Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən basdırılmış minalar səbəbindən dünyanın ən çox çirklənmiş zonalarından birinə çevrilib
44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbədən və regionda yeni reallıqların bərqərar olmasından sonra Azərbaycanın qarşısında duran ən böyük humanitar və təhlükəsizlik çağırışlarından biri minalanmış ərazilər problemidir. Otuz ilə yaxın davam edən işğal dövründə Ermənistan tərəfindən Azərbaycan torpaqlarında basdırılmış 1 milyondan çox mina, bu gün də dinc əhalinin, hərbçilərin və bərpa-quruculuq işlərinə cəlb olunmuş mütəxəssislərin həyatı üçün ciddi təhlükə mənbəyi olaraq qalmaqdadır. Müharibə başa çatsa da, Ermənistanın mina terroru mahiyyətcə davam edir. Azad edilmiş ərazilərdə — Kəlbəcər, Tərtər, Ağdam, Füzuli, Laçın və digər rayonlarda vaxtaşırı baş verən mina partlayışları dinc sakinlərin ölümünə və ya ağır xəsarətlər almasına səbəb olur. İşğaldan azard olunmuş torpaqlarda yalnız hərbi təyinatlı ərazilər deyil, eyni zamanda yaşayış evləri, kənd təsərrüfatı təyinatlı torpaqlar, qəbiristanlıqlar və su mənbələri də minalanıb. Hətta insanların keçdiyi yollarda “tələ-minalar”ın yerləşdirilməsi bu əməllərin məqsədli şəkildə mülki əhaliyə qarşı yönəldildiyini, beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulduğunu nümayiş etdirir.

2020-ci ildən – Vətən müharibəsinin sonundan bəri Azərbaycanda 436 nəfər minaların qurbanı olub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mina partlayışları ilə bağlı “X” sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirilib. Paylaşımda Azərbaycanda son iki gün ərzində iki mina partlaytışının baş verməsi qabardılıb: “Ardıcıl iki gün. İki mina partlayışı. Üç mülki şəxs yaralanıb. Bu faciəli hadisələr münaqişənin ölümcül irsinin insan həyatını təhlükə altında qoymağa, yenidənqurma işlərinə mane olmağa və məcburi köçkünlərin təhlükəsiz qayıdışını əngəlləməyə davam etdiyini acı şəkildə xatırladır”. Xatırladaq ki, avqustun 12-də Xocavənddə, 13-də isə Kəlbəcərdə mina partlayışı baş verib.
Rəsmi məlumatlara görə, işğaldan azad edilmiş ərazilərdə 1,5 milyondan çox mina/PHS vardır. Amma son tədqiqatlar göstərir ki, bu rəqəmlər artır. İşğaldan azad edilmiş ərazilərdə ümumi çirklənmiş ərazi təxminən 11 667 kvadratkilometr təşkil edir. Mina/PHS ilə çirklənən ərazilər 86,6 min kvadratkilometr olan ölkənin ümumi ərazisinin 13,4 faizindən çoxunu təşkil edir. Prezident İlham Əliyev bütün beynəlxalq sammitlərdə, ikitərəfli görüşlərdə və beynəlxalq təşkilatların tribunasında mina problemini ardıcıl olaraq gündəmə gətirir. Dövlət başçısı Ermənistanın mina terrorunu yalnız Azərbaycana qarşı deyil, bütövlükdə bəşəriyyətə və regionun sabitliyinə qarşı törədilmiş cinayət kimi qiymətləndirir. Dövlət başçısının əsas mesajları bunlardır: Mina təhlükəsizliyinin BMT-nin Qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə (17-ci Məqsəd) daxil edilməsi təşəbbüsü, Ermənistan tərəfindən təqdim edilən mina xəritələrinin dəqiqliyinin çox aşağı (yaxın 25 faiz) olması və dəqiq xəritələrin verilməsindən imtina edilməsi, Azərbaycana minalardan təmizlənmə prosesində beynəlxalq maliyyə və texniki dəstəyin yetərli səviyyədə olmaması barədə diqqətin cəlb edilməsi. Ermənistanın dəqiq mina xəritələrini verməkdən yayınması sülh prosesinə və etimadın qurulmasına ciddi zərbə vurur. Buna baxmayaraq, Azərbaycan öz daxili resursları və müasir texnologiyalar vasitəsilə torpaqlarını adım-adım minalardan təmizləyir, Müasir minatəmizləmə texnologiyalarının (dronlar, minatəmizləyən robotlar, xüsusi təlim görmüş itlər) cəlb edilməsi və daxili resursların tam səfərbər olunması sayəsində azad edilmiş ərazilər addım-addım “səssiz ölüm” təhlükəsindən təmizlənir.
Minalardan təmizlənmə prosesinin sürətlənməsi Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsinə, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz dönüşünə və bölgədə genişmiqyaslı bərpa-quruculuq işlərinin sürətlənməsinə zəmin yaradır. Əhali yalnız və yalnız tam təmizlənmiş və təhlükəsizliyi sertifikatlaşdırılmış zonalar üzrə məskunlaşdırılır. Minalardan təmizlənmə işlərinin parallelliklə aparılması sayəsində artıq Qarabağ və Şərqi Zəngəzurda yeni həyat nəfəsi duyulur. “Ağıllı kənd” və “Ağıllı şəhər” konseptləri əsasında yenidən quran bu ərazilər müasir infrastrukturla təmin edilir. Minalardan təmizlənmiş bölgələrə qayıdan əhalinin təhlükəsizliyini maksimum səviyyədə saxlamaq üçün dövlət tərəfindən genişmiqyaslı maarifləndirmə tədbirləri keçirilir. Qayıdan sakinlərin, xüsusən də uşaqların mina riski haqqında məlumatlandırılması, tanımadıqları əşyalara toxunmaması və şübhəli ərazilərdən uzaq durması ilə bağlı mütəmadi təlimlər təşkil olunur.
Beləliklə, Ermənistanın otuz il boyunca basdırdığı “səssiz ölüm” tələləri Azərbaycan xalqının öz torpaqlarına qayıtmaq iradəsini sarsıda bilmədi. Bütün çətinliklərə, resurs tələbinə və Ermənistanın dəqiq xəritələr verməməsinə baxmayaraq, Azərbaycan öz daxili gücü ilə Qarabağı və Şərqi Zəngəzuru minalardan təmizləyir. Minalardan azad edilən hər kvadratmetr torpaq — qurulan yeni bir ev, açılan bir məktəb və yenidən gülən bir uşaq siması deməkdir. Böyük Qayıdış yalnız bir əhalinin köçü deyil, həm də doğma torpaqda təhlükəsiz, dinc və parlaq gələcəyin təminatıdır.
Sevinc Azadi, “İki sahil”

