intensiv idmanı sakit tempdə gəzinti ilə əvəz etmək məsləhət görülür. Həmçinin həddindən artıq yeməkdən və orqanizmi yükləməkdən uzaq durmağın, qida rasionunu mümkün qədər müxtəlif saxlamağın və daha çox istirahət etməyin vacib olduğu bildirilir.
Ləman

