“Müharibə bitib, amma torpağın altında davam edir” – Qarabağın görünməyən təhlükəsi

“Müharibə bitib, amma torpağın altında davam edir” – Qarabağın görünməyən təhlükəsi

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təhlükəsi hələ də insan həyatı üçün ən ciddi təhdidlərdən biri olaraq qalır. 2020-ci ildən bu yana ölkə ərazisində mina partlayışları nəticəsində zərərçəkənlərin sayı artıq 436 nəfərə çatıb. Onlardan 73-ü həyatını itirib, 363-ü isə ən müxtəlif bədən xəsarətləri alınlar.

Azərbaycan ərazilərinin uzun illər işğal altında qalması və genişmiqyaslı minalanması bu problemin miqyasını daha da ağırlaşdırır. Ən böyük problem isə Ermənistanın keçmişdə Azərbaycan ərazilərinə basdırdığı minaların dəqiq xəritələrini təqdim etməkdən yayınmasıdır. Halbuki belə xəritələrin verilməsi yeni faciələrin qarşısının alınmasına, ərazilərin daha sürətli və təhlükəsiz şəkildə minalardan təmizlənməsinə mühüm töhfə verə bilər.

Picture background

Bu gün Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış prosesi davam edir. İnsanlar öz doğma yurdlarına qayıdır, yeni yaşayış məntəqələri salınır, yollar və infrastruktur qurulur. Lakin torpağın altında gizlənən mina təhlükəsi bu qayıdışın qarşısında ölümcül maneə olaraq qalır.

Ermənistan mina xəritələrini təqdim etməməklə bölgədə davam edən humanitar təhlükənin aradan qaldırılmasını niyə çətinləşdirir? Beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı Ermənistana ciddi təzyiq nə üçün göstərmir?

Milli Məclisin deputatı Azər Badamov Musavat.com-a bunları dedi: “Təəssüf ki, işğaldan azad olunmuş ərazilərdə mina partlayışları davam edir və öz doğma yurdlarına qayıdan mülki insanlar xəsarət alırlar: “Hər bir insanın minaya düşməsi yeni bir ailə faciəsi deməkdir. Çünki ailə üzvünün itirilməsi və ya xəsarət alaraq sağlamlığını itirməsi həmin ailə üçün unudulmaz bir dərd və ağır sınağa çevrilir. Ərazilərimiz altı ildir ki, işğaldan azad olunub. Bu müddət ərzində həmin ərazilərin minalardan təmizlənməsi prosesinə yüz milyonlarla dövlət vəsaiti xərclənib. Lakin kifayət qədər ərazi təmizlənsə də, bütün azad olunmuş torpaqları qısa müddətdə bu prosesə cəlb etmək qeyri-mümkündür. Biz 10 min kvadrat kilometrdən çox ərazinin hər qarışını yoxlamalıyıq. Bu isə o deməkdir ki, müharibə döyüş meydanında başa çatsa da, torpağın altında gizli şəkildə davam edir. Bu, təbii ki, Ermənistanın məsuliyyəti məsələsini bir daha gündəmə gətirir”.

Picture background

Deputat ikinci sualımızı isi bu cür cavabladı: “Ermənistan minalanmış ərazilərlə bağlı dəqiq olmayan xəritələrin bir hissəsini Azərbaycana təqdim edib. Mina təmizləmə işləri bir daha göstərib ki, təqdim olunmuş xəritələrin dəqiqliyi təxminən 20 faizə qədərdir. Bu da işlərin qeyri-müəyyənlik şəraitində davam etdirilməsini zəruri edir. Həmçinin təqdim olunmuş xəritələrin bütün əraziləri əhatə etməməsi yeni təhlükə ocaqlarının meydana çıxmasına səbəb olur. Məsələn, Kəlbəcər dağlarında minaların partlaması işğaldan azad olunmuş ərazilərdə təmizlənməmiş hər qarış torpağın təhlükəli ola biləcəyini göstərir. Bu, həm də davam edən humanitar təhlükənin aradan qaldırılmasını çətinləşdirir. Bu gün Azərbaycanı belə bir təhlükə ilə üz-üzə qoymağın Ermənistanın düşmənçilik siyasətinin nəticəsi olduğunu hesab edirəm. Əgər biz sülh gündəliyindən danışırıqsa və regionda yeni reallıqlar əsasında əməkdaşlıq quraraq münasibətləri formalaşdırmaq istəyiriksə, keçmişdən qalan düşmənçiliklə bağlı məsələlər gündəmdə qalmamalıdır. Bu baxımdan, Ermənistan özündə olan mina xəritələrini bir daha Azərbaycana təqdim etməli və gələcək münasibətlərə xələl gətirə biləcək məsələlər dərhal həll olunmalıdır”.

Picture background

Deputat  onu da diqqətə çatdırdı ki, ərazilərimizin minalanması əsasən Robert Köçəryan və Serj Sərkisyanın Ermənistana rəhbərlik etdiyi illərdə həyata keçirilib:

“Ola bilsin ki, Köçəryan və Sərkisyanın komandasında olan şəxslər minalanmış ərazilərin xəritələrini bilərəkdən aradan çıxarıblar. Lakin bununla yanaşı, indiki reallıqda iki ölkə arasında münasibətlərin normallaşdırılmasından danışırıqsa, bu məsələyə Ermənistanın Baş naziri Nikol Paşinyan aydınlıq gətirməlidir. Əgər mina partlayışları davam edirsə, vətəndaşlarımız xəsarət alırsa, Paşinyan susqunluğunu davam etdirirsə, bu məsələni yenidən sülh gündəliyinə çıxarmaq vacib olacaq. Biz işğaldan azad olunmuş ərazilərdə mina təhlükəsizliyi ilə bağlı məsələni beynəlxalq gündəmdə daha geniş şəkildə qaldırmalıyıq. Beynəlxalq platformalarda bu məsələnin davamlı şəkildə gündəmə gətirilməsi Ermənistanın üzərinə təzyiqin artırılmasına və minalanmış ərazilərin xəritələrinin təqdim edilməsinə nail olunmasına xidmət edə bilər. Mina təhlükəsi yalnız Azərbaycanın deyil, bütün regionun humanitar problemidir. Buna görə də beynəlxalq ictimaiyyət bu məsələyə daha ciddi yanaşmalı, insanların həyatına və sağlamlığına təhlükə yaradan mina probleminin aradan qaldırılması üçün konkret addımların atılmasına çalışmalıdır”.

Cavanşir Abbaslı
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir